Qərb Gürcüstanın daxili proseslərinə açıq şəkildə müdaxilə edir

 

 

"Gürcüstan qeyri-hökumət təşkilatları ilə müzakirələrdən sonra Qərbin Gürcüstana yüksək təsirini daha aydın hiss etdik. Qonşu ölkədə qeyri-adi hallar baş verməkdədir. Amerika səfiri Gürcüstanın QHT-lərlə bağlı qanuna ehtiyacı yoxdur deyə çıxışlar edir. Belə çıxışlar Gürcüstanın daxili proseslərində Qərbin qədər təsiredici gücü olduğunu nümayiş etdirməklə yanaşı, həm söz sahibi olduqlarını göstərir".

Bu sözləri "Azərbaycan" qəzetinə İqtisadi Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli deyib. Gürcüstanda rəsmi qeydiyyatda olan qeyri-hökumət təşkilatlarının sayının çox olduğunu deyən Fuad Kərimli əlavə edib ki, əhaliyə, əsasən, qərbyönümlü təşkilatlar təsir edirlər. Ümumiyyətlə, insanların fikrinin formalaşmasında bu təşkilatların rolu böyükdür.

O düşünür ki, seçkilər nəticəsində vətəndaşlarilə yaxınlaşmaq düşüncələri ilə qərbyönümlü QHT-lərin çağırışlarına cavab verəcəklər: "Siyasi analitiklər hakim partiyaya qarşı olan partiyaların yüksək seçici kütləsi olmadığını dedilər. Amma ümumilikdə xalqın istədiyi nəticəni almaması böyük risk daşıyır. Sadəcə ABŞ deyil, başqa ölkə rəsmilərinin çıxışları Gürcüstanın Qərb üçün strateji əhəmiyyət daşıdığını onların daxili proseslərə, qanunvericiliyə, xüsusilə, seçkilərə təsir etmək istəklərini bariz şəkildə göstərir. Yalnız ABŞ səfirinin deyil, NATO spikerlərinin, Qərbin başqa ölkələrinin rəsmilərinin səsləndirdiyi fikirlər onların Gürcüstanda söz sahibi olduqlarını göstərir".

F.Kərimli bildirib ki, xarici dövlətlərin Gürcüstanın daxili siyasətinə, qanunvericiliyinə müdaxilə etməsi seçkilərlə əlaqədar çağırışlar etməsi qeyri-adi haldır. Bütün bunlar Qərbin Gürcüstanda 15-20 il ərzində QHT sektoruna 100 milyonlarla dollar yatırım etməsinin, qrantlar ayırmasının nəticəsidir. Amma Gürcüstan ABŞ-dəki seçkilər ya qanunvericilik haqqında fikirlər səsləndirmir ya aksiyalarda, görüşlərdə xalqa açıq-aşkar çağırışlar etmir.

Ekspert vurğulayıb ki, Qərbdən maliyyələşən QHT-lər bəzi qüvvələrin Avropa İttifaqına yaxınlaşma istəyindən istifadə edib Qərbin maraqlarını öz ölkələrində tətbiq etməyə çalışırlar. Sadə vətəndaşlar hazırda bunu çox hiss etməsə , Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi yüksəkdir. Seçkilərin nəticəsi onların istədiyi kimi olmasa, QHT-lər mobilizasiyaya keçərək nəticə əldə etməyə çalışacaqlar.

O xatırladıb ki, Tbilisidə "Gürcüstan Azərbaycanda QHT-lərin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi" tədbirində Avropaya meyilli olmayan təşkilatlar Azərbaycanın Qərbin təzyiqlərinə baxmayaraq, necə uğurlu müstəqil siyasət yürütdüyünü, ölkəmizdəki QHT-lərin fəaliyyəti barədə maraqlandıqlarını deyib. "Onlara Qərbin təsirindən necə çıxmalı olduqlarının yolunu göstərməyə çalışdıq. Düşünürəm ki, Gürcü xalqında bu iradə var, sadəcə Qərb tərəfindən maliyyələşdirilən 30 mindən çox QHT öz maraqlarını qoruyur", - deyə F.Kərimli bildirib.

 

Əsmər QABİL,

Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.7.