Qarabağ
və Şərqi Zəngəzur kreativ sənaye zonasına çevrilir
Əgər desək
ki, işğaldan azad olunmuş ərazilərimizdə sənaye
müəssisələrinin sayı günbəgün
artır, burada heç bir mübaliğə olmaz. Bax elə bu
günlər Əsgəranda
sement zavodu fəaliyyətə başlayıb.
Xocalı rayonunun
Əsgəran qəsəbəsində
"Azərbaycan İnvestisiya
Şirkəti" ASC-nin
həmtəsisçisi olduğu
"Shahbulag Mining" MMC daha
bir layihənin icrasına başlayıb.
İllik istehsal gücü 60 min ton olan "AzCement" sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə
tutulub. Zavod işğaldan azad edilmiş ərazilərin
infrastrukturunun və sənaye potensialının
gücləndirilməsinə, regionun iqtisadi inkişafına töhfə
verəcək.
Əslində, bu
ərazilərdə açılan
hər bir müəssisə həmin
məqsədi daşıyır
- bölgəni
gücləndirmək, yurda
dönən insanların
məşğulluğunu həll
etmək, ölkə iqtisadiyyatına inteqrasiya olunmaq. Bu istiqamətdə
müəyyən edilən
hədəflərə çatmaq
üçün ardıcıl
iş aparılır. Məsələn,
2023-cü ildə işğaldan
azad edilmiş ərazilərimizdə 142 sənaye
müəssisəsi fəaliyyət
göstərib. Dövlət
Statistika Komitəsinin
məlumatına görə,
bu, 2022-ci illə müqayisədə 25,7 faiz
çoxdur. Bu müəssisələrin 82,4 faizi
və ya 117-si Qarabağ iqtisadi rayonunun, 17,6 faizi və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə
müvafiq olaraq 25,8 faiz və 25 faiz çoxdur.
İl ərzində işğaldan azad edilmiş ərazilərdə
sənaye fəaliyyəti
ilə məşğul
olmaq üçün
qeydə alınmış
fərdi sahibkarların
sayı 13,1 faiz artaraq 1218-ə çatıb.
Qarabağ iqtisadi rayonunda fərdi sahibkarların sayı 11,6
faiz artaraq 1070-ə, Şərqi Zəngəzur
iqtisadi rayonunda isə 25,4 faiz artaraq 148-ə çatıb.
Ötən il işğaldan azad edilmiş ərazilərdə
istehsal olunmuş sənaye məhsulunun dəyəri 298 milyard 679 milyon manat, o cümlədən Qarabağ
iqtisadi rayonunda 274 milyard 772 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23 milyard 908 milyon manat olub.
Bu bölgələrdə
sənayenin inkişaf
potensialı böyükdür.
Mütəxəssislərin fikrincə, resurslar burada sənayenin bir çox sahələrinin, o cümlədən
dağ-mədən, metallurgiya,
emal sənayesi, ərzaq istehsalı, elektrik enerjisi istehsalı, meşə sənayesi və kreativ sənayenin inkişafına imkan verir. Ötən 4 il ərzində istifadəyə
verilən enerji və
turizm obyektləri, istehsal müəssisələri də bunu göstərir. Prezident İlham Əliyev sözügedən bölgələrə
hər səfərində
fəaliyyətə
başlayan müəssisələrin
açılışını edir və daha neçəsinin
təməlini qoyur.
Dövlət başçısının
son bir neçə
aydakı səfərlərini
xatırlamaq kifayətdir.
Sentyabrın 19-da Ağdam
Sənaye Parkında
"BAFCO İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinin
(MMC) müxtəlif təyinatlı
ayaqqabıların istehsalı
zavodunun açılışı
oldu. Burada Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi
ilə müxtəlif
təyinatlı çəkmə,
tikintidə istifadə
üçün nəzərdə
tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik
ayaqqabılarının istehsalı
həyata keçirilir.
İnvestisiya dəyəri
10 milyon manatdan çox olan müəssisədə ümumilikdə
120 nəfər işlə
təmin ediləcək.
İşçilərin Ağdamdan
və ətraf rayonlardan cəlb edilməsi nəzərdə
tutulur.
Zavod ildə
510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da
350 min cütünü
təhlükəsizlik ayaqqabıları,
160 min cütünü
isə poliuretan çəkmələr təşkil
edəcək. İstehsal
olunan məhsulların
65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
"Eel Electric" MMC elektrik paylayıcı avadanlıqların, elektrik
yuvalarının və
beton yarımstansiyalarının
istehsalı zavodudur.
