Beyin Mərkəzləri Platforması yaradılıb

 

 

Beyin Mərkəzləri Platforması və onun internet portalının təqdimatı keçirilib. Beyin Mərkəzləri Platforması Azərbaycanda siyasi, iqtisadi, daxili, ekoloji və digər əhəmiyyətli istiqamətlər üzrə ixtisaslaşan beyin mərkəzlərinin şəbəkəsidir.

Platformanın yaradılmasında əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması, dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiya və əməkdaşlığın qurulması, həmçinin beyin mərkəzlərinin fəaliyyətləri barədə ictimaiyyətdə məlumatlılığın artırılmasıdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strateji araşdırma sektorunun müdiri Fuad Axundov Prezident İlham Əliyevin ölkəmizdə elmi-analitik institutların fəaliyyətinə xüsusi diqqət və qayğı göstərdiyinə diqqət çəkib. O xatırladıb ki, İlham Əliyev tədqiqatların yalnız dövlət institutları tərəfindən deyil, həm də vətəndaş cəmiyyəti daxilində inkişaf etdirilməsi üçün milli donor institutlarının yaradılması haqqında qərar qəbul edib. Hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir.

Müasir qlobal çağırışlar, eləcə də süni intellekt və rəqəmsallaşma fonunda beyin mərkəzlərinin üzərinə böyük iş düşdüyünü deyən sektor müdiri bildirib ki, Beyin Mərkəzləri Platforması Azərbaycanın dünyaya çıxışında və ölkəmiz barədə məlumatlılığın artırılmasında mühüm rol oynayacaq, birgə layihələrin inkişafına, yeni tərəfdaşlıqların qurulmasına və müxtəlif mövzular ətrafında fikir mübadiləsinin aparılmasına töhfə verəcək.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev platformanın 7 təsisçidən ibarət olduğundan, hazırda 27 beyin mərkəzinin burada təmsil olunduğundan və fəaliyyətin konsensus əsasında qurulduğundan bəhs edib. Beyin mərkəzlərinin yaranma tarixinə toxunan BMTM sədri  mərkəzin fəaliyyətinin əsasən aktual, praktiki məsələlərə yönəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi bitsə də, təhdidlər hələ bitməyib, əksinə, genişlənərək daha mürəkkəb xarakter alıb.

Dəyişən dünyada beyin mərkəzlərinin artan əhəmiyyətinə toxunan Azərbaycan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov bu məsələdə dövlət strukturlarının da üzərinə mühüm iş düşdüyünü, lakin işin analitik bazasının hazırlanmasının da eyni dərəcədə vacib olduğunu qeyd edib. E.Namazov platforma çərçivəsində illik toplantıların keçirilməsinin, birgə elmi nəşrlərin hazırlanmasının effektivliyin artırılmasına töhfə verəcəyini bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc beyin mərkəzlərinin vahid platformasının yaradılmasının ölkəmizin qlobal risklərdən qaynaqlanan çağırışlara hazırlığındakı əhəmiyyətinə toxunub. Ermənistan və onun havadarlarının dezinformasiya siyasətindən danışan Z.Oruc erməni diasporunun beyin mərkəzlərinə sızaraq anti-Azərbaycan təbliğatı apardığını və bu səbəbdən rəqabətədavamlılığın artırılmasının zəruriliyinə diqqət çəkib. Deputat həmçinin Türk Dövlətləri Təşkilatı daxilində beyin mərkəzləri alyansının yaradılmasının vacibliyinə toxunub.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun (İDD) direktoru Fariz İsmayılzadə ADA və BMTM-in birgə təşkilatçılığı ilə artıq 6 dəfə beynəlxalq beyin mərkəzləri forumunun təşkil edildiyindən, 3 saatdan çox davam edən məhsuldar görüşlərin əhəmiyyətindən danışıb. Qərar qəbuletmə prosesində və xarici siyasət mesajlarımızın təşviqində beyin mərkəzlərinin  rolunun artırılmasından söz açan F.İsmayılzadə  bu istiqamətdə beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlığın vacib rol oynadığını deyib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal trendlər fonunda bu platformanı vaxtında atılmış addım kimi qiymətləndirib. Dövlətlər və cəmiyyətlərin inkişafında kollaborativ institutların əhəmiyyətinə toxunan V.Qasımlı bəzi böhran vəziyyətlərində beyin mərkəzlərinin həlledici roluna diqqət çəkib. O, ABŞ, Avropa İttifaqı və Çinin inkişaf strategiyalarının hazırlanmasında beyin mərkəzlərinin rolundan bəhs edib. İcraçı direktor "Böyük İyirmilik" və  "Böyük Yeddilik" beyin mərkəzlərinə Azərbaycan beyin mərkəzlərindən təmsilçilərin cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov beyin mərkəzlərinin sayının artırılmasınıın zəruriliyindən danışaraq, bu mərkəzlərlə ictimaiyyət arasında əlaqələrin intensivləşdirilməsinin, xüsusən də bölgələrdə bu işin təşviqi istiqamətində konkret addımlar atılmasının vacibliyinə toxunub. R. Həsənov, həmçinin media ilə beyin mərkəzlərinin münasibətlərinin koordinasiyalı formada aparılmasının zəruri olduğunu bildirib.

Son 3-4 ildə qlobal səviyyədə Cənubi Qafqaz regionunun tədqiqatına xüsusi diqqət ayrıldığını deyən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov ölkəmizin bu tədqiqatlara təşkilatçılıq etməsinin əhəmiyyətinə toxunub. O, həmçinin Beyin Mərkəzləri Platformasının ümumi koordinasiyada effektivliyinin artırılmasındakı rolundan bəhs edib.

Çıxışlardan sonra beyin mərkəzlərinin cəmiyyətdə rolu, xarici beyin mərkəzləri ilə əməkdaşlığı, həmçinin siyasi və iqtisadi mövzularla bağlı müzakirələr aparılıb.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 22 oktyabr (№ 232).- S.5.