Qərbin tövsiyələri əsasında "islahatlar..."

 

 

Gürcüstanda daxili problemlərə yol aça bilər

 

 

 

"Sabah Gürcüstanda parlament seçkiləri baş tutacaq. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda xaricdə səs vermək hüququ olan seçicilərin sayı 95834 nəfərdir. MSK xaricdə səsvermə hüququ olanlar üçün 42 ölkədə 60 seçki məntəqəsinin yaradılması barədə qərar qəbul edib".

Bu sözləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva deyib. Ekspert bildirib ki, qarşıdan gələn seçkilər təkcə mahiyyətinə görə deyil, həm də bir sıra digər cəhətlərinə görə unikaldır. Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin oktyabrın 31-də keçirilib və hakim "Gürcü Arzusu" partiyası 48,22 faiz səslə qalib gəlib. Əvvəlki illərdən fərqli olaraq 2017-ci ilin sentyabrın 26-da qəbul edilmiş konstitusiya dəyişikliklərinə əsasən, budəfəki seçkilər 5 faizlik həddi olan tam proporsional sistemlə keçiriləcək. "Gürcüstanda builki parlament seçkilərində seçicilərin 90 faizi elektron texnologiyadan istifadə edərək səsvermədə iştirak edəcəklər. Bunun ilk proporsional seçkilər olması və parlamentə düşmək üçün 5 faizlik baryeri keçməyin zəruriliyi siyasi partiyaları koalisiya yaratmağa sövq edib. Bundan əlavə, 5 faizlik baryeri aşmaq üçün əsas iddiaçı müxalifət partiyaları prezidentin təşəbbüsü ilə Gürcüstan Xartiyasını imzalayıblar", - deyə ekspert əlavə edib.

N.Mirzəyeva qeyd edib ki, hazırkı vəziyyətə görə, qeydiyyatdan keçmiş 19 partiyadan "Gürcü Arzusu" partiyası "Xalqın Gücü" hərəkatı ilə birlikdə, "Vahid Milli Hərəkat", "Ağmaşenebeli Strategiyası" və digər sabiq, o cümlədən, yeni siyasi simaların birləşdiyi "Gürcüstanın Xilası Naminə" koalisiyasının, "Axali", "Girçi", "Droa" partiyalarının birgə formalaşdırdığı "Dəyişikliklər Koalisiyası"nı, "Gürcüstan üçün Lelo", "Vətəndaşlar" və "Azadlıq Meydanı" partiyalarını özündə birləşdirən "Güclü Gürcüstan" alyansının, sabiq baş nazir Georgi Qaxariyanın rəhbərlik etdiyi "Gürcüstan naminə" birliyinin seçki həddini keçəcəyini ehtimal etmək mümkündür.

Bir çox ekspertlər budəfəki seçkilərin xaraktercə daha mürəkkəb və proqnozlaşdırılmasının çətin olduğunu bildirirlər. Hakim partiya digər partiyalardan daha yüksək səs toplamaqda davam edərsə, müxalifət birləşmə qərarı almazsa, "Gürcü Arzusu"nun birinci olaraq qalacağı ilə bağlı fikirlər yayılıb. 

Siyasi təhlilçi vurğulayıb ki, "Gürcü Arzusu"nun parlament seçkilərində qələbəsi Azərbaycanın maraqlarına müxtəlif aspektlərdən təsir göstərə bilər: "Hazırda qonşu ölkə ilə olan siyasi, iqtisadi və enerji sahəsində tərəfdaşlıq mühüm əhəmiyyət kəsb etməkdədir. Son bir neçə ildə qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu nəzərə alsaq, Azərbaycanla sıx tərəfdaşlıq önəm kəsb edir. Hazırkı seçki prosesi ölkənin demokratik inkişafı və siyasi sabitliyi baxımından əhəmiyyətli bir mərhələ hesab oluna bilər. Mürəkkəb bir vəziyyətdə beynəlxalq təşkilatların və müşahidəçilərin seçki prosesini izləməsi Gürcüstan üçün mühüm faktordur. Seçkilərin nəticələri ölkənin xarici siyasətinə də təsir göstərə bilər".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.- 2024.- 25 oktyabr (№ 235).- S.10.