BRICS: ədalətli
dünya nizamına gedən yolun başlanğıcı
Azərbaycan bu yolda əsas
ölkələrdən biri
olmaqda qərarlıdır
İki qütbə bölünən dünya arasında davam edən gərginliyin fonunda Rusiyanın Kazan şəhərində keçirilən BRICS-in XVI sammitindən sonra hər kəsi bir sual düşündürür: bundan sonra beynəlxalq aləmdə hansı proseslər baş verəcək?
Hələlik görünən
odur ki, iki cəbhə arasında münasibətlər
tezliklə səngiyənə
oxşamır. Ən azından ona görə ki, Kazanda səslənən bəyanatlar haqlı olaraq Qərbin hegemonluğuna qarşı
yönəlib. Qərbinsə
bununla razılaşdığını
güman etmək sadəlövhlük olardı.
Bundan sonrakı
prosesləri proqnozlaşdırmaq
üçün indiyədək
baş verən beynəlxalq hadisələrə
yenidən baxmaq lazımdır. Məlumdur
ki, sovetlər birliyinin mövcud olduğu dönəmdə
qlobal müstəvidə
yaranan hər hansı bir problem iki qütb
arasında beynəlxalq
qanunlar çərçivəsində
müzakirə olunaraq
əvvəl-axır həll
edilirdi. Çünki
keçmiş SSRİ-nin
başçılıq etdiyi
sosialist düşərgəsi
ilə ABŞ-nin söz sahibi olduğu Qərb birliyi arasında güc bərabərliyi vardı. İqtisadi məsələlərdə Qərb
öndə olsa da, hərbi məsələlərdə güc
bərabərliyi aşkar
idi. O üzdən hərdən bu iki qütb bir-birinə
"diş qıcasa"
da, sonda müəyyən bir razılığa gəlinirdi.
Məsələn, Kuba
ətrafında baş
verən "Karib böhranı" məhz
qarşılıqlı güzəşt şəklində həll edilmişdir.
Amma sovetlər
birliyinin dağılması
ilə Qərb dünyanın tək güc mərkəzi oldu. SSRİ-nin süqutundan sonra demək olar ki, keçmiş
sosialist düşərgəsinin
bütün üzvləri
Qərbin yaratdığı
regional birliyi seçdilər. İş
bununla da bitmədi. Üç Baltikyanı respublika da Qərb düşərgəsinə
qoşuldu. Bu gün isə Gürcüstan, Ukrayna və Moldovadakı bəzi qüvvələr
həmin sevdaya düşüblər.
Amma belə ədalətsiz vəziyyət
uzun müddət davam edə bilməzdi. Ona görə də Qərbin hegemonluğunu qəbul etmək istəməyən ölkələr
yeni ittifaqlar yaratmağa qərar verdilər. BRICS-in yaranma səbəbi də bundan qaynaqlanır. Elə dünyanın tanınmış
ekspertləri də həmin təşkilata son dövrlər marağın artmasını
və təşkilata
qoşulmaq istəyən
dövlətlərin sayının
artmasını Qərbin
heç bir məntiqə sığmayan
davranışları ilə
əlaqələndirirlər.
Qardaş Türkiyəni
60 ilədən çoxdur
ki, Avropa İttifaqına üzv qəbul etmirlər. Hər dəfə qarşısında ittifaqa
qəbul olunmaq üçün müxtəlif
şərtlər qoyulur.
İndi Türkiyə
bu üzücü və sonsuz münasibətə son qoymaq üçün
BRICS-ə daxil olmaq istəyir. Oktyabrın 23-də
Ankarada bu ölkənin iri müdafiə sənayesi müəssisəsi olan TUSAŞ-a
qarşı törədilən
terror aktını Türkiyənin tanınmış
hərbi və siyasi ekspertləri həmin istəklə bağlayırlar. Çünki
qardaş ölkənin
Şərq blokunun yaratdığı bir təşkilatda yer almaq istəyi Qərbi ciddi narahat edir. Axı
Türkiyə güclü
hərbi potensiala və böyük iqtisadiyyata malik ölkədir, Asiyanın Avropaya açılan qapısıdır. Dünyanın
mühüm ticarət
marşrutları Türkiyədən
keçir və bu səbəbdən qardaş ölkənin tərəf dəyişməsini
istəmirlər.
BRICS-in yaranma tarixi 2006-cı il olsa da, aradan
keçən bu müddətdə təşkilatın
ciddi bir fəaliyyəti hiss edilməyib, daha çox simvolik bir görüntüsü
olub. Bəs birdən-birə dünyada
bu təşkilata marağın artmasına səbəb nədir? Cavab məlumdur: son zamanlar birləşmiş
Qərbin dünya hegemonluğuna daha çox can atması, beynəlxalq qanunları ayaqlar altına atması, dövlətləri özünə
tabe etmək üçün onların
daxili işlərinə
qarışması, onlara
iqtisadi və siyasi təzyiq göstərmək üçün
sanksiyalar tətbiq etməsi.
