Milli
memarlığımızın nadir nümunəsi
Dünyada neft Bakısı
kimi tanınan paytaxtımız bu gün beynəlxalq aləmdə həm də qədim abidələr, heykəllər
şəhəri kimi qəbul olunur. Gündən-günə gözəlləşən
Bakıda Şərqlə
Qərb arxitektura ənənələrini özündə
ehtiva edən, yerli memarlıq abidəsi kimi tanınan qədim binalarda, küçə və meydanlarda, park və xiyabanlarda
ziyarətinə minlərlə
insanın gəldiyi
42-dən çox heykəl,
11 büst və 9 abidə, neçə-neçə
barelyef, muzey, ibadət yeri, saray, malikanə, mülk, habelə göydələn var ki, bunlar da
qürur doğurur.
Xəzərin mirvari
boyunbağısı adlandırılan
Dənizkənarı bulvarını,
bu dənizin sahilində Bakının özü qədər
qədim tarixə malik, milli memarlığımızın
nadir nümunəsi hesab edilən Qız qalasını görənlər, xüsusən
də turistlər, səyyahlar, arxitektor və coğrafiyaşünaslar
bu abidəyə heyran qalırlar.
Qız qalası
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu ərazisində
yerləşir. Daşdan
hörülmüş nəhəng
silindr formasında olan bu abidənin
hündürlüyü şimal
tərəfdən 28, cənub
tərəfdən isə
31 metrdir. Təməl
hissədə qala divarlarının qalınlığı
5 metrə, 8-ci mərtəbədən
yuxarıda isə 4 metrə çatır. Qala 8 günbəzdən ibarətdir ki, onlar da qalanı
8 mərtəbəyə bölür.
Hər mərtəbə
yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.
Daşla hörülmüş
bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Belə ki, səkkizinci mərtəbənin
tavanının ortasında
olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin
döşəməsini görmək
mümkündür. Qalaya
yeganə giriş yolu onun qərb
tərəfindən - 2 metr
hündürlükdə və
1 metrdən artıq tağlı qapıdandır.
Qız qalasının
yuxarıdan görünüşü
günəşi və
odu bildirən, Azərbaycanda geniş yayılmış "buta"
işarəsinə oxşayır.
Qız qalası
unikal-konstruktiv quruluşuna
görə nəinki Azərbaycanda, eləcə
də Yaxın Şərqdə analoqu olmayan bir abidədir.
Bu ilin
noyabrında paytaxt Bakı Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə
evsahibliyi edəcək. Həmin günlərdə minlərlə
əcnəbi vətəndaş
şəhərimizdə qonaq
olarkən istirahət
saatlarında Bakının
gəzməli, görməli
yerlərinə baş
çəkəcək. Çox
güman ki, onların ilk görmək istədikləri
Qız qalası olacaq.
Qalanın adı
əfsanələrlə bağlıdır
Buraya ilk dəfə yolu düşən yerli sakinlərdə də, turistlərdə
də çox zaman qalanın adı maraq doğurur. Qalanın adının etimologiyası ilə bağlı mübahisələr
indiyə qədər
səngimək bilmir. Onun ucaldılma tarixi və mahiyyəti yetərincə
müəmmalıdır. Qız
qalasının adının
mənşəyi çoxsaylı
əfsanələrlə bağlıdır.
Bəzi müəlliflərin
fikrincə, qalanın
adı Bakı xanının qızının
adı ilə bağlı olduğu üçün Qız qalası adlandırılmışdır. Belə ki, rəvayətə görə, qardaşı
(bəzi mənbələrdə
hökmdar atası) tərəfindən qalada saxlanılan qız bu əzaba dözməyərək
özünü qalanın
başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Söylənilən
digər əfsanələrdən
biri də qalanın adının şahın aşiq olduğu və evlənmək üçün qala tikdirməyi ona şərt qoyan bir qıza həsr olunmasıdır. Bir çox tədqiqatçı-alimin
fikrincə, bu, gözətçi qalası
və yaxud müdafiə istehkamlarının
bir hissəsidir, digər tədqiqatçilar
onun qədim məbəd, başqaları
isə bir növ rəsədxana olduğunu iddia edirlər. Bu fərziyyələrin hər
biri çoxlu sayda əsaslı dəlillərə söykənir.
Lakin təyinatından
asılı olmayaraq tikilinin misilsiz memarlıq abidəsi olması faktı danılmazdır. Məhz bu səbəbdən Qız qalası dövlətimiz tərəfindən
dünya əhəmiyyətli
abidə kimi mühafizə olunur.
2000-ci ilin dekabrında
Qız qalası İçərişəhər və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına salınıb.
Memarlıq tarixində
Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur
Qalanın tikilmə
vaxtı ilə bağlı bir sıra fərziyyələr
var. Tədqiqatçıların
fikrincə, memarlıq
tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Abidənin yaşının Şumer
dövründən başladığını
iddia edən mütəxəssislər də
var, XII yüzillikdə
tikildiyini sübut etməyə çalışanlar
da. Burada zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu
kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır.
