Gənc
qızın rənglər
dünyasına sevgisi
Gülay Mikayıllı
Bakı şəhərindəki
236 nömrəli orta məktəbin səkkizinci
sinfində oxuyur. Ömrünün 15-ci payızını
yaşayan gənc qız kiçik yaşlarından rəssamlıq
istedadı və bacarığı ilə diqqəti özünə
cəlb edib. Aylar, illər ötüb arxada qaldıqca onun bacarıq və istedadı daha da artaraq şaxələnib.
Rəssamlıq sənətinə
böyük maraq göstərən Gülay
rəsm əsərləri
çəkməklə yanaşı,
həm də bir-birindən maraqlı əl işləri də görür. Bütün bunlarla bərabər, Gülay dərslərini də yaxşı oxuyur. Ən çox sevdiyi fənn də riyaziyyatdır. Riyaziyyatla rəssamlığa
olan sevgisinin qarşısında yəqin
ki, bərabərlik işarəsi qoymaq olar.
Söhbətimiz zamanı
Gülay rəssamlığa
olan marağından söz açdı. Dedi ki, kiçik
yaşlarından rənglər
dünyasına, rəssamlığa
böyük sevgisi olub: "Gördüyüm
gözəl mənzərələr,
rənglər məni
özünə çəkib.
Altı-yeddi yaşımdan
könlümü oxşayan
gözəl mənzərələri
kətan üzərinə
köçürürəm. İlk cəhdlərim uğurlu alındı. Valideynlərim, dostlarım
çəkdiyim mənzərələri
bəyəndilər. Doğmalarımdan
eşitdiyim xoş sözlər məni bu sənətə daha da həvəsləndirdi.
Həmişə düşünürdüm
ki, bacarığımı
daha da təkmilləşdirmək
və peşəkalığımı
artırmaq üçün
öz üzərimdə
xeyli işləməliyəm.
Həyatda hansısa bir uğur qazanmaq
istəyirsənsə, gərək
biliklərini daim artırasan, sevdiyin peşənin sirlərini dərindən öyrənəsən.
Üzərimdə çalışdıqca
hiss edirdim ki, bacarığım artır, vərdişlərim
təkmilləşir. Əvvəlki
günlər mənə
bir az çətin
görünən, xeyli
vaxtımı aparan mənzərələri indi
daha tez çəkirəm. Çalışqanlıq
həmişə müsbət
nəticələr verib.
Ona görə də hər gün bu sahədə
yeni biliklər öyrənir, yeni vərdişlərə yiyələnirəm.
Təcrübə və
səriştəm artıqca
rəsmləri daha da böyük həvəslə çəkirəm".
44 günlük Vətən
müharibəsində Azərbaycan
Ordusunun Müzəffər
Ali Baş Komandan İlham Əliyevin sərkədərliyi
ilə düşmən
üzərində qazandığı
qələbə hamı
kimi Gülay Mikayıllını da çox sevindirib. Müharibənin davam etdiyi günlərdə Gülay da, onun sinif yoldaşları
da əsgərlərə
yardım göndəriblər.
Şagirdlər hərbçilərin
döyüş əzmini
artırmaq üçün
Zəfər qoxulu məktublar yazıblar.
Qarşıdan 8 Noyabr
- Zəfər Günü
gəlir. Bu əlamətdar günlə
əlaqədar gənc
rəssamın oxuduğu
məktəbdə sərgi
təşkil olunacaq. Gülay da bu
sərgidə fəal
iştirak edəcək.
İndi məktəbli
qız musiqi beşiyimiz olan Şuşanın, qələbəmizin
rəmzi olan xarıbülbülün, Ağdam
məscidinin təsvirini
və Qarabağın
başqa gözəl mənzərələrini kətan
üzərinə köçürür.
İnanırıq ki,
Gülayın çəkdiyi
rəsm əsərləri
sərgidə rəğbətlə
qarşılanacaq, daha
çox baxılacaq və daha çox
seviləcək. Çünki
gənc rəssam bu əsərləri gözəl Qarabağımızı
sevə-sevə çəkib.
Bütün bunlar Gülayın vətənpərvərliyindən,
yurda, torpağa bağlılığından xəbər
verir.
Söhbət zamanı
Gülayın rənglərə
olan sevgisini aydın şəkildə
hiss etdik. Məktəbli qız deyir ki, bəlkə
də onu sənət aləminə
gətirən rənglərə
bəslədiyi sevgi oldu. Rənglərlə işləmək, rəngləri
bir-birinə qatıb rəng almaq və ondan yeni
rəsm əsərləri
çəkmək ruhuna
sakitlik verir, yeni yaradıcılıq yollarına səsləyir.
Bəzən hansısa
bir mənzərəni
çəkmək üçün
xeyli düşünməli
olur. Bu düşüncələrdən yeni əsərlərin ideyaları doğulur. Sonra fırçanı əlinə alıb işə başlayır.
