Energetika
naziri Çində “Bir kəmər, bir yol” təşəbbüsünün
inkişafında yaşıl
enerji dəhlizlərinin
rolundan danışıb
Çinin Şandon
əyalətinin Çindao
şəhərində “Bir
kəmər, bir yol” enerji nazirlərinin
3-cü konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir
Çinin Milli Enerji Administrasiyasının
təşkilatçılığı ilə “Enerjinin birgə gələcəyi
üçün yeniliyin
gətirilməsi” mövzusunda
təşkil olunur.
Dünyanın təxminən 30 ölkəsindən müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, enerji, o cümlədən yaşıl enerji şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edir.
Açılış mərasimində çıxış
edən Çin Milli Enerji Administrasiyasının
rəhbəri Can Cienhua, Şandon əyalətinin qubernatoru Cou Naysian və
başqaları enerji təhlükəsizliyi üzrə
əməkdaşlıq, enerji
bazarlarının inkişafı,
yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji
yeniliklər və yaşıl enerjinin təşviqi üçün
maliyyə imkanlarının
araşdırılması sahəsində
birgə əməkdaşlığın
əhəmiyyətini vurğulayıblar.
Konfransın açılış
mərasimində çıxış
edən energetika naziri Pərviz Şahbazov “Bir kəmər, bir yol” layihəsini Avrasiyanın müasir geoiqtisadi landşaftını
formalaşdıran müdrik
bir təşəbbüs
olduğunu vurğulayıb,
Avropa ilə Asiya arasında tranzit mərkəzi kimi mövqeyi, nəqliyyat və enerji dəhlizləri vasitəsilə Azərbaycanın
bu layihədə mühüm rolunu qeyd edib. Nazir
çıxışı zamanı
hazırda ölkəmizin
Çindən Avropaya
ən qısa yolu - Orta Dəhlizi
gücləndirən, “Bir
kəmər, bir yol”a yaşıl
enerji bağlantıları
ilə töhfə verən strateji kursundan danışıb.
Bildirilib ki, Azərbaycan və Çin liderləri strateji tərəfdaşlığın
qurulması haqqında
Birgə Bəyannamə
qəbul etməklə
münasibətləri tamamilə
yeni səviyyəyə
yüksəldiblər.
“Azərbaycan-Çin münasibətlərinin zirvəsi
olan bəyannamə müasir İpək Yolu qurşağında enerji tərəfdaşlığının
inkişafı üçün
geniş imkanlar açır. Bir-birini prioritet, etibarlı və strateji tərəfdaş hesab edən ölkələrimizin
neft-qaz hasilatı, emalı, yaşıl enerji sahələrində
əməkdaşlığını dərinləşdirən yol
xəritəsi müəyyənləşdirir.
Yaşıl enerji üzrə böyük imkanları və təcrübəni birləşdirən
Azərbaycan-Çin tərəfdaşlığı
“Bir kəmər, bir yol”, davamlı
inkişaf, qlobal iqlim və enerji
çağırışlarına cavab vermək istiqamətlərində mühüm
əhəmiyyət daşıyır”,
- deyə nazir vurğulayıb.
Həmçinin Çin
şirkətlərinin Azərbaycanda
yaşıl enerjinin
2027-ci ilədək olan
birinci inkişaf mərhələsində stansiyaların
yaşıl texnologiyalarla
təchizatı və
günəş enerjisi
güclərinin yaradılmasında
iştirak etdikləri
diqqətə çatdırılıb.
Bu xüsusda, “Energy
China” şirkəti ilə
2 qiqavat gücündə
bərpaolunan enerji layihələrinin həyata
keçirilməsinə dair
Anlaşma Memorandumu çərçivəsində hazırda 160 meqavat gücündə iki günəş elektrik stansiyasının tikintisi,
100 meqavat gücündə
“Qobustan” GES layihəsi
ilə bağlı keçirilən tenderdə
Çin şirkətlərinin
iştirakı, eləcə
də “China Datang”,
TBEA və “PowerChina” şirkətləri ilə
əməkdaşlıq planlarından
bəhs edilib. Bu əməkdaşlığın
bərpaolunan enerjinin
2030-cu ilə olan növbəti mərhələsi
çərçivəsində Azərbaycanın lokomotivliyi
ilə həyata keçirilən yaşıl
enerji dəhlizləri
aspektində xüsusilə
əhəmiyyətli olduğu
qeyd edilib.
Nazir deyib ki, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”,
həmçinin Azərbaycan,
Qazaxıstan və Özbəkistanın enerji
sistemlərini birləşdirən
və Avropa-Xəzər
enerji dəhlizi ilə əlaqələnən
“Mərkəzi Asiya-Azərbaycan-Avropa”
yaşıl enerji dəhlizləri, ümumilikdə
təxminən 10 qiqavat
enerjinin Asiya ilə Avropa arasında ötürülməsini
təmin etmək perspektivlərinə malikdir:
“Daha geniş inteqrasiya olunmuş regional elektrik enerjisi bazarlarının yaradılmasını dəstəkləyən
bu dəhlizlər üzrə əməkdaşlıq
Çinin “karbon neytrallığı” hədəfinə,
Mərkəzi Asiya və Azərbaycandan yaşıl enerji idxal etməklə enerji təchizatını
şaxələndirməsinə töhfə verə bilər. Dənizdə yaşıl enerji layihələri, elektrik şəbəkələrinin genişləndirilməsi,
elektrik ötürücü
xətlərin inşası,
enerji saxlama sistemləri və bərpaolunan enerji texnologiyaları üzrə
investisiya və inkişafyönümlü əməkdaşlıqla
Çinin bu dəhlizlərdə geniş
iştirak imkanları
var”, - deyə nazir əlavə edib.
Nazir, həmçinin COP29 sədrliyinin enerji təşəbbüslərinə də toxunub. Çini, “Bir kəmər, bir yol” ölkələrini Qlobal İqlim Sammitində fəal iştiraka və Azərbaycanın təşəbbüslərinə qoşulmağa çağırıb.
Konfransda “Bir Kəmər, Bir Yol Yaşıl Enerji Əməkdaşlıq
Fəaliyyət Planı”
qəbul olunub. Bundan başqa, “Bir kəmər, bir yol” enerji
platformasına yeni ölkələr qəbul
olunub, platformanın katibliyinin ofisi təsis edilib, “Bir kəmər, bir yol” yaşıl
enerji əməkdaşlıq
fəaliyyət planı
açıqlanıb, mükafatlar
təqdim olunub.
Konfrans işini
bölmə iclaslarında
davam etdirəcək.
Qeyd edək ki, “Bir kəmər, bir yol” enerji nazirlərinin ilk konfransı 2018-ci ildə Şanxayda keçirilib. Konfransda “Bir kəmər, bir yol”un Enerji Tərəfdaşlığının Qurulmasına dair Nazirlərin Birgə Bəyannaməsi qəbul olunub.
Azərbaycan.-2024.- 24 oktyabr (¹ 234).- S.7.