Azərbaycan regional sülh gündəliyini
dəstəkləyir
Prezident
İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də
ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik
Şurasının Avropa üzrə baş direktoru Maykl
Karpenteri qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Maykl Karpenter qəbula görə təşəkkürünü
bildirdi və ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin
başçısına təqdim etdi. O, ABŞ-ın Ermənistanla
Azərbaycan arasında sülh müqaviləsinin tezliklə
imzalanmasını dəstəklədiyini vurğulayaraq,
sülh müqaviləsinin imzalanması üçün
hazırkı şəraitdə tarixi imkanların olduğunu
dedi.
Sülh
müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq
üçün geniş imkanların yaranacağını
vurğulayan qonaq bildirdi ki, ABŞ-ın bu prosesin irəli
aparılmasında qəti dəstəyi var.
Sülh
müqaviləsinin və onun əsasını təşkil edən
beş prinsipin təşəbbüskarının məhz Azərbaycan
olduğunu deyən dövlətimizin başçısı
vurğuladı ki, ölkəmiz regional sülh gündəliyini
dəstəkləyir. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın
sülh müqaviləsinin mətni üzrə son təkliflərini
70 gündən sonra göndərməsi bu ölkənin
prosesin irəli aparılması niyyəti ilə bağlı
müəyyən suallar doğurur. Ermənistanın
konstitusional əsasda Azərbaycana qarşı ərazi
iddialarının sülh müqaviləsinin imzalanması
yolunda başlıca maneə olduğunu bildirən Prezident
İlham Əliyev ölkəmizin prosesin irəli
aparılması üçün bundan sonra da qəti
addımlarını davam etdirəcəyini vurğuladı.
Görüşdə
Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə
aid olan məsələlər barədə də fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2024.-
22 oktyabr (№ 232).- S.1.