"İlham
Əliyev ölkəmizin
qalib rəhbəri kimi alternativsiz liderdir"
Prezident seçkiləri
hər bir ölkənin ictimai-siyasi həyatında son dərəcə əlamətdar
hadisədir. Tarixi seçim qarşısında
qalan, taleyüklü bir məsələnin iştirakçısı olan
vətəndaş istər-istəməz
dönüb keçilən
yola baxır, qazanılan uğurları,
buraxılan səhvləri,
qaçırılan fürsətləri
götür-qoy edir, qəbul edəcəyi qərarı, atacağı
addımı müəyyən
edir.
Yaşadığımız ömrün son 20 ili İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf
edir. Bu 20 ildə biz azad
bir xalq, müstəqil bir dövlət olaraq nələrə nail olduq, nə qazandıq, nə itirdik. Bu ritorik
sualı bütün detalları ilə incələsək, heç
şübhəsiz, qalın
bir kitab alınar, gerçək
bir uğur salnaməsi yaranar. Qısa və konkret cavabı isə belədir: bu gün Azərbaycan
dünya miqyasında söz sahibidir, aparıcı dövlətlər,
güc mərkəzləri
ölkəmizlə hesablaşmaq
zorundadırlar. Bu gün regionda, bütov Qafqazda Azərbaycanın iştirak
etmədiyi, qol qoymadığı heç
bir qlobal layihə reallaşmır.
Son ilin uğur salnaməsində qürurverici
hadisələrin sayı-hesabı
yoxdur. Tarixə qızıl hərflərlə
yazılan xilaskarlıq
missiyası - Azərbaycanın
ərazi bütövlüyünün
təminatı qəhrəman
əsgərlərimizin hünəri,
Silahlı Qüvvələrin
müzəffər Ali Baş
Komandanı İlham Əliyevin
iradəsi, "dəmir
yumruğ"u ilə
gerçəkləşdi. İndi Qarabağ dağlarının
qartalların qanad çaldığı zirvələrində
qürur simvolumuz olan üçrəngli müqəddəs
bayrağımız dalğalanır.
Erməni faşistlərinin
odlara qalayıb viran qoyduqları Qarabağın, Şərqi
Zəngəzurun xarabalıqları
üzərində yüksək
zövqlə "ağıllı
şəhərlər, kəndlər"
salınır, yollar çəkilir, sosial infrastruktur yaradılır.
Son 20 ildə haradan hara gəldik. 2003-cü ildə
prezidentliyə namizəd
kimi Bərdədəki
Türk "Qızıl
Ay" çadır şəhərciyində
öz seçiciləri
ilə görüşdə
İlham Əliyev əminliklə
demişdi ki, Azərbaycanda
bir çadır şəhərciyi də qalmayacaq, siz doğma yurdlarınıza
dönüb orada yaşayacaqsınız. 20 il əvvəl
verilən bu
vədin reallaşdığı
göz önündədir.
İndi Qarabağ incisi
Şuşa yenidən
beynəlxalq tədbirlərin,
festivalların keçirildiyi
ünvana çevrilir.
Laçın sürətlə
dirçəlir, Kəlbəcərə
keçilməz dağlardan
yol çəkilir, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı büsbütün
yenidən qurulur. Beləcə, Qarabağın,
Şərqi Zəngəzurun
böyük inşaat
meydanına çevrilməsi
hər könüldə
təbii məmmunluq hissi doğurur.
Bu gün ölkəmizin bütün bölgələrində
yüksək əhvali-ruhiyyə, xoş ovqat yaşanır. Tərtərlilərin məmnunluğuna,
fərəh hissi keçirmələrinə bu
gün daha çox haqları var desək, yəqin yanlış olmaz. 44 günlük savaşda tərtərlilər sözün
həqiqi mənasında
güllə, mərmi,
raket yağışına
məruz qaldılar.
Amma bir nəfər də doğma evini tərk etmədi. 44 gün ərzində düşmən
rayon mərkəzinə, digər yaşayış
məntəqələrinə 16,2 mindən çox mərmi, qadağan edilmiş "Smerç"
raketləri atdı, evləri, məntəqələri,
xəstəxanaları, uşaq
bağçalarını dağıtdı.
O ağır günlər Prezident İlham Əliyevi, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanı yanlarında görən, dövlət
başçısının hərarətli əlini kürəklərində
hiss edən tərtərlilər əsl qəhrəmanlıq
nümunəsi göstərdilər, çətinliklərə
mətanətlə sinə gərdilər. Övladları qəhrəmanlıqla şəhid olan analar göz
yaşlarını silib, "Təki vətən
yaşasın" deyib döyüşən orduya arxa-dayaq
oldular.
Tərtərdə
hamının adını böyük hörmət və
ehtiramla çəkdiyi bir ana
yaşayır. Şəhid Nicat İskəndərovun anası
Maya xanım. Övlad itkisi saçlarına dən salsa da,
nurlu çöhrəsində qırışlar açsa da,
həmişə başını dik tutur, azad Qarabağın
qeyrətli anası kimi...
Ölkəmizin
növbədənkənar prezident seçkilərinə
getdiyi bu tarixi günlərdə Maya xanım düşüncələrini
bizimlə bölüşdü:
- İlham
Əliyev Qarabağı azad edən, xalqımızı xəcalətdən
qurtaran rəhbərdir. Mən oğul itirmişəm. Bu, ana
üçün böyük dərddir. Amma təsəllimiz də
böyükdür. 30 il erməni tapdağında