Fırçanın ucunda
rənglər bir-birinə
qarışır, həmin
anlarda qarşısında
yeni mənzərələr
açılır. Bax,
bu mənzərədən
də yeni əsərlər yaranır.
Rəssamlığa böyük sevgisi olan Gülay dərslərdən vaxt tapanda dünyaca məhşur olan rəssamların həyat və yaradıcılığı
ilə də yaxından tanış olur. Məşhur rəssamlar Leonardo da Vinçinin "Mono Liza", Johannes Vemeerin "İnci sırğalı qız" və başqa əsərlərini
çox bəyənir,
çox sevir. Azərbaycan rəssamlarından
Səttar Bəhlulzadə,
Bəhruz Kəngərli,
Əzim Əzimzadə,
Güllü Mustafayeva,
Kamil Əliyevin və onlarca başqalarının həyat
və yaradıcılıqlarını
örnək seçən
Gülay özünün
gələcək yaradıcılıq
yollarına böyük
ümidlə baxır.
İnanır ki, bu yollar onu
yeni-yeni uğurlara qovuşduracaq.
Qeyd etdiyimiz kimi, Gülay Mikayıllı təkcə
müxtəlif mövzularda
çəkdiyi rəsm
əsərləri ilə
kifayətlənmir. Gənc
rəssam həm də muncuqlardan, kağızdan bir-birindən
maraqlı əşyalar
və fiqurlar düzəldir. Gülay təkcə çəkdiyi
əsərləri ilə
deyil, həm də əl işləri olan fiqur və əşyalarla
da yaşından xeyli qabağa gedib. Böyük zəhmət bahasına başa gələn bu əsərlər gələcəyə ünvanlanmış
parlaq arzu və istəklərlə
yaşayan Gülayın
yüksək istedadından
və qeyri-adi bacarığından xəbər
verir. Təbiidir ki, bütün bunlar məktəbli qızın sənət yollarında atdığı
ilk kövrək addımlardır. Zaman keçdikcə sənət
yolunda atılan bu addımlar daha da möhkəmlənəcək,
daha da bərkiyəcək.
Gülayın muncuqlardan
düzəltdiyi əşya
və fiqurlara diqqət və heyrətlə baxırıq.
İlk baxışda bəlkə də bunları düzəltmək
çoxlarına asan gələr. Amma diqqət yetirəndə görürsən ki, yox, bu işləri
görmək elə də asan deyilmiş.
Bu fiqurları düzəltmək sənət
adamından böyük
səbir və istedad tələb edir. Yəqin ki, bunu heç
də hamı bacarmaz. Eyni rəngli muncuqdan düzəldilmiş qadın
çantası onun xeyli zamanını əlindən alsa da, gözəl bir sənət əsəri meydana gəlib. Muncuqlardan düzəldilmiş gülqabı,
üzük, sırqa,
balıq, qurbağa, tısbağa, dovşan, timsah, cizgi filmlərinin
qəhrəmanları olan
Maşa, ayı və başqa fiqurlar bir daha
Gülayın istedadlı
və bacarıqlı
olduğunu sübut edir. Məktəbli qızın qoz qabığının içinə
yerləşdirdiyi kitab
rəfi daha çox marağımıza
səbəb oldu. G.Mikayıllı düzəltdiyi
bu əşyalarla qədim el sənətinə
də yeni töhfələr verir, yeni naxışlar vurur. Sanki irigövdəli
ağaclarda tər pöhrələr bitir. Kiçik qardaşı Ömər bacısının
böyük maraq doğuran əl işlərinə, çəkdiyi
rəsmlərə baxdıqca
onun da könlündə
rəssam olmaq istəyi yaranır. O da insanları heyran qoyan bu
sənətə böyük
maraq göstərir. Kim bilir, bəlkə
Ömər də gələcəkdə rəssam
olacaq.
Gülay nə
düzəldirsə, nə
çəkirsə, bütün
işləri ürəkdən,
sevə-sevə görür.
Elə buna görə də hər şey uğurlu alınır. O, hələ çox gəncdir. Böyük mənalarla dolu olan həm yaradıcılıq,
həm də həyat yolları hələ qarşıdadır.
İnanırıq ki,
məktəbli qız
ömrünün qarşıdakı
illərində qazanacağı
uğurları ilə
anası Mətanəti,
atası Anarı bol-bol sevindirəcək. Bu gün onun
çəkdiyi əsərlər
orta təhsil ocaqlarında keçirilən
sərgilərdə nümayiş
etdirilir. Amma gün gələcək ki, Gülayın əsərləri həm ölkəmizdəki, həm
də dünyadakı
böyük sərgi salonlarına ayaq açacaq...
V.MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
23 oktyabr (№ 233).- S.15.