Naxçıvanın "yaşıl potensial"ı

 

Culfada yaradılan modern elektrik stansiyaları bu prosesə mühüm töhfə verir

 

 

Azərbaycanın "yaşıl enerji" zonası elan olunan Naxçıvan Muxtar Respublikasındayıq. Səfərimizin məqsədi qədim yurdumuzun sahib olduğu bərpaolunan enerji potensialı ilə yaxından tanış olmaqdır.

Üz tutduğumuz ilk ünvan isə həm küləkli, həm günəşli iqlimi ilə diqqətçəkən Culfa rayonunda inşa edilən Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasıdır...

Burada müşahidə olunan küləkli günəşli günlər ərazidə həm küləkdən, həm Günəşdən enerji almağa imkan verir.

Elə maşından düşər-düşməz stansiyanın tikintisi üçün bu ərazinin niyə seçildiyi aydın olur. Bakının küləyindən gəlib, indi Culfanın küləyinə yaxalanmışıq...

Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasına doğru irəlilədikcə küləyin səsindən bir-birimizi çətinliklə eşidirik. Bu arada qulağımıza çatır ki, Culfaya həm Naxçıvanın "küləklər şəhəri" deyirlərmiş...

 

 

Naxçıvanın bərpaolunan enerji potensialı, "yaşıl enerji" üçün ayrılan ərazilər

 

 

Doğrudur, Naxçıvan ərazisi küləkli sayılmasa da, Culfa bu baxımdan fərqlənir. Stansiyalardan müşahidələrə əsasən, küləyin maksimal sürəti 17 km/saata qədər olur. Bununla yanaşı, Günəş burada özünü tez-tez göstərir. Günəşli saatların illik maksimum miqdarı da Naxçıvanda müşahidə olunur. Bu baxımdan ərazidə hibrid elektrik stansiyası tikilərək istismara verilib. Stansiyalarda əldə olunan enerji Culfa Elektrik Stansiyasına ötürülərək rayonun enerji təchizatında mühüm rol oynayır.

Prezident İlham Əliyevin 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncamına əsasən, Qarabağ Şərqi Zəngəzurla yanaşı,  Naxçıvan Muxtar Respublikası da "yaşıl enerji" zonası elan olunub. Naxçıvanın alternativ enerji potensialı yüksək olmaqla yanaşı, bölgənin Türkiyə ilə sərhəd olması enerjinin Avropa bazarına çıxarılması ilə Azərbaycanın Qərbin enerji təhlükəsizliyindəki rolunu da artırır.

Hazırda Naxçıvandakı "yaşıl enerji" mənbələrindən 244,8 mVt enerji almaq mümkündür. Amma yaxın gələcəkdə bu gücə dövlət-özəl tərəfdaşlığı çərçivəsində 1500 mVt gücün əlavə olunması mümkün ola bilər ki, bu da enerji istehsalını 5 dəfə artacaq. İstehsal olunacaq bərpaolunan enerji muxtar respublikanı tam təmin etməklə yanaşı, xarici ölkələrə ixracına da şərait yaradacaq. Bu da Naxçıvanın ixrac potensialının yüksək olduğunu bir daha göstərir.

Naxçıvanda "yaşıl enerji" layihələrinin reallaşdırılması üçün 7992 hektar əkinə yararsız sahə nəzərdə tutulub. Artıq investisiya prosesinə başlanılıb. Layihələndirmə işlərinin aparılması üçün müvafiq məsləhətçi şirkətlərlə danışıqlar aparılıb. Yerli şirkətlərlə yanaşı, Türkiyə, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya şirkətləri Naxçıvanda bərpaolunan enerji mənbələrinin qurulmasında maraqlıdırlar. Onların bir neçəsinin nümayəndəsi ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) Energetika Xidməti arasında yaxın zamanda əməliyyat müqaviləsinin imzalanması da gözlənilir.

 

 

Hibrid Elektrik Stansiyası bu il 1 milyon 384 min kVt/saat enerji istehsal edib

 

 

Ərazisində olduğumuz Külək-Günəş Hibrid Elektrik Stansiyası 1,1 meqavat gücündədir. Burada müşahidə apardıqdan sonra idarəetmə otağına baş çəkirik. Stansiyanın sahə müdiri Ayaz Hüseynovla həmsöhbət oluruq.

Sahə müdiri bildirir ki, bu otaqdan ərazidəki stansiyaları idarə etmək mümkündür, eyni zamanda hər hansı problem olanda sistemdən nasazlığı görə bilirlər. Proqram, həmçinin telefon vasitəsilə uzaqdan idarəetməyə imkan verir.

Culfanın küləkli olması burada küləkdən enerji alınma potensialını artırır. 2021-ci ildə istifadəyə verilən stansiya 3,3 hektar sahəni əhatə edir. Stansiyada gücü 10 kVt olan 12 külək turbini quraşdırılıb hava xətti ilə Culfa şəbəkəsinə ötürülür. Bundan başqa, 12 ədəd invertor mövcuddur.

