"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

 

 

Qubadlı əməliyyatının iştirakçıları danışırlar

 

 

 

Vətən müharibəsində ən qanlı döyüşlərin getdiyi ərazilərimizdən biri Qubadlı rayonudur. Buna səbəb rayonun əsasən dağlıq ərazidə yerləşməsidir.

Qubadlıda hündürlüyü min metrdən 2 min metrədək olan bir neçə dağ zirvəsi var. Bu yüksəkliklər uzun illər Qubadlı rayonunu işğalda saxlayan düşmən qüvvələrinə böyük strateji üstünlük verirdi. Bütün bunları nəzərə alan peşəkar hərbçilərimiz yuxarı komandanlığın incəliklə hazırladığı əməliyyat planının icrasına başladı. Plana əsasən ilk növbədə rayon ərazisindəki dağ zirvələrinin, strateji yüksəkliklərin düşməndən təmizlənməsi tapşırığı verilmişdi.

Oktyabrın 23-də Qubadlı rayonunun dörd kəndi artıq işğaldan azad olunmuşdu. Sonrakı günlərdə yüksək döyüş ruhu, qələbə əzmi nümayiş etdirən bölmələrimiz igidliklə vuruşmağa davam edirdi. Nəticədə, Vətən müharibəsinin iyirmi doqquzuncu günündə, oktyabrın 25-də Azərbaycan Ordusu rayonun daha bir neçə kəndini Qubadlı şəhərini işğalçılardan azad etdi.

Qubadlı uğrunda döyüşlərdə düşmən xeyli sayda canlı qüvvə, silah-sursat, hərbi texnika itirdi. Həmçinin xeyli silah-sursat, tank artilleriya qurğuları qənimət olaraq götürüldü.

Qubadlı şəhərinin işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə Müdafiə Nazirliyi strateji əhəmiyyətə malik olan, ağır döyüşlərin getdiyi Qartiz dağı ətraf yüksəkliklərə mediatur təşkil edib.

AZƏRTAC-ın əməkdaşları mediatur çərçivəsində Qubadlı rayonuna səfər edərək hərbi qulluqçularla həmsöhbət olublar.

Qubadlının işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri deyib ki, rayon istiqamətində əks-hücum əməliyyatı 2020-ci il oktyabrın 13-dən 14-nə keçən gecə başlayıb: "Qısa zamanda ətrafdakı bir neçə strateji yüksəklik ən hündür zirvələrdən biri olan Qartiz dağı düşməndən təmizləndi bölmələrimiz orada möhkəmlənərək düşmənin ehtimal edilən əks həmlələrinin qarşısını almağa hazır oldu. Bundan sonra əks-hücumu davam etdirərək, rayon ərazisində bir neçə əlverişli yüksəklikləri tutmağa nail olduq. Sonrakı günlərdə Ermənistan ordusunun bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdi. Lakin düşmənə qarşı uğurlu əməliyyatlar nəticəsində hər dəfə onları geri çəkilməyə məcbur etdik".

Digər müsahibimiz isə həmin günlərdə artıq düşmən ordusunun əsgər zabitlərinin döyüşə girməkdən imtina etdiyini, silah-texnikanı ataraq qaçdıqlarını bildirib: "Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini yaşayış məntəqələrimizin azad edilməsi ilə bağlı təbriklərini böyük sevinclə, ruh yüksəkliyi coşqu ilə qarşılayırdıq. Fəxr edirəm ki, bu qələbədə mənim payım var. Azad etdiyimiz ərazilərimizdə vüqarla dalğalanan Bayrağımıza qürur hissi ilə baxırıq. Şadam ki, təkcə Qubadlı deyil, digər ərazilərimiz düşmən işğalından azad edildi, suverenliyimiz tam bərpa olundu. Bütün səhidlərimizi ehtiramla yad edirəm. Allahdan şəhidlərə rəhmət, ailələrinə səbir diləyirəm. Torpaqlarımızın azadlığı naminə döyüşlərdə yaralanan silahdaşlarımıza isə sağlamlıqlarını bərpa edərək firavan həyat sürməyi arzulayıram".

Hərbi ekspert Azər Bayramov Qubadlının işğaldan azad olunmasını müharibənin müqəddəratını həll edən mühüm həmlələrdən biri kimi qiymətləndirib: "Bu şanlı Qələbə düşmənin döyüş əzminin qırılmasına onlarda ruh düşkünlüyünün yaranmasına səbəb oldu. Qubadlının azad olunması Laçın dəhlizinin nəzarət altına götürülməsinə şərait yaratdı. Bu da düşmənə gələn təminat-təchizatın tamamilə kəsilməsi ilə nəticələndi. Şuşaya doğru digər istiqamətdən irəliləyən bölmələrimizin yolunu açdı".

Bəli, Qubadlının azadlığı Zəfərə doğru atılan daha bir addım idi. İndi Azərbaycan Ordusunun hərbçiləri bütün azad edilən ərazilərimiz kimi, Qubadlıda da xidmətini qürurla yerinə yetirirlər. Müharibədən sonrakı dövrdə təlimlər keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Əminliklə deyə bilərik ki, tarixi ədalətin bərpa olunduğu bu torpaqlara bir düşmən ayağı dəyməyəcək. Bu Zəfəri bizə yaşadanları xalqımız daim xatırlayacaq.

 

Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.8.