Leyla
Həsənova: İqlim
dəyişikliyi gender
bərabərsizliyini daha
da dərinləşdirir
COP29-un Azərbaycan üzrə
gənclər iqlim çempionu Leyla Həsənova oktyabrın
22-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və
BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin
Gücləndirilməsi üzrə
Agentliyinin (UN Women) birgə təşkilatçılığı
ilə Cenevrədə
keçirilən “Pekin+30” Regional Baxış Görüşü
çərçivəsində təşkil olunan “Gender fərqinin aradan qaldırılması:
Avropa İqtisadi Əməkdaşlıq (ECE) regionunda
Dayanıqlı İnkişaf
Məqsədlərinə nail
olmaq üçün
effektiv siyasətlər”
mövzusunda sessiyada çıxış edib.
AZƏRTAC xəbər verir ki, L.Həsənova
çıxışında iqlim dəyişikliyinin mövcud gender bərabərsizliyini daha da dərinləşdirdiyini,
xüsusilə qadınların
və qızların fəaliyyətini, sağlamlığını
və təhlükəsizliyini
təhdid etdiyini vurğulayıb.
İqlim fəlakətləri
nəticəsində yaşayış
yerlərini tərk etmək məcburiyyətində
qalan insanların 80 faizini qadınların və uşaqların təşkil etdiyini diqqətə çatdıran
gənclər iqlim çempionu bildirib ki, buna baxmayaraq
qadınlar iqlim böhranlarına cavab verməkdə, qabaqcıl
həll yollarının
tapılmasında və
iqlim məsələləri
ilə bağlı təşəbbüslərdə ön sıralardadırlar.
O, bu xüsusda dayanıqlı elektrik enerjisi istehsal etmək üçün yağış suyunun gücündən istifadə
edilməsinə dair ixtiranın müəllifi,
azərbaycanlı gənc
Reyhan Camalovanın dünyada böyük rəğbət və maraqla qarşılanan fəaliyyətini iştirakçıların
diqqətinə çatdırıb.
L.Həsənova iqlim
fəaliyyəti ilə
gender bərabərliyinin
inkişaf etdirilməsində
maliyyə mənbələrinə,
layiqli işə və məlumatlara çıxış imkanlarının
önəmini xüsusi
vurğulayıb. Qeyd edib ki, iqlim
maliyyəsi nadir hallarda yerlərdəki qadınlara, xüsusən
də iqlim dəyişikliyi ilə bağlı ilk sıralarda çalışanlara
çatır. Əsas
məqsəd kimi gender bərabərliyinə
həsr olunmuş iqlim maliyyəsi cəmi 2,4 faiz səviyyəsindədir.
“Biz qadınların
və qızların iqlim liderləri və aktorları kimi mühüm rolunu gücləndirməliyik.
Bütün hökumətlərin,
maliyyə institutlarının,
xeyriyyəçilik və
digər maraqlı tərəflərin iqlim dəyişikliyindən ən
çox təsirlənən
bölgələrdə qadınlara
və qızlara maliyyə axınını
artırmağa ehtiyac
var”, - deyə L.Həsənova xüsusi vurğulayıb.
Həmçinin qeyd edilib ki, qlobal miqyasda biznesin böyüməsində gender fərqinin aradan qaldırılması ümumi daxili məhsula 2,3 trilyon dollar və 433 milyon iş yeri qazandıra bilər. Bu isə gender bərabərliyini və qadın hüquqlarını əsas götürən iqlim təşəbbüslərinə sərmayə qoymağın əhəmiyyətini və faydalılığını göstərir.
Azərbaycan.-2024.- 24 oktyabr (№ 234).- S.7.