Berlində
alman tədqiqatçının
“Bakı Memarlıq Bələdçisi” kitabının
təqdimatı keçirilib
Berlindəki Azərbaycan
Mədəniyyət Mərkəzində
Azərbaycanın Almaniyadakı
səfirliyi tərəfindən
alman memarlıq mütəxəssisi Hayke Maria Yohenninqin (Heike Maria Johenning)
alman dilində çapdan çıxan “Bakı Memarlıq Bələdçisi” kitabının
təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat
mərasimində çıxış
edən səfir Nəsimi Ağayev Şərq ilə Qərbin qovuşuğunda,
sivilizasiyaların təmas
nöqtəsində yerləşən
Bakının coğrafi
mövqeyinin onun bənzərsiz memarlıq
üslubuna mühüm
təsir göstərdiyini
vurğulayıb. Diplomat
Şərq və Qərb memarlığının
parlaq nümunələrinə
ev sahibliyi edən Bakının məhz bu baxımdan
dünya memarlığının
mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb,
xüsusilə son dövrlərdə müasir
üslubda memarlıq incilərinin inşa edildiyini bildirib. Səfir Bakının memarlıq incilərinin yaradılmasına alman memarların da öz töhfələrini
verdiklərini xüsusi
vurğulayıb. N.Ağayev
bu xüsusda
1898-1902-ci illərdə Bakı
şəhərinin meri
olmuş alman mənşəli memar Nikolaus fon der
Nonnenin şəhərin
özünəməxsus memarlıq
üslubunun formalaşmasında
göstərdiyi xidmətləri
qeyd edib.
On il ərzində
Bakının memarlıq
üslubunu araşdırdığını
deyən nəşrin
müəllifi Hayke Maria Yohenninq Avropa memarlığının
bu şəhərdəki
izləri barədə
geniş məruzə
ilə çıxış
edib. O, XIX əsrin sonu - XX əsrin əvvəllərində neft
bumu dövründə
sürətlə inkişaf
edən Bakıda tikilən gözəl memarlıq inciləri barədə danışıb.
Müəllif məhz
bu dövrdə
"Art Nouveau" memarlıq
üslubunun Bakı şəhərində qeyri-adi
inkişafa nail olduğunu xüsusi vurğulayıb. H.Yohenninq
ən müxtəlif memarlıq üslublarını
özünəməxsus və
ahəngdar şəkildə
birləşdirən Bakının
nadir gözəlliyi ilə daim fərqləndiyini
bildirib.
Berlindəki “DOM“ nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap edilən kitabda Bakı şəhərinin memarlığının tarixi, inkişafı, görkəmli memarlıq nümunələri, alman memarlarının töhfələri barədə ətraflı məlumat verilir. Nəşrdə Bakının bənzərsiz memarlıq üslubunun tanınmış nümunələrinin fotoşəkilləri də oxuculara təqdim edilir.
Azərbaycan.-2024.- 25 oktyabr (№ 235).- S.12.