COP29 beynəlxalq
münasibətlərin inkişafı
prosesində - elmi konfrans
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) “COP29 beynəlxalq münasibətlərin
inkişafı prosesində”
mövzusunda beynəlxalq
elmi konfrans keçirilib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, konfransda çıxış
edən Dövlət İdarəçilik Akademiyasının
rektoru akademik Urxan Ələkbərov bu gün yeni
çağırışların, xüsusilə iqlim dəyişikliklərinin qlobal
xarakter aldığını
bildirib.
“Azərbaycan Respublikası
beynəlxalq ictimaiyyətin
etibarlı və məsuliyyətli üzvü
kimi iqlim dəyişmələrinin fəsadlarına
qarşı mübarizəyə
daim töhfə verir. Ölkəmizdə ətraf mühitin qorunması, yaşıllıqların
bərpası, artırılması,
təbii ehtiyatlardan, o
cümlədən su ehtiyatlarından və bərpaolunan enerji mənbələrindən səmərəli
istifadə imkanlarının
genişləndirilməsi istiqamətində
mühüm işlər
görülür”, - deyən
rektor belə bir konfransın keçirilməsinin çox
vacib olduğunu vurğulayıb. O, Azərbaycanda
2024-cü ilin “Yaşıl
dünya naminə həmrəylik ili” elan edilməsini ölkəmizdə ətraf
mühitin mühafizəsi
sahəsində aparılan
dövlət siyasətinin
tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Urxan Ələkbərov dünyanın
ən mötəbər
tədbirlərindən biri
olan COP29-un ölkəmizdə
keçirilməsinin siyasi
və digər istiqamətlərlə yanaşı,
Azərbaycanın iqtisadi
və turizm cəhətdən də inkişafına töhfə
verəcəyinə əminliyini
vurğulayıb.
Sonra DİA-nın
Beynəlxalq münasibətlər
və xarici siyasət kafedrasının
müdiri professor Namiq Əliyev COP29 tədbirindən söz açıb. O, həmçinin
işğal dövründə
ermənilər tərəfindən
Azərbaycan ərazilərində
beynəlxalq ekologiya hüququnun pozulduğu barədə məlumat verib.
Elmi konfransın
birinci hissəsində
Bolqarıstanın VUSİ (Plovdiv) Universitetinin Qara dəniz və Xəzər regionu problemlərinin araşdırılması laboratoriyasının
müdiri Teodor Deçev, İsrailin
“Aziznews.com” informasiya-analitik portalının redaktoru, politoloq Yuri Boçarov, Qırğızıstanın
Azərbaycandakı sabiq
səfiri, professor Kayrat Osmonaliyev, Suxumi Dövlət Universitetinin (Gürcüstan)
dosenti Quram Marxulia, READ DİBMİ informasiya
təhlükəsizliyi problemləri
qrupunun aparıcı elmi işçisi Viktor Mizin, “Şərq-Qərb” Beynəlxalq
geosiyasi proqnozlaşdırma
mərkəzinin (Qırğızıstan)
prezidenti professor Karlıqaş Jandildina Nuqmanova, həmçinin
DİA-nın professor
və müəllimləri
çıxış ediblər.
Konfransın ikinci
hissəsində DİA-nın
Beynəlxalq münasibətlər
və xarici siyasət kafedrasının
doktorantları və magistrantları çıxış
ediblər.
Daha sonra konfrans iştirakçılarına sertifikatlar
təqdim olunub.
Tədbir DİA-nın
Beynəlxalq münasibətlər
və xarici siyasət kafedrasının
təşkilatçılığı ilə keçirilib.