Torpağa baş əyməsən, başın uca olmayacaq
Cəlilabadlı fermerlər bu sadə həqiqəti çoxdan dərk ediblər
Cəlilabad Azərbaycanın
iri kənd təsərrüfatı rayonlarından
sayılır. Torpağı
münbit, havası mülayim, insanları zəhmətkeşdir bu yerin. Vaxtilə taxıl istehsalında qazandığı yüksək
göstəricilərə görə
Cəlilabadı "Azərbaycanın
Ukraynası" da adlandırıblar.
Amma həyat yerində qalmır, zamanın çarxı daim irəli fırlanır. Müstəqilliyimiz
bərpa edildikdən sonra torpaqların kəndlilərə təmənnasız
verilməsi aqrar sektor üçün geniş imkanlar yaratdı. Düzdür, əvvəllər kənd
camaatı müəyyən
çətinliklərlə qarşılaşdı. Lakin
zaman keçdikcə bütün ölkədəki
kimi, Cəlilabadda da torpaq sahibləri
çətinliklərin həll
edilməsi yollarını
öyrəndilər. Torpaqdan
daha çox məhsul götürmək,
daha çox qazanc əldə etmək üçün əkinçiliyin müxtəlif
sahələrində bəxtlərini
sınadılar. Kartof,
çiyələk yetişdirməyə
təşəbbüs göstərdilər,
üzümçülüyün bərpa edilməsinə, bu sahədə itirilmiş şöhrətin
geri qaytarılmasına
çalışdılar. Digər
kənd təsərrüfatı
məhsulları - mərci,
noxud, lərgə, qarğıdalı, günəbaxan,
kələm, sarımsaq
yetişdirdilər. Lakin
rayonun adına şərəf, şöhrət,
şan gətirən taxıl bir gün də olsun unudulmadı. Dağlıq ərazilərdə
dəmyə şəraitində
buğda yetişdirən
kəndlilər indi də bu strateji
məhsulun istehsalını
artırmağa çalışırlar.
Çalışırlar ki,
ölkənin taxıl
idxalından asılılığını
minimuma endirsinlər, ərzaq təhlükəsizliyinin
təmin olunmasında
əllərindən gələni
əsirgəməsinlər, bu istiqamətdə dövlətin dəstəyindən
maksimum istifadə etsinlər.
2023-cü ilin payızında
bu ilin məhsulu
üçün rayon
üzrə 56 min 580 hektara buğda, 9 min 650 hektara arpa toxumu səpilmişdir.
Yeri gəlmişkən,
qeyd edək ki, təsərrüfat mövsümü taxılçılıq
üçün nisbətən
uğurlu olmuşdur. Yağışlar dəmyə
torpaqlarda normal çıxış almağa
və yaz aylarında onların inkişafına şərait
yaratmışdır. Bununla
yanaşı, fermerlər
də əkinlərin
yemlənməsi və
ziyanvericilərə qarşı
mübarizə tədbirlərinin
görülməsi, alaq
otlarına qarşı
herbisidlərin səpilməsi
işini vaxtında həyata keçirmişlər.
Çəkilən zəhmət,
görülən tədbirlər
nəticəsiz qalmamışdı.
Hər hektardan 32,3 sentner buğda, 26,8 sentner arpa biçilmişdir
ki, bu da
əvvəlki ildəkindən
xeyli çoxdur. Fermerlərdən Lətif
Ağayev, Etibar Hüseynov, Vahid Ağayev, Vüqar Musayev daha yaxşı
nəticələr əldə
edərək hər hektardan 36 - 38 sentner məhsul götürmüşlər.
Taxılçı fermerlər
hazırda növbəti
ilin məhsulu üçün əkinə
hazırlaşırlar. Onlar
kifayət qədər
yüksək reproduksiyalı
toxum tədarük etmişlər. Son vaxtlar yağan yağışlar torpağı
xeyli dərəcədə
yumşaldaraq əkinə
yararlı hala salmışdır.
Taxılçılıqla yanaşı, "ikinci çörək" sayılan
kartof istehsalına da rayonda maraq
çoxdur. Cəlilabadda
hər il üç dəfə kartof yetişdirilir - erkən yazda sellofan örtük altında, yazda açıq havada və payızda. Məhsuldar kartof toxumları, əsasən,
Rusiya Federasiyasından
idxal edilir. Bununla xüsusi iş adamları məşğul olurlar. Kartof su tələb
edən bitkidir. Bu tələbatı ödəmək üçün
ayrı-ayrı fermerlər
öz sahələrində
artezian quyuları qazdırmışlar. Kartof
ən çox rayonun Muğan, Maşlıq ərazilərində
əkilib-becərilir. Yetişdirilən
nübar məhsul, əsasən, Rusiyanın ayrı-ayrı bazarlarına
göndərilir.
Bütün bitkilər
kimi kartofçuluq da təbiətdən asılıdır. Bəzən
hava şəraitinin həddən artıq quraqlıq və ya yağıntıların
intensiv olması ucbatından fermerlər yaxşı məhsul götürə bilmirlər.