Burada Günəşdən enerjinin alınması üçün əlverişli hava şəraiti var. Buna görə stansiyada gücü 280 vatt olan 3520 günəş paneli 20 ədəd gücü 50 kVt olan invertorlar quraşdırılıb.

Hibrid stansiya ötən il 1 milyon 600 min kVt/saat, bu ilin 9 ayında isə 1 milyon 384 min kVt/saat enerji istehsal edib. A.Hüseynov vurğulayır ki, Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasının yerləşdiyi ərazidən külək enerjisi üzrə toplanılmış statistik məlumatlara əsasən, ərazidə 3 mVt-lıq külək turbini qurularsa, il ərzində təqribən 6,5 mln kVt/saat elektrik enerjisi almaq mümkündür.

Culfada "yaşıl enerji" layihələrinin reallaşdırılması üçün ümumilikdə  əkinəyararsız 667 hektar ərazi müəyyən olunub. Həmin ərazilərdə külək-elektrik stansiyalarının qurulması planlaşdırılır. Bundan başqa, Babəkdə 2196 ha, Şahbuzda 64 ha ərazi külək-elektrik stansiyalarının qurulması üçün müəyyən olunub. Hazırda bu istiqamətdə işlər gedir. Belə ki, Danimarka şirkəti Naxçıvanda yeni külək-elektrik stansiyası qurmaq niyyətindədir. Bununla bağlı görüşlər keçirilib, hazırda layihənin texniki-iqtisadi göstəriciləri araşdırılır.

Stansiya ilə tanışlıqdan sonra ona yaxın ərazidə yerləşən Culfa Külək-Elektrik Stansiyasına da baş çəkirik. Ümumi gücü 0,3 mVt olan Culfa KES Türkiyənin ANE şirkəti yerli mütəxəssislər tərəfindən 2022-ci ildə ərsəyə gətirilib. Stansiyada 10 ədəd gücü 30 kVt olan külək turbini 30 kVt gücündə olan invertor quraşdırılıb. Culfa KES- bu ilin 9 ayında 446 min kVt/saat enerji istehsal edilib.

 

 

Enerji təminatının 55 faizi bərpaolunan enerji hesabınadır

 

 

Müşahidələrimiz göstərdi ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "yaşıl enerji" zonası elan olunan Naxçıvanın bərpaolunan enerji potensialı yüksəkdir. Xüsusilə son illərdə alternativ enerji mənbələrinin genişləndirilməsi, həmçinin dövlət proqramının prioritet istiqaməti kimi müəyyənləşdirilən elektrik enerjisi istehsalının ixracının artırılması yaxın gələcəkdə Naxçıvanın bu sahədə daha da inkişaf edəcəyindən xəbər verir. İldən-ilə "yaşıl enerji" payı artan muxtar respublikada ötən ilin doqquz ayında bərpaolunan enerjinin istehsalı 35,1 faiz olduğu halda cari ilin müvafiq dövründə bu göstərici 53 faizə yüksəlib. Hazırda Naxçıvanda ümumi elektrik enerjisinin 55 faizi  bərpaolunan enerji hesabına təmin olunur.

 

 

Naxçıvanın birgünlük elektrik enerjisinə tələbatı "yaşıl enerji" hesabına ödənilib

 

Bunu oktyabrın 11-də həyata keçirilən təcrübədən göstərə bilərik. Belə ki, Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən olan 2050-ci ilə qədər atmosferə buraxılan karbon emissiyalarının 40 faizə qədər azaldılması əsas götürülərək, Naxçıvanda karbon emissiyası birgünlük sıfıra salınıb. Təbii ki, günümüzdə istixana qazlarını azaltmağın yollarından biri alternativ enerjidən maksimum istifadədir. Elə bu məqsədlə muxtar respublikanın birgünlük 947508 kV/saat elektrik enerjisinə tələbatı  "yaşıl enerji" hesabına ödənilib. Bununla digər günlərlə müqayisədə 130 min kubmetr həcmində təbii qaza qənaət edilib.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair beş Milli Prioritet"dən biri təmiz ətraf mühit "yaşıl artım" ölkəsinə çevrilmişdir. Hazırda dünyada "yaşıl enerji"yə marağın artdığını nəzərə alaraq, bu sahədə meqalayihələrin təşəbbüskarlarından olan, "yaşıl ölkə"yə çevrilməyi hədəfləyən Azərbaycanın həyata keçirdiyi keçirəcəyi işlər ölkəmizi alternativ enerji sahəsində lider edəcəkdir. "Yaşıl enerji" zonaları elan olunan Qarabağ, Şərqi Zəngəzur Naxçıvan isə bu sahədə məxsusi rol oynayacaq.

Bizim "yaşıl yol"umuz isə hələ qabaqdadır. Küləkli Culfanı geridə qoyaraq Babək rayonuna - digər alternativ enerji mənbələrinə yollanırıq.

Bu dəfə isə Günəşin suyun  bəxş etdiyi enerji sahələrinə...

 

(Ardı var)

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 23 oktyabr (№ 233).- S.13.