Azərbaycan da
Qərbin ikili standartlarından əziyyət
çəkən ölkədir.
20 faiz ərazimiz Ermənistan tərəfindən
işğal edilmişdi.
Amma Qərbin elə bir ucadan
səsi çıxmamışdı. Biz onların səsini yalnız torpaqlarımızı
işğaldan azad edəndən sonra eşitdik. Baxmayaraq ki, torpaqlarımızı
işğaldan azad etmək bizim təbii və qanuni haqqımız idi, Qərb bunu qəbul etmək istəmirdi. İndi isə Azərbaycanı elə cinayətlərdə günahlandırırlar
ki, əslində onların hamısını
işğal zamanı
Ermənistan etmişdi.
Ermənilər Xocalı
soyqırımını törətmiş,
Qarabağ və ətraf rayonlarda etnik təmizləmə aparmış, müharibə
qanunlarının əleyhinə
olaraq mülki əhalinin canına və mülkünə qəsd etmişlər. Amma Qərbin heç tükü də tərpənməmişdi.
İndi də Qərb sülhə töhfə vermək əvəzinə, Ermənistana
revanşist müharibə
aparmaq üçün
silah verir. Bu gün Azərbaycanın
BRICS-də yer almaq istəməsinin bir səbəbi də budur. Daha yetər Qərbin "ədalət"inə
bel bağladığımız,
olmayan ədalətə
ümid etmək özü-özünü aldatmaqdır.
Bu baxımdan Kazanda keçirilən
BRICS-in XVI sammiti Qərbin əsas istəyinin iflasa uğramasını göstərdi.
Sammitdə BMT-nin baş katibi və 24 ölkənin lideri iştirak etdi. Onlar bu
yolla anti-Qərb cəbhəsində yer aldıqlarını nümayiş
etdirdilər. Azərbaycan
da haqlı olaraq həmin sıradadır. Bu barədə Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin tədbir
zamanı çıxışında
demişdir: "Logistika
dəhlizlərinin inkişafında
Azərbyacanın rolu
çox vacibdir. Onun Rusiya və
digər BRICS ölkələri
ilə artan ticarət dövriyyəsinin
həcmi də böyük əhəmiyyət
kəsb edir". Deməli, Azərbaycan doğru olan yerdə qərar tutub. Biz Avropa
İttifaqı üçün
nə qədər vacib ölkə olsaq da, "qoca qitə"nin siyasi "qırğı"ları
bunu dərk etmirlər.
Prezident İlham
Əliyev bu mötəbər tribunadan
dünyaya səslənərək
ölkəmizin beynəlxalq
müstəvidə qlobal
təhlükəsizliyə, hüququn aliliyinə, dövlətlərin bir-birilərinin
daxili işlərinə
qarışmamaq prinsipinə
və məsələlərin
qarşılıqlı anlaşma
şəraitində həll
olunmasına töhfə
verəcəyini bildirdi.
Bunlar Azərbaycanın
xarici siyasətinin məqsəd və məramı idi.
Bəli, Azərbaycanın
bu gün BRICS platformasında olmaq istəməsi uzun illər ölkəmizin Qərb tərəfindən
aparılan anti-Azərbaycan
siyasətinə tutarlı
cavabıdır. Bununla
belə, əsas məqsədimiz hər iki beynəlxalq platformada milli mənafelərimizə uyğun
siyasət aparmaq, alternativ məkanlarda ölkəmizin milli maraqlarını qorumaqdır.
Çünki Azərbaycan
həm Qərb, həm də Şərq üçün
önəmli ölkədir.
Prezident İlham Əliyev Azərbaycanın
dünya üçün
bu əhəmiyyətini
vurğulayaraq demişdir:
"Öz coğrafi mövqeyindən istifadə
edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən
birinə çevrilib.
"Şərq-Qərb" və "Şimal-Cənub"
nəqliyyat dəhlizləri
bizim ərazimizdən
keçir. Bu nəqliyyat yollarının
Azərbaycan ərazisində
olan bütün seqmentləri uğurla fəaliyyət göstərir.
Hazırkı məqamda
ərazimizdən yük
axınının kəskin
artmasını nəzərə
alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının
artırılmasına əlavə
vəsaitlər yatırırıq".
Rüstəm KAMAL,
Azərbaycan.-2024.- 26 oktyabr
(№236).- S.3.