"Ali
təhsil müəssisələrinə
tələbə qəbulu:
təhlil və proqnozlaşdırma" mövzusunda
tədbir keçirilib
Elm və Təhsil Nazirliyinin Elm və ali
təhsil siyasəti şöbəsinin təşkilatçılığı
ilə "Ali təhsil müəssisələrinə
tələbə qəbulu:
təhlil və proqnozlaşdırma" mövzusunda
tədbir baş tutub.
Tədbirdə elm
və təhsil nazirinin müşaviri, nazirliyin müvafiq şöbələrinin əməkdaşları,
ali təhsil müəssisələrinin nümayəndələri
iştirak ediblər. Tədbir çərçivəsində
son dörd ilin tələbə qəbulu nəticələri
təhlil edilib və növbəti tədris ili üçün tələbə
qəbuluna dair təkliflərin hazırlanmasına
dair tövsiyələr
verilib. Həmçinin
"Yeni təhsil proqramlarının (ixtisasların)
açılması Qaydaları"
ilə bağlı təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən
elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ali təhsil sahəsində aktual mövzuların müzakirəsi üçün
ali təhsil müəssisələrini təşəbbüskar
olmağa dəvət
edib:
"Sözsüz ki,
istənilən siyasətin
hazırlanması və
onun effektiv olaraq həyata keçirilməsi üçün
ən vacib olan məsələlərdən
biri yerlərdən bununla bağlı geridönüşlərin əldə
edilməsidir. Ali təhsilin inkişafına
töhfə vermək
üçün bu formatda görüşlərin
daha sıx keçirilməsi planlaşdırılır".
Nicat Məmmədli
bildirib ki, daha yaxşı ali təhsil siyasətinin formalaşdırılması
üçün ali təhsilin ilk səviyyəsindən son səviyyəsinə qədər
ciddi müzakirələrə
ehtiyac var. O əlavə edib ki, tələbə qəbulunun da proqnozlaşdırılması mühüm
məqamdır və bu proqnozlar gələcəkdə
əmək bazarının
formalaşmasında mühüm
rol oynayacaq: "Yenilənən dünyada daim yeni ixtisaslar
meydana çıxır.
Bu yenilənmə sayəsində multidisiplinar
sahələr yaranır.
Biz də yeni ixtisasların formalaşdırılması üçün
addımlar atmalıyıq.
Lakin bu prosesdə bir çox məqamlar nəzərə alınmalıdır.
Çünki yeni ixtisasların açılması
özlüyündə çox
ciddi bir prosesdir. Bunun üçün maddi-texniki
baza və kadr potensialı tələb olunur".
Nazirin müşaviri
diqqətə çatdırıb
ki, ali təhsilin
keyfiyyətinin artırılması
da vacib məsələlərdən biridir:
"Çünki kadr
hazırlığı ilə
yanaşı, həmin
kadrların zamanın
və əmək bazarının tələblərinə
uyğun və yumşaq bacarıqlara sahib bir vətəndaş
olaraq yetişməsi də önəmlidir. Bizim tədris proqramlarımız həm
əmək bazarına,
həm də məsuliyyətli vətəndaşın
yetişdirilməsinə münasibətdə
hesablanmalıdır. Bu
zaman optimal və effektiv təhsil proqramları yaradılmalıdır".
Daha sonra çıxış edən
Elm və ali təhsil siyasəti şöbəsinin
müdiri Turxan Süleyman bildirib ki, hazırda elm və ali
təhsil siyasətinə
dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılmaqdadır. 2024-cü ildən
başlayaraq şöbə
yeni formatda elm və ali
təhsil müəssisələri
ilə müxtəlif
mövzulara dair bir neçə dəfə görüş
keçirmişdir. Şöbə
müdiri qeyd edib ki, davamlı
olaraq görüşlərin
və müzakirələrin
təşkili elm və ali təhsil
siyasətinin daha effektiv formlaşdırılmasında
xüsusi rol oynayır.
Turxan Süleyman
bildirib ki, hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə
ixtisasların yeni təsnifat layihəsi hazırlanmış və
Nazirlər Kabinetinə
təqdim edilmişdir.
Növbəti mərhələdə
doktorantura təhsili ilə bağlı da müvafiq işlər, o cümlədən
doktorantura təhsilinin
yenidən təşkili
məsələləri öz
həllini tapacaqdır.
Tədbirdə tələbə
qəbuluna dair göstəricilər barədə
təqdimat göstərilib.
Ölkə üzrə
48 ali təhsil müəssisəsi, 2 xarici
ali təhsil müəssisəsinin filialı
olmaqla 50 ali təhsil müəssisəsi
fəaliyyət göstərir.
