Şuşada
doğulan körpənin
səsi Zəfərimizin
sədasıdır
44 günlük Vətən
müharibəsi böyük
Zəfərlə yekunlaşdıqdan
az müddət sonra Qarabağda və Şərqi Zəngəzurda geniş bərpa işlərinə
başlandı.
Qısa vaxt ərzində evlər tikildi, kəndlər salındı. Keçmiş
məcburi köçkünlər
ən böyük istəklərinə qovuşdular,
obalarına dönməyə
başladılar. Köçkünlər
geri qayıdandan sonra doğma yurdlarında həyat tədricən əvvəlki
axarına düşdü.
Bu yerlər sevinc içində qollarını geniş açıb çoxdan bəri görmədiyi, səsləri, nəfəsləri
üçün darıxdığı
sakinlərini qoynuna aldı. Torpağın da, insanların da uzun zaman
yaşadıqları həsrətə
son qoyuldu.
Günlər keçdikcə
axarına düşən
həyat insanların üzünə gülməyə
başladı. İllər
uzunu ata-baba yurdunun həsrətini çəkən insanlar geri dönəndən sonra əvvəlki günlərin sevincini, adət-ənənələrini də özləri ilə gətirdilər. Artıq keçmiş köçkünlərin geriyə
qayıtdığı ellərdən,
obalardan göylərə
toy səsi, çal-çağır, şənlik
sədaları ucalmağa
başladı. Sevinc-sevincə,
fərəh-fərəhə qarışdı. Toy mağarlarından ətrafa
yayılan şən musiqi səsi yaxınlıqdakı dağlara
da, dərələrə
də, geniş düzlərə də əks-səda verib təbiəti dirçəltdi.
Şadlıqdan, şənlikdən
hər kəsin üzündən sevinc süzüldü. Geriyə
dönən köçkünlərin
sayı çoxaldıqca
el şənliklərinin
də səsi, sorağı daha da artdı, daha da gurlaşdı.
Yavaş-yavaş Yer üzü də, göy üzü də simasını dəyişdi.
Doğma ocaqlarına
dönən köçkünlərdən
hər gün şad xəbərlər eşidirik. Təsərrüfat
yaradan kim, bağ-bağat salan kim, yeni iş
yeri açan kim... Bölgələrdən
gələn bu xəbərlər ovqatımıza
ovqat qatır, çöhrəmizə təbəssüm
çiləyir, ürəyimizi
açır. Bu günlərdə Şuşadan
dünyaya yayılan daha xoş bir
xəbər isə yəqin ki, hamını sevindirdi, qəlbləri fərəhləndirdi.
Eşitdiyimiz bu xəbərə necə sevinməyək, necə duyğulanmayaq...
...Müharibə başa
çatandan, keçmiş
köçkünlər doğma
ocaqlarına dönəndən
sonra ilk dəfə olaraq musiqi beşiyimiz olan Şuşada bir qız uşağı
dünyaya göz açmışdı. Aman
Allah, nə gözəl xəbər idi bu! Nə
şirin xəbər idi bu! Bütün
ağrı-acıları ürəklərdən,
qəlblərdən silən
bir müjdə idi bu! Artıq
Şuşada körpələr
dünyaya gəlir, körpə qığıltısı,
uşaq səsi eşidilir. Dağlara, meşələrə, geniş
çöllərə bu
şirin səs yayılır.
Əvvəlki illər
ölkəmizin bu əsrarəngiz guşəsində
erməni işğalçıları
at oynadırdılar. Şuşadan top-tüfəng
səsləri eşidilirdi.
İnsanlara qorxu gətirən atəş səsləri kəsilmək
bilmirdi. Bu atəş səsləri yeri də, göyü
də silkələyirdi.
Barıt qoxusu dağların da, dərələrin də rəngini dəyişirdi,
Şuşanın tər-təmiz
havası korlanırdı. Çox şükürlər olsun
ki, artıq dörd ildir Şuşadan atəş səsləri eşidilmir.
İndi Qarabağın
tacı olan bu diyardan körpə
qığıltısı, uşaq səsi gəlir. Dünyaya yayılan uşaq səsindən, körpə
qığıltısından yerin də, göyün də üzü gülür, qaşqabağı açılır.
Yavaş-yavaş dağların,
dərələrin də
qəddi düzəlir,
daha ovuc-ovuc ovulub balacalaşmır, kiçilmir. Əvvəlki
illərdə olduğu
kimi, səmalara boylanır, dumandan başına papaq qoyur, buludlarda üzünü yuyur.
Şuşadan gələn
körpə qığıltısı
qulaqlarımızda dünyanın
ən gözəl, ən məlahətli, ən kövrək, ən yanıqlı mahnısı kimi səslənir. Bu səs sanki bir an içində
Yer üzünə yayılır. Bütün
səslərdən, bütün
çıxışlardan gur
səslənir.
Şuşadan gələn
körpə qığıltısından
vəcdə gələn
quşlar da onun səsinə səs verib Qarabağda sülh nəğməsi oxuyur. Ürəkləri, qəlbləri
sehrləyən bu nəğməni qanadlarının
üstünə alıb
dünyanın hər
yerinə daşıyıb
yayırlar.
Şuşadan gələn
körpə qığıltısı
hamını sabahkı
gözəl həyata
ruhlandırır, gələcək
xoş günlərə
gedib çatmaq üçün qol-qanad və güc verir. Qaranlıqlardan keçən yollarımıza
işıq salır.
Şuşadan gələn
körpə qığıltısı
sanki Yer üzündə gurlayan bütün silahları bir anlıq da olsa susdurur.
Atəş səslərini
öz qığıltısının
içində boğur.
Barıt qoxuyan səngərlərə nur
çiləyir.
Şuşadan gələn
uşaq qığıltısından
sonra bu gözəl, bənzərsiz
diyardan dünyaya hamımız üçün
doğma və əziz olan ana laylası da yayılacaq. Ana laylası ilə körpə qığıltısı bir-birinə
qarışıb gözəl
harmoniya yaradacaq. Yeri, göyü özünə heyran edəcək, insanları sehrinə salacaq...
Məcburi köçkünlükdən
sonra Şuşada ilk doğulan qız uşağına Mehriban adı veriblər. Adı ilə böyüsün. Mehriban adı bir çox gözəl mənanı ifadə edir. Hər şeydən əvvəl Mehriban mehribanlıq, həmrəylik,
birlik, barışıq,
sülh, qardaşlıq,
dostluq, sirdaşlıq
və əmin-amanlıq
deməkdir. Deməli,
bundan sonra dünyamızda əmin-amanlıq
olacaq, müharibə ocaqlarına sakitlik çökəcək, sülh
yaranacaq. Gurlayan silahların səsi Şuşadan gələn
uşaq qığıltısının
içində eşidilməz
olacaq.
Şuşadan
gələn körpə
qığıltısı həm də dünyada başımızı
ucadan uca edən Zəfərimizin, Qələbəmizin səsidir.
Bu səsin sədası heç vaxt kəsilməyəcək.
Bu səs gurladıqca gurlayıb dünyaya səs salacaq. Dostlarımızı
sevindirəcək, düşmənlərimizi
xar edəcək.
Şuşadan gələn
körpə qığıltısı
yalnız və yalnız başlanğıcdır,
ilkdir. Hələ qarşıda neçə
belə sevinc dolu sabahlarımız var, günlərimiz var. Bundan sonra
işğaldan azad olunmuş bölgələrdə
neçə-neçə oğlumuz,
qızımız doğulacaq.
Hələ Qarabağdan,
başqa bölgələrdən
gələn körpə
qığıltılarının sədasını, səsini
çox eşidəcəyik,
çox sevinəcəyik.
Deməli, körpə
qığıltıları çoxaldıqca Zəfərimizin,
Qələbəmizin səsi
daha da gurlaşacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
23 oktyabr (№ 233).- S.11.