"Eel Electric" tərəfindən
Avropa və Türkiyənin qabaqcıl
texnologiyasının tətbiqi
ilə 35 kV, 10 kV və 0,4 kV-luq elektrik paylayıcı qurğularının
istehsalı üzrə
müəssisə fəaliyyət
göstərəcək.
"Eel Electric" MMC 2022-ci ilin noyabr ayında
Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya
dəyəri 3 milyon manatdan çox olan müəssisədə
70 nəfər işlə
təmin ediləcək.
Ağdam Sənaye
Parkının rezidentlərindən
biri də "Rail
Trans Service" MMC-nin avtomatlaşdırma
və telemexanika sistemlərinin istehsalı
zavodudur. "Rail Trans Service" MMC 2022-ci ilin
oktyabrında Ağdam
Sənaye Parkının
rezidenti kimi qeydiyyata alınıb.
"Rail Trans Service" MMC sənaye parkının 1,6 hektar ərazisində "Avtomatlaşdırma
və telemexanika sistemlərinin istehsalı"
layihəsini həyata
keçirəcək.
İnvestisiya dəyəri
8,92 milyon manat olan müəssisədə
60 nəfər işlə
təmin ediləcək.
"Mister
Decor" MMC isə divar
kağızları istehsalı
zavodudur. İnvestisiya
həcmi 8 milyon manat olan müəssisə
Cənubi Qafqazda divar kağızlarının
istehsalı üzrə
ixtisaslaşmış ilk zavoddur.
İllik gücü
2,1 milyon ədəd rulon divar kağızının
istehsalı olan müəssisədə 76 nəfərin
məşğulluq problemi
həll olunacaq.
Alman texnologiyasından istifadə
edilən müəssisədə
istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə
ixracı da planlaşdırılır.
"Metkons" Məhdud Məsuliyyətli Cəmiyyətinin
havalandırma, yanğınsöndürmə
avadanlıqları və
metal məmulatları istehsalı
zavodu da fəaliyyətə
başlayıb. Türkiyə,
İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq
olunduğu müəssisənin
illik gücü 33 min
ədəd müxtəlif
avadanlıq istehsalıdır.
Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə
90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə
tutulur.
Dövlət başçısı
eyni zamanda parkın rezidenti
"Prof-Dam" Məhdud Məsuliyyətli
Cəmiyyətinin dam örtükləri
istehsalı zavodunun açılışında iştirak
edib. Bu layihə çərçivəsində dam və fasad örtülməsi
üçün nəzərdə
tutulmuş profilli təbəqələrin, metalkirəmit
plitələrin, sendviç
panellərin və müxtəlif dam örtüyü
aksessuarlarının istehsalı
təşkil ediləcək.
"Prof-Dam"
MMC 2022-ci ilin aprelində
Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İki hektar ərazidə yaradılan müəssisədə
məhsul buraxılışı
İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə
texnologiyalarının tətbiqi
ilə həyata keçiriləcək.
İnvestisiya dəyəri
8,5 milyon manat olan müəssisədə
40-dək iş yeri yaradılacaq.
Xatırladaq ki, Ağdam
Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği
238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye
parkında ümumilikdə
2090 iş yerinin yaradılması nəzərdə
tutulur. İndiyədək
rezidentlər tərəfindən
sənaye parkına 72
milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi
iş yeri yaradılıb.
"Araz Vadisi İqtisadi
Zonası" Sənaye
Parkında isə hələlik bir müəssisə fəaliyyət
göstərir. Burada kənd təsərrüfatı
texnikalarına, yük
maşınlarına texniki
servis xidməti göstərilir. Dövlət
başçısı bu
ayın əvvəlində
Cəbrayıl rayonuna
səfəri çərçivəsində
sənaye parkında bir sıra müəssisələrin
təməlini qoydu.
Deməli, Qarabağda
və Şərqi Zəngəzurda sənaye müəəssisələrinin şəbəkəsi getdikcə
genişlənir. Bu müəssisələrdə
çalışanlar doğma
kəndinə, şəhərinə
dönən keçmiş
məcburi köçkünlərdir.
Böyük qayıdış
uğurla davam edir. Qayıdanların hər biri üçün
də iş olacaq!
Flora SADIQLI,
Azərbaycan.-2024.- 24 oktyabr
(¹ 234).- S.9.