Statistik məlumatları
təqdim edən Turxan Süleyman bildirib ki, 50 ali təhsil müəssisəsi (2-si xarici
ali təhsil müəssisəsinin filialı
olmaqla) üzrə bakalavriat səviyyəsinə
qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilmiş,
planın 95 faizi
(59.026 nəfər) üzrə
isə faktiki qəbul baş tutmuşdur. Magistratura səviyyəsində isə
16.568 plan yerinə14.104 nəfər
(85 faiz) qəbul olmuşdur.
Dövlətsifarişli yerlərin sayının artırılması ilə
bağlı islahatlardan
bəhs edən Turxan Süleyman ümumi qəbul planının təxminən
50 faizinin dövlətsifarişli
yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olunan hər iki tələbədən
biri ödənişsiz
əsaslarla təhsil almaqdadır.
Turxan Süleyman
cari ildə doktorantura (fəlsəfə
doktoru) səviyyəsi
üzrə 659 qəbul
planının təqdim
edildiyini və faktiki qəbul olunanların sayının
480 nəfər olduğunu
bildirib. Əlavə olaraq qeyd edib
ki, prosesin əvvəlindən aparılan
düzgün tənzimləmələr
nəticəsində bu
il ilk dəfə
olaraq ali təhsil müəssisələrinin
doktorantura proqramına
qəbul olunan bütün namizədlər
dövlət hesabına
təhsil alacaqlar.
O, təqdimatın yekununda
ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olunanların nisbətinə də toxunub: "Cari ildə bakalavriat (əsas (baza ali) tibb təhsili),
magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə
ümumilikdə 80.000 qəbul
planı verilib. Tələbə adını
qazananlar isə təxminən 74.000 nəfərdir.
Növbəti illərdə
qəbul planının
daha da optimallaşdırılması
istiqamətində işlər
görməliyik. Bu da ciddi araşdırma
və təhlil tələb edən məsələdir".
Turxan Süleyman
əlavə edib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası"nda
2026-cı ilə qədər
bakalavriat səviyyəsində
qəbul planının
75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz
bu hədəfə yaxınıq. Bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artırmla bərabər, optimallaşdırmalara
da gedəcəyik.
Tədbirin ikinci
hissəsində "Yeni
təhsil proqramlarının
(ixtisasların) açılması
Qaydaları" ilə
bağlı iştirakçılara
məlumat verən Elm və ali
təhsil siyasəti şöbəsinin müdir
müavini Nərgiz Qaraxanova qeyd edib ki, bu
qaydalar ali, orta ixtisas və
peşə təhsili
pillələrində yeni
ixtisasların açılması
məsələlərini tənzimləyir:
"Yeni təhsil
proqramının açılması
dörd hala şamil edilir: təhsilin müvafiq pillələri (səviyyələri)
üzrə ixtisasların
əlavə olunmasına,
təsnifatda mövcud
olan ixtisas üzrə ali və ya orta
ixtisas və ya peşə təhsili müəssisəsində
ilk dəfə tədrisə başlanılmasına,
müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun
dəyişdirilməsinə və təhsil proqramının məzmunu
dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə".
O əlavə edib
ki, yeni ixtisas təhsil alanlarda (tələbələrdə)
müasir tələblərə
və şəraitə
uyğunlaşmaq, rəqabətqabiliyyətli
olmaq, informasiya cəmiyyətində yaşayıb
fəaliyyət göstərmək,
ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır:
"Təhsil proqramı
(ixtisas) ölkənin
inkişaf istiqamətlərinə
uyğun olmalı və cəmiyyətin yüksəksəviyyəli, rəqabətqabiliyyətli
kadr potensialına tələbatının ödənilməsinə
xidmət etməlidir.
Təhsil proqramında
tədrisi nəzərdə
tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 50 faizi fərqli olmalı, təkrarlanmamalıdır.
Yeni ixtisasın təlim nəticələrinə
uyğun peşə və kvalifikasiya standartları olmalıdır".
Nərgiz Qaraxanova
bildirib ki, yeni ixtisas üzrə
kadr hazırlığının
aparılması maraqlı
tərəflərin əsaslandırıcı
təşəbbüsü ilə mümkündür.
Bu təşəbbüslə
ali təhsil müəssisəsinə müraciət
olunmalı, ali təhsil müəssisəsində
bununla bağlı işçi qrupu yaradılmalı, müvafiq
sənədlər hazırlanmalı,
daha sonra nazirlik qarşısında
vəsatət qaldırmalıdır.
Sonda tədbirin
yekunu olaraq ali təhsil müəssisələrinin nümayəndələrinin
sualları cavablandırılıb, onların təklifləri
dinlənilib və müzakirələr aparılıb.
Yetər KƏRİMLİ
Azərbaycan.-2024.-
22 oktyabr (№ 232).- S.6.