"Avropa
Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün
heç bir önəm daşımır"
Erməni lobbisinin
yuvasına çevrilmiş
Avropa Parlamenti COP29 tərəfində ölkəmizə
qarşı qərəz
və düşmənçilik
mövqeyini daha da "gücləndirir".
Bu təşkilat Azərbaycanın ərazilərini
işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü
kəsməsini həzm
edə bilmir. Bu səbəbdəndir ki, Avropa Parlamentində
Vətən müharibəsindən
sonra Azərbaycanla bağlı əsassız
müzakirələr və
qəbul olunan "sənədlərin" sayı
xeyli artıb. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı
Sevinc Fətəliyeva
deyib.
Deputat bildirib ki, oktyabrın 22-də Avropa Parlamentində növbəti dəfə
"Azərbaycanda siyasi
vəziyyət və insan haqları məsələləri", eləcə
də Azərbaycan və Ermənistan münasibətlərinə dair
müzakirələrin aparılması
təşkilatın ölkəmizə
qərəzinin daha bir göstəricisidir. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin
işğalçılıq siyasətini pisləyən
qətnamələr qəbul
etməyib, əksinə,
"insan hüquqları"
bəhanəsi ilə
Azərbaycana qarşı
sənədlər qəbul
edib. Ötən ilin oktyabrında isə bu qurumda
işğalçı Ermənistanın
baş nazirinin yüksək səviyyədə
qarşılanması isə
əsl gerçəklikləri
ortaya qoymuş oldu. Hansı ki Paşinyan məhz 44 günlük müharibə zamanı ermənilər tərəfindən
Gəncədə törədilmiş
terror hadisəsinin ildönümü zamanı
- 17 oktyabr tarixində
çıxış etmişdi.
Yəqin ki, bu, təsadüf deyil, Avropa Parlamenti
ilə Ermənistanın
düşünülmüş addımı idi. Bu faktlar göstərir
ki, Avropa Parlamenti bu müharibə
cinayətlərini törətmiş
Ermənistanla həmrəydir.
Milli Məclisin
deputatının sözlərinə
görə, bu gün Avropadakı islamofobiya, dini dözümsüzlük, müəyyən
dairələrin maraqlarının
və ambisiyaların həyata keçirilməsi
hər kəsə bəllidir. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə
lobbiçilik edərək
ikili standartlardan çıxış edirlər.
Belə olan halda, onlar kimdənsə
nəyisə tələb
edə bilməz. Müharibə cinayətləri
törətmiş Ermənistanı
müdafiə etmək,
bu ölkənin başçısına yüksək
"qonaqpərvərlik" göstərmək və onunla həmrəylik ifadə etmək, əslində, həmin dövlətin cinayətlərinə
dəstək vermək
deməkdir. Bununla da, Avropa Parlamenti
bir daha gerçək simasını
nümayiş etdirmiş
oldu.
Oktyabrın 22-də aparılan müzakirələr
zamanı da Avropa Parlamentinin deputatları Azərbaycanda
guya fundamental insan hüquqlarının
pozulduğunu və qanunun aliliyinin təmin olunmadığını
iddia ediblər. Görünən odur ki, Avropa Parlamentinin
üzvləri COP29-un Bakıda
keçirilməsinə qısqanclıqla
yanaşır. Əgər
belə olmasaydı, onlar "insan hüquqlarının pozulması
şəraitində ekoloji
problemlərin qorunmasının
baş verə bilməyəcəyini" iddia
etməzdilər. Hətta
avroparlamentarilər daha
"irəli gedərək"
Avropa İttifaqını
Azərbaycanla qaz sazişinə xitam verməyə çağırıb,
bəziləri Bakıda
keçiriləcək COP29 konfransını boykot etməkdən danışıb
və Qarabağ ermənilərinin öz evlərinə qaytarılmasını
"tələb" ediblər.
Təəssüf doğuran
hal odur ki, bu müzakirələr
Avropa İttifaqı ilə birgə təşkil olunub. Hansı ki Avropa
İttifaqı Azərbaycanla
Ermənistan arasında
münasibətlərin normallaşdırılması
üçün vasitəçilik
təşəbbüsləri ilə çıxış
edirdi. Hazırkı proseslər isə təsdiqləyir ki, Avropa İttifaqı neytral vasitəçi deyil. Avropa Parlamentində
çıxış edən
Avropa İttifaqının
məşğulluq və
sosial hüquqlar üzrə komissarı Nikolas Şmitin çıxışı da
avroparlamentarilərin mövqeyi
ilə üst-üstə
düşüb.
"Bütün bunların fonunda Avropa Parlamentinin Azərbaycanla enerji layihələrini dayandırmağı tələb etməsi və digər iddiaları cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan beynəlxalq hüquq qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirir. Lakin bu, heç kimə Azərbaycanın daxili işlərinə qarışmaq hüququnu vermir. Azərbaycanın Prezidenti dövlətin və xalqın maraqlarının qorunması istiqamətində uğurlu siyasət həyata keçirir. Biz bütün dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı manipulyasiya əsasında deyil, yalnız bərabər hüquq əsasında qura bilərik. Heç bir təşkilat ölkəmizlə diktə dilində danışa bilməz. Avropa Parlamentindəki müzakirələr də heç bir əhəmiyyət daşımır. Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib. Avropa Parlamenti anlamalıdır ki, onun apardığı qərəzli müzakirələr və qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır. Çünki müəyyən maliyyə dəstəyi və korrupsiyaya qurşanmaları bu təşkilatın üzvlərini ermənilərə lobbiçilik etməyə sövq edir. Bütün bunlar isə bizim üçün qəbulolunmazdır", - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.5.