Regionda
fəaliyyət göstərən
iş adamları Füzuliyə toplaşdılar
İqtisadiyyat Nazirliyi
yanında Dövlət
Vergi Xidmətinin (DVX)
Qarabağ Ərazi Vergilər Baş İdarəsi Füzuli şəhərində Ağdam,
Füzuli və Xocavənddə sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan vergiödəyiciləri ilə
görüş keçirib.
Müxtəlif sahələrdə
fəaliyyət göstərən
70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinə
göstərilən xidmətlər,
işğaldan azad edilmiş ərazilərdə
tətbiq olunan vergi güzəştləri,
o cümlədən kreditlərin
dövlət zəmanəti
ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.
Tədbirdə çıxış
edən Sahibkarlığın
İnkişafı Fondunun
(SİF) İdarə Heyətinin
üzvü Emin Şirinov təmsil etdiyi qurumun fəaliyyəti barədə
danışıb. Bildirib
ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kreditin ayrılması təmin edilib. O, bu mexanizmi
sahibkarlara çatdırmaqda
fondun xüsusilə maraqlı olduğunu vurğulayıb. Qeyd edib ki, SİF üzləşdikləri çətinliklərin
həlli istiqamətində
sahibkarlara səlahiyyətləri
çərçivəsində dəstək verməyə
hazırdır.
Qarabağ Ərazi
Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov
işğaldan azad olunmuş ərazilərə
Böyük qayıdış
proqramı ilə bağlı bir sıra məqamlara toxunub, bu ərazilərdə
sahibkarlığın inkişafı
istiqamətində dövlət
tərəfindən atılan
addımlar barədə
geniş məlumat verib. Diqqətə çatdırılıb ki,
sahibkarlığın inkişafına
yönələn dəstək
mexanizmləri bu ərazilərdə insanların
məskunlaşması, işçi
qüvvəsinin cəlb
olunması, infrastrukturun
böyüməsi baxımından
önəmlidir.
Görüşdə qeyd olunub ki,
işğaldan azad olunmuş ərazilərdə
fəaliyyət göstərən
vergiödəyicilərinin monitorinqi aparılıb və əsas məqsəd sahibkarlıq
subyektlərinin vergi orqanında qeydiyyatda olmasının qiymətləndirilməsidir.
Çünki məhz
qeydiyyatda olan sahibkarlıq subyektləri
bu ərazilərdə
rezident statusu əldə edərək vergi güzəştlərindən
yararlana biləcəklər.
Sonda müxtəlif
mövzular ətrafında
fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Lazım QULİYEV,
Azərbaycan.-2024.-
23 oktyabr (№ 233).- S.14.