Lakin bu onları heç də ruhdan salmır. Bilirlər ki, əkinçidirlərsə,
təbiətin şıltaqlıqlarına
dözməlidirlər. Bir il məhsul az olanda gələn
il çox ola bilər.
Cari ilin nəticələri də pis olmamışdır.
4 min 266 fermer tərəfindən
28 min hektarda kartof əkilmişdir. Həmin sahələrdən 81 min 760 ton
məhsul əldə edilmişdir. Hər hektarın məhsuldarlığı
292 sentner olmuşdur.
Torpağın sahibi olan fermer bu
gün ona nə sərf edirsə, onu da əkib-becərir. Əgər
bu gün o, çiyələk əkib
becərirsə, deməli,
qazanc yaxşıdır.
Gəlirli sahə olduğundan fermerlər, iş adamları xarici ölkələrdən
- Türkiyədən, İtaliyadan,
hətta ABŞ-dən
məhsuldar sortlar gətirib əkirlər. Kartof kimi çiyələkdən
də daha yaxşı gəlir əldə etmək üçün onu örtülü istixana, sellofan altında və açıq hava şəraitində becərirlər. Örtülü
istixana şəraitində
il boyu məhsul yetişdirmək mümkündür.
Bu istixanalar baha başa gəlsə də, yaxşı qazanc gətirir. Göytəpə şəhəri
ərazisində sahibkar
Mirağa Həsənovun
2 hektar belə çiyələk
istixanası var və
fermer qazancından narazı deyil.
Cari il rayonda 578 fermer 607 hektarda çiyələk
yetişdirmişdir. Toplanan
16 min 100 ton çiyələyin
11 min 967 tonu Rusiya Federasiyasına ixrac olunmuşdur. Hazırda çiyələk sahələrində
işlər davam edir, yeni şitillər əkilir, müəyyən
tədbirlər həyata
keçirilir.
Sovetlər Birliyi zamanı rayonda taxılçılıqdan sonra
ikinci mühüm sahə üzüm istehsalı olmuşdur. O
zaman rayonda üzüm
bağlarının həcmi
30 min hektara çatmışdır.
1982-ci ildə Cəlilabadda
209,2 min ton üzüm yetişdirilmişdir.
Məhsuldarlığın və məhsulun ildən-ilə artması əhalinin yaşayış
səviyyəsinin yüksəlməsinə,
tikinti-quruculuq işlərinin
genişləndirilməsinə imkan vermişdir. Yeni üzüm emalı zavodları, istehsal müəssisələri yaradılmış,
sosial əhəmiyyətli
binalar tikilmişdir. Məlum səbəblər
üzündən sonralar
üzüm bağları,
şərab zavodları
dağıdılaraq yox
edilmişdir.
Müstəqilliyimiz bərpa
olunduqdan sonra üzümçülüyə münasibət yenidən dəyişmişdir. Bu sahədə
rayonun keçmiş şöhrətini qaytarmaq
üçün xarici
ölkələrdən daha
məhsuldar və keyfiyyətli tinglər gətirilib yeni bağlar salınır. 1410 hektar üzüm bağlarından
cari il 19 min 920 ton üzüm yığılmışdır.
Hər hektarın məhsuldarlığı 120 sentner
olmuşdur. İstehsal
edilən həmin üzümün 306 tonu ixrac edilmişdir.
Cəlilabadda torpaq elə məhsuldardır
ki, eyni ildə torpaqdan bir neçə
dəfə məhsul əldə edilir. Bu məqsədlə cari il 2
min 190 hektarda təkrar
əkin aparılmışdır.
Həmin sahənin 803
hektarında payızlıq
kartof, 1035 hektarında
qarğıdalı, 351 hektarında
günəbaxan əkilmişdir.
Təkrar əkilən
qarğıdalı sahələrindən
462 hektarın məhsulu
yığılmışdır. 573 hektarın məhsulu isə hələ toplanmamışdır. Təkrar
əkin sahələrində
becərilən 148 hektar
şəkər çuğundurunun
yığımına artıq
başlanılmışdır.
2024-cü ildə rayon üzrə digər kənd təsərrüfatı məhsulları
da istehsal olunmuşdur.
8,7 tondan çox noxud, 391 ton mərci,
279,3 ton lərgə, 320 ton qarğıdalı dəni,
466 ton günəbaxan toxumu,
123 ton soğan, 495 ton sarımsaq,
80,5 ton pomidor, 27 ton xiyar,
3,3 ton badımcan, 85 ton qarpız,
33 ton yemiş və
s. kənd təsərrüfatı
məhsulları yetişdirilmişdir.
Artıq məhsul
yığımı başa
çatmaq üzrədir.
Cəlilabadlı fermerlər
artıq gələn ilin məhsulu üçün düşünüb-daşınırlar.
Onların hamısının
məqsəd və amalı eynidir - torpağa lazım olan üzvi və mineral gübrələri
verməklə onu daha münbit hala gətirmək. Torpaq isə çəkilən zəhməti,
göstərilən qayğını
heç vaxt itirmir, əvəzini artıqlaması ilə qaytarır.
Seyran CAVADOV,
Azərbaycan.-2024.- 23 oktyabr
(№ 233).- S.14.