Avropa
İttifaqının səfiri
Azərbaycan XİN-ə çağırılıb
və ona etiraz notası təqdim edilib
Oktyabrın 25-də Avropa İttifaqının
(Aİ) Azərbaycan Respublikasındakı
səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb
və Avropa Parlamenti tərəfindən
oktyabrın 24-də qəbul
edilmiş qətnamə,
eləcə də bu qurumda baş
tutmuş müzakirələr
çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən
əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə
etiraz notası təqdim edilib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata
görə, Aİ-nin
müxtəlif institutları
vasitəsilə Azərbaycana
qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin
suverenliyi və ərazi bütövlüyünə
qəsd edən, onun daxili işlərinə
müdaxilə edən
bəyanat və addımların Ermənistanda
revanşizmi təşviq
etdiyi, bununla regionda sülh səylərinə xələl
gətirdiyi vurğulanıb.
Azərbaycan Respublikasının
Avropa İttifaqı ilə münasibətlərini
beynəlxalq hüququn
norma və prinsipləri, qarşılıqlı
hörmət, bərabərhüquqluluq
və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl
etməyə çağırılıb.
Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülhə və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub.
Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.5.