Qız qalasının
cənub-qərb divarında
14 metr hündürlükdə
ərəb dilində
qədim kufi xətti ilə yazılmış daş kitabə yerləşdirilmişdir.
Yazıda "Qülleyi
Məsud ibn Davud" sözləri
həkk olunub. Yazı kalliqrafik xüsusiyyətlərinə görə
XII əsrə aid edilir. Bəzi alimlər burada qalanı ucaldan memarın adının həkk olunduğunu ehtimal edirlər.
Prezident İlham
Əliyevin tapşırığı
ilə qalada bərpa işləri aparılıb
Əsrlər bir-birini
əvəzlədikcə Qız
qalası təbii proseslərin təsiri nəticəsində zədələnərək
ciddi təhlükə
ilə üz-üzə
qalsa da, bu möhtəşəm abidə tarixin bütün sınaqlarına
sinə gərərək
ümumilikdə öz
ilkin görkəmini və struktur quruluşunu qoruyub saxlaya bilib. Ötən əsrin
60-cı illərində aparılan
bərpa işlərindən
sonra həmin abidə muzey kimi fəaliyyət göstərib. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə
gələcək nəsillərə
çatdırılması üçün Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına
əsasən, 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Maddi-mədəni
irsimizə həmişə
diqqət və qayğı göstərən
Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər nəticəsində Qız
qalasının təkrarolunmaz
görkəmi tam bərpa edilmiş, bu bənzərsiz abidə yenidən istifadəyə verilmişdir.
Qala daxilində
muzey-ekspozisiya
Qalanın daxilində
beynəlxalq standartlara
uyğun müasir muzey ekspozisiyası yaradılıb. Konservasiya
prosesi dövründə
abidənin tarixinin və təyinatının
öyrənilməsində mühüm rol oynaya biləcək elmi tədqiqatlar aparılıb. Qaladakı
pilləkən yenisi ilə əvəz edilib.
Qız qalasının
mərtəbələrində xüsusi monitorlarda bu abidənin tarixi, daxili strukturu,
tikintisində məqsəd,
təyinatı və sair məsələlərlə
bağlı fərziyyələr,
əfsanələr və
digər maraqlı faktlar əks olunub. Ekspozisiyadakı stenddə qədim sənətkarlıq məmulatları
barədə məlumat
verilir. Hər bir mərtəbədə
ekspozisiyaya uyğun işıqlandırma sistemi
quraşdırılıb. Burada
Qız qalasının
müdafiə, istehkam,
dini, rəsədxana və digər təyinatı barədə
fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq mümkündür. Monitorlarda
Qız qalasının
təyinatı barədə
film nümayiş etdirilir.
Ekspozisiyada Qız
qalasının özünəməxsus
və bənzərsiz
memarlığı geniş
əksini tapıb. Burada orijinal maket qurulub. Maketin üzərindəki
monitorda qalanın daxili strukturu barədə müfəssəl
məlumat yerləşdirilib.
Köhnə Bakını
əks etdirən monitorda şəhərin iqtisadi, gündəlik həyatı, dini və şəhərsalma
mövzularına geniş
yer ayrılıb. Burada Qız qalası haqqında əfsanələrlə də
tanış olmaq mümkündür. Ekspozisiyanın
növbəti bölməsində
Qız qalasının
müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Stenddə qədim silah nümunələri nümayiş olunur. Monitorlarda İçərişəhərin
hərbi tarixi və burada baş verən döyüşlər əksini
tapıb.
Qalada xüsusilə
uşaqların böyük
marağına səbəb
olacaq "İçərişəhərin
müdafiəsi" adlı
interaktiv oyun da təqdim edilir.
"Qədim məbəd"
bölməsindəki heliodispley
orijinallığı ilə
diqqəti cəlb edir
Ekspozisiyada Qız
qalasının qədim
rəsədxana rolunu oynaması fərziyyəsinə
də geniş yer ayrılmışdır.
Ümumiyyətlə, bu
maddi-mədəniyyət abidəsində
həyata keçirilən
konservasiya işləri
və yeni yaradılan muzey ekspozisiyası bura
gələn hər bir kəsdə zəngin təəssürat
və xoş ovqat yaradır. Onu da xüsusi
qeyd edək ki, milli-mənəvi dəyərlərimizin, maddi-mədəniyyət
abidələrimizin qorunub
saxlanmasına və təbliğinə həssaslıqla
yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri
zamanı dəstəyini,
o cümlədən ekoloji
məsələlərin həllinə
hərtərəfli köməyini
əsirgəməmişdir.
Qız
qalası Bakının qədim
simvollarındandır. Keçmişlə
bu günü qədimliyində və müasirliyində birləşdirən
bu gözəl abidə onu ziyarət edənləri həmişə duyğulandırır.
Çox güman ki, COP29-un davam etdiyi günlərdə Qız
qalasını yerli turistlərlə yanaşı,
Bakıya təşrif
gətirmiş COP-un iştirakçıları, bir
sözlə, xarici vətəndaşlar da məmnunluqla ziyarət edəcəklər.
Rəhman SALMANLI,
Azərbaycan.-2024.-
20 oktyabr (№ 231).- S.11.