Hayastanın müstəqil
siyasi kursu yoxdur
Bu səbəbdən də İrəvan
sülh razılaşmasını uzatmağa
çalışır
"Ermənistanın və Avropadakı havadarlarının süni ara qarışdırmasına baxmayaraq, Azərbaycan rəsmən bütün görüş və toplantılarda sülh çağırışlarına sadiqliyini nümayiş etdirir. Buna baxmayaraq, Ermənistanın hərbi büdcəsini durmadan artırması, həm əvvəlki mənbələrdən, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, eləcə də konstitusiya dəyişiklikləri həyata keçirməməsi normallaşma prosesinə xələl gətirir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, Ermənistan iki ildir bu və ya digər bəhanələrlə, ləngitmələrlə sülhün gerçəkləşməsini əngəlləyir. Aparılan müzakirələrdə müddəaların bir çoxunun razılaşdırıldığı deyilsə də, Ermənistanın Azərbaycanın hüquqi çağırışlarına cavab verməməsi qəbuledilməzdir. Bakı regionda əbədi və dayanıqlı normallaşma prosesi istədiyini rəsmən bəyan etsə də, Ermənistan buna qarşılıq verməkdən yayınmağa çalışır və sülhün imzalanması vaxtını süni şəkildə uzadır. "Ermənistan rəsmilərinin sülh sazişi layihəsini, razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışını və ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdlərini isə Azərbaycan haqlı olaraq qəbul etmir. Bu gün Azərbaycanın təqdim etdiyi şərtlər beynəlxalq hüquqa söykənməklə, dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı və bu kimi perspektivlər vəd ediən müddəalardır", - deyə K.Bayramov əlavə edib.
Deputat qeyd edib ki, Ermənistan həqiqətən sülh istəyirsə, konstitusiyasını dəyişdirməlidir. Sülh sazişinin təməl prinsipi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Göründüyü kimi, bu gün Ermənistan sülh razılaşmasını uzatmağa çalışır, yəni onun müstəqil dövlət siyasi kursu yoxdur. Ermənistanda baş nazir, Təhlükəsizlik Şurasının katibi, parlament sədri və digər səlahiyyətli şəxslərin hər biri müxtəlif çıxışlar edirlər. Buna görə də Ermənistanda hansı dövlət xadiminin mövqeyinin əsas götürülməsi qeyri-müəyyəndir. Ermənistanın tarixi məsuliyyəti Nikol Paşinyanın üzərində olmasına baxmayaraq, o, qeyri-ciddi siyasi xadimdir, müstəqil addım atmır və xaricdən gələn təlimatları icra edir. Paşinyan bu gün özünü beynəlxalq aləmə sülhpərəst kimi təqdim edir, amma əməldə Azərbaycanla konfrantasiyaya getməyə üstünlük verərək çirkin manipulyasiyalarından əl çəkmək istəmir.
Siyasətçi bildirib ki, erməni rəsmiləri publika qarşısında sülh sazişinin imzalanmasına hazır olduqlarını bildirsələr də, əməldə bunun əksini həyata keçirirlər: "Bununla da Paşinyan və havadarları Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu, Azərbaycanın isə hələ də bunu imzalamağa hazır olmadığını göstərməyə çalışırlar. Ona görə də belə yarımçıq sənədi imzalamağı qarşılarına hədəf qoyublar. Halbuki, Paşinyan rəsmi Bakının bu məsələləri müzakirə belə etməyəcəyini çox yaxşı başa düşür. Belə yarımçıq sənədlər heç kimə lazım deyil. Çünki Azərbaycan bütün müddəaları təsdiq edilmiş, beynəlxalq zəmanətli, iki ölkə arasında həqiqi sülhü özündə ehtiva edən sənəd imzalamağı nəzərdə tutur".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
22 oktyabr (№ 232).- S.7.