Yurda
keşik çəkən
ərik ağacı...
İşğaldan azad
edilmiş ərazilərə
gedəndə, ermənilərin
uçurub dağıtdıqları
kəndlərdə olanda
illər uzunu susuzluqdan qurumayıb yaşıl qalan meyvə ağaclarından
daha çox tut, əncir və nar ağaclarını
görürük. Bəzi
yerlərdə isə
üzüm tənəklərinin
də qurumadığının
şahidi oluruq.
Nə yaxşı
ki heç olmasa yurd yerlərində
bu ağaclar qalmışdı. Sanki bu ağaclar ermənilərin uçurub
dağıtdıqları evlərə
keşik çəkir,
yurd yerlərinin ağrı-acılarına məlhəm
qoyur. Onlara tez-tez "bir az da dözün,
doğma sakinlərimiz
yaxın günlərdə
qayıdacaqlar" deyir.
Amma sən demə, təkcə tut, əncir, nar ağacları və üzüm tənəkləri deyil, ərik ağacı da illərin susuzluğuna dözə bilirmiş. Bu bəlkə də ilk baxışda inandırıcı səslənməz.
Amma ortalıqda fakt olanda buna
inanmaya bilmirsən. Unutmayaq ki, sirli-sehirli
təbiət möcüzələri
çoxdur. Onlar başqa ağaclar kimi əriyi də uzun illər
ovcunun içində susuz saxlaya bilər.
Necə ki saxlayıb.
Bu günlərdə dediklərimizin
canlı şahidi olduq. Sentyabrın əvvəllərində iş
yoldaşlarımla kəndimizə
- Zəngilan rayonunun Babaylı kəndinə getmişdik. Həyatımızda
əlamətdar, yaddaqalan
günlərimiz çox
olur. Həmin günü heç vaxt unutmur, tez-tez
xatırlayırıq. Bizim
üçün də
əlamətdar günlərdən
biri 21 oktyabr 2020-ci ildir. Həmin gün Müzəffər Ali Baş Komandan
İlham Əliyev xalqa növbəti müraciətində doğma
kəndimiz Babaylının
da erməni işğalçılarından azad edilməsi müjdəsini vermişdi.
Ali Baş Komandanın dilindən bu sözləri eşidəndə sevincdən
göz yaşlarımızı
saxlaya bilməmişdik.
Həmin günü, həmin anı heç vaxt unutmayacağıq. Artıq
qoynunda dünyaya göz açdığımız
doğma kəndimiz azad idi. Günlərin
birində ayağımız
ata-baba yurduna dəyəcəkdi.
İndi budur, həmin gün gəlib çatmışdı.
Uzun illərin ayrılığından sonra
doğma kəndimizə
gəlmişdik. Həsrət,
intizar dolu günlər ötüb arxada qalmışdı. Erməni işğalçıları,
başqa yaşayış
məntəqələri kimi,
bizim kəndimizi də yerlə yeksan etmişdilər. Çox üzücü, dəhşətli mənzərələr
idi. Kənddə bir ev belə
salamat qalmamışdı.
Göz yaşları içində ötən
xoşbəxt günləri
xatırlaya-xatırlaya evimizin
uçurulub dağıdılmış
divarlarına baxandan sonra əzizlərimizin məzarlarını ziyarət
etmək üçün
qəbiristanlığa getdik.
Bizə uzaq qohumluğu çatan Şahbudaq dayının evinin qarşısından
keçib əzizlərimizin
uyuduqları müqəddəs
məkana çıxmaq
istəyəndə onun
həyətində illərdən
bəri qurumayıb yaşıl qalmış ərik ağacını gördük...
Əvvəlcə gördüyümüzə
inanmadıq, çaşıb
qaldıq. Fikirləşdik
ki, bəlkə yanılmışıq, gördüyümüz
ərik ağacı deyil. Axı arxada qalan bu
illər uzunu ərik ağacı susuz qala bilməzdi.
Bəs necə
olub ki, ağac indiyə qədər qurumayıb? Hələ də çiçək açmağında,
bar gətirməyindədi.
Diqqətlə baxanda gördük ki, yox, yanılmamışıq,
qarşımızda illərdən
bəri qurumayan ərik ağacının
özüdür ki, durub...
Doğrudan da, bu, təbiətin bir möcüzəsi idi. Az-çox əkin-biçindən,
bağ-bağat işlərindən
başı çıxanlar
bilirlər ki, ərik
çox zərif, incə bir ağacdır.
Gərək onun dibindən suyunu əskik eləməyəsən,
daim nazını çəkəsən, qayğı
göstərəsən. Üç-dörd həftə
su verməsən, susuzluğa dözməyib
quruyacaq.
Ərik ağacının
indiyə qədər
qurumadığının bir
möcüzəli tərəfi
də onda idi ki, o, sulu yerdə deyil, dəmyə olan sahədə, dərənin üstündə
tikilmiş evin həyətində əkilmişdi.
Ağacın yaxınlığından
nə arx axırdı, nə çay keçirdi, nə də bulaq var idi. Ötən illər ərzində də kimsə gətirib onun dibinə su tökməmişdi. Ağac yalnız yağışın, qarın
suyu ilə qidalanmışdı.
Həyətdəki ağacların
çoxu qurumuşdu.
Yaşıl qalan
nar ağacı və bir də
bizi heyrətləndirən
ərik ağacı idi. Onun ətrafındakı
otlar da istiyə, susuzluğa dözməyib saralıb-solmuşdu.
Bəs görəsən,
necə olmuşdu ki, ərik ağacı
indiyə qədər
qurumamışdı. Bunun
sirri, sehri nə idi? Burada
yenə də ağlımıza təbiətin
möcüzəsindən başqa
bir şey gəlmir.
Kim bilir, bəlkə də ərik ağacının
qurumamasının səbəbi
torpağa, yurda olan sevgisidir. Ağac bu sevgidən
"su" içərək
yerə-göyə meydan
oxuya-oxuya qurumur. Yaxın zamanlarda yurduna qayıdıb gələcək, bir vaxtlar onu sevə-sevə
torpağa basdırmış
əbədi-əzəli sahiblərini
gözləyir.
Gözləyir ki,
geri dönəndə
ermənilərin həyətdə,
kənddə törətdikləri
vəhşilikləri onlara
çatdırsın... Amma
onu da deyək
ki, bir vaxtlar
həmin ağacı bu gözəl torpaqda əkən insanlar yurd həsrətinin
ağrılarına dözməyərək
dünyalarını dəyişiblər.
Ağac bunu bilməsə yaxşıdır.
Birdən bu acı xəbərdən sarsılar, saralıb-solar.
İstərdik ki,
ərik ağacı heç vaxt solmasın, köçkünlər
geri dönənəcən
yurdumuza keşik çəksin. Ondan sonra bir az
da qol-budaq atıb pərvazlansın.
İndi payızın
ilıq günləridir.
Ərik ağacının
yarpaqları hələ
də yaşıldır.
Bir azdan payızın soyuğunu hiss edən kimi onun da
yarpaqları saralıb
töküləcək, xəzana
dönəcək.
Yavaş-yavaş ağac
qış yuxusuna gedəcək. Yaxşıca
"yatıb" dincələcək,
yaz gələndə isə oyanıb ağappaq çiçəklərə
bürünəcək. Yenə
də dadlı-dadlı
meyvələr gətirəcək.
Yurda qayıdacaq
doğma insanları gülərüzlə qarşılayacaq.
Sevincdən, fərəhdən
yeni qol-budaqlar atacaq, daha çox bar gətirəcək.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
22 oktyabr (№ 232).- S.11.