Gənclər
Kitabxanasında gənc
bəstəkar Ərtoğrul
Cavidin xatirəsinə
həsr olunmuş material hazırlanıb
Bu gün görkəmli Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavidin oğlu, gənc, istedadlı bəstəkar, Ərtoğrul
Cavidin anadan olmasından 105 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Hüseyn Cavid ocağının varisi, həyatının
24-cü payızında vəfat
edən Ərtoğrulun
xatirəsinə həsr
edilmiş məlumat bülleteni hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Türk oğlu Ərtoğrul Cavid-105” adlı materialda istedadlı bəstəkar, şair və rəssamın həyat və yaradıcılığı, 34-dən artıq xalq mahnısı və el havalarını nota köçürməsi, öz yaradıcılığında onlardan yararlanaraq yaratdığı gözəl romans və mahnılar haqqında məlumat verilir. Materialda Əməkdar elm xadimi, akademik, görkəmli ədəbiyyatşünas, tənqidçi Məmməd Cəfər Cəfərov, Xalq artisti, bəstəkar Cahangir Cahangirov, Xalq yazıçısı Anar və digər görkəmli şəxslərin gənc bəstəkar haqqında söylədikləri dəyərli fikirlər, Ərtoğrul Cavid haqqında qələmə alınan “Cavid ocağının istedadla nurlanmış övladı”, “Hüseyn Cavidin natamam əsəri - Ərtoğrol Cavid”, “Vaxtdan uca”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”, “Balaca pianoçunun musiqi albomu” kimi kitabların biblioqrafik təsviri və qısa annotasiyası, 2009-2023-cü illəri əhatə edən dövrü mətbuat nümunələri yer alır.
Azərbaycan.-
2024.- 24 oktyabr (№ 234).- S.11.