Qərbi
Azərbaycan abidələri:
Alagöz qalası
Ələyəz (Alagöz)
qalası Qərbi Azərbaycan ərazisindəki
Alagöz dağının
zirvəsində, dəniz
səviyyəsindən 2300 metr
yüksəklikdə, Alagöz
kəndindən 7, İrəvan
şəhərindən 50 kilometr
şimalda yerləşir.
Ümumi memarlıq
quruluşuna görə
qalanın IV-V əsrlərdə
tikildiyi ehtimal olunur. Qalanın yaranma tarixi haqqında erməni mənbələrində yekdil
fikir yoxdur. Alagöz qalasının adı ermənilər tərəfindən təhrif
edilib və o, "Amberd" adlandırılıb.
Erməni dilində
"Amberd" sözü
keçilməz, əlçatmaz
hündürlükdə yerləşən
qala kimi izah edilsə də, ermənilər tərəfindən toponimin
dəyişdirilməsi vandalizm
aktı kimi qiymətləndirilməlidir. Ərazinin
təhlilinə gəldikdə,
qalanın yerləşdiyi
ərazinin oğuz yurdu olmasına heç bir şübhə yeri qalmır. Qalanın adı yer adından
götürülüb. Bu
barədə AMEA A.A.Bakıxanov
adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı
Faiq İsmayılovun Alagöz qalası ilə bağlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni
təqdim edir.
Bir zamanlar inamlarında göy tanrılarına pərəstiş
edən türklər,
öz tanrılarına
ibadət etmək üçün daim zirvələrə doğru
gedər, orada özlərinə yurd salmağa çalışardılar.
Türk xalqlarının
mifik düşüncələrində
Tanrı (Tenqri) əbədi göy (səma) Allahı (tanrısı), gözə
görünməyən xilaskar
kimi yüz illər boyu bu insanların inancında yaşayıb.
Tanrıçılıq (Tenqrizm)
Monqol imperiyasında din kimi istifadə
olunurdu. Tanrı (Tenqri) termini Mərkəzi Asiya xalqlarının ən qədim mifoloji yaddaşına aiddir və Hun dilində
(e.ə. 3-cü əsr
və ondan əvvəl) meydana gəldiyi güman edilir. Hun dilində
çenli (səma) adı ilə bağlıdır. Göy
Allahı (tanrı) Asiyanın daha geniş paralellərində
istifadə olunub. Məsələn, Tanrı
(Tenqri) sözü altaylarda tenqri, xakaslarda ter, Tuvanlarda maralı, çuvaşlarda turu, yakutlarda tanqarası, monqollarda, buryatlarda tengeri və kalmıklarda tengeri kimi ifadə olunub.
Tanrı ideyası
səmavi ruhların rəhbəri haqqında animistik inanclar əsasında formalaşıb
və səma həm onun birbaşa
təzahürü, həm
də tanrının yaşayış yeri hesab edilib. Tenqri
adının özü
ilk dəfə Çin salnamələrində
hunları təsvir edərkən işlədilib.
Bu isə tanrıçılıq ideyasının
hunlarla bağlı olduğunu göstərir.
Görkəmli tədqiqatçı
L.N.Qumilyov "Qədim
türklər" kitabında
göstərir ki,
"Göy kultu - Tanrı" Yenisey runik qrafikası ilə Orxon yazılarında qeydə alınıb. Sərt dağ relyefində inşa edilən Alagöz qalasının ümumi texnikası onun Qafqaz Albaniyası
memarlığına aid
olduğunu sübuta yetirir. Öz dövrü üçün
xarakterik olan bu cür memarlıq
üslubundan görünür
ki, bu abidənin
tikildiyi dövrdə Albaniyada Şərq xristianlığı hələ
tam təşəkkül
tapmamışdı.
Qala ətrafında
siklop tikintilərinin çoxsaylı qalıqlarının
və mağaraların
mövcudluğu onun inşasının daha qədim dövrlərə
aid olmasını düşünməyə imkan
verir. Müxtəlif dövrlərdə qala divarlarının bərpa
edilməsi və ya yenidən qurulması nəticəsində
qala üçmərtəbəli
olub.
XI əsrin 70-ci illərində
Səlcuq türkləri
qalanı nəzarətə
götürərək onu
yenidən tikiblər.
Qala divarlarının
bürcləri ərazinin
relyef xüsusiyyətlərinə
əsasən inşa edilib. Girişlərin yollar üzərində müvafiq qaydada yerləşdirilməsi qalanın
alınmaz müdafiə
sistemini təşkil edirdi. XII əsrdə Səlcuq türkləri qalanın şimal-qərb
hissəsinə yeni giriş qapısı əlavə ediblər ki, bu da
düşmən qoşunlarının
oraya irəliləməsinin
qarşısını almaq
üçün nəzərdə
tutulub. Bərpa zamanı qalanın divarlarına Böyük Səlcuq İmperiyasının
ikibaşlı qartal gerbi yerləşdirilib.
Üçmərtəbəli qala təxminən 1500 kvadratmetr ərazini əhatə edir. Bərpa zamanı qalanın şimal tərəfi əlavə olaraq yarımdairəvi bürclərlə təchiz
edilmiş güclü
divarla möhkəmləndirilmişdi.
Qala bürcünün
cənub fasadında yuxarı mərtəbələrin
pəncərələri qorunub
saxlanılıb. Təhlükəsizliyə
görə aşağı
mərtəbədə pəncərələr
olmayıb. Bürclərin
hər mərtəbəsində
masa şəklində
kiçik otaq var idi. Qalanın
ümumi mənzərəsinə
nəzər saldıqda
yaşayış evlərindən
başqa, orada hamamın, kiçik kilsənin və yeraltı keçidlərin
olduğu görünür.
Qala divarlarının
cənub tərəfində,
ondan bir qədər aralıda XI əsrdə tikildiyi güman edilən kiçik kilsə yerləşir. Kilsə xaricdən düzbucaqlı
planda, daxildən çarpaz dairəvi mərkəzi hissəsi günbəz formasındadır.
Çarpaz qanadların
dörd küncündə
ikimərtəbəli tonozlar
olan kilsə Gəncəsər monastırı
daxilindəki kilsənin
oxşarıdır. Günbəz
paket formalı zirvə ilə bitən 12 haşiyəli tağların künclərindən
yuxarıya doğru qalxan tağlara söykənir.
Damın ağırlığını
yüngülləşdirmək üçün bir-birinə
paralel sütunlardan istifadə edilib. Kilsənin xarici görünüşünün memarlıq həlli isə belədir - Şərq fasadında bir cüt şaquli
taxça yerləşdirilib,
digər fasadlar düzdür. Cənub fasadında sütunlarla bəzədilmiş tağlı
giriş qapısı
var. Kilsə divarlarına müasir erməni dilində bir neçə yazı yerləşdirilib.
Onlar kilsəni mənimsəmək üçün
çox güman ki, ötən əsrin əvvəllərində
ərazi ermənilərin
nəzarətinə verildikdən
sonra onlar tərəfindən yazılıb.
Kilsənin yaxınlığında
yardımçı qurğular,
daxili sisternlər və qazanxana ilə təchiz edilən hamam xüsusi maraq doğurur. Kiçik soyunub-geyinmə otağı,
nisbətən geniş
üzgüçülük zalı, qərb tərəfdə istirahət
üçün ikimərtəbəli
otaqları, su qızdırıcı qazanı
və su anbarı olan bu hamam Azərbaycanın
tipik hamam memarlığının unikal
nümunələrindən biridir.
Hamam X-XI əsrlərdə yonulmuş və cilalanmış daşlarla tikilərək yeraltı istilik sistemi ilə təmin edilib. Hamama soyuq su 4-5 kilometr məsafədən gil borularla gətirilib. Döşəmənin altından keçən sobanın tüstü borusu üzgüçülük zalının döşəməsini və divarlarını qızdırırdı. Hazırda qala, kilsə və hamam baxımsız vəziyyətdədir.
Azərbaycan.-2024.- 23 oktyabr (№ 233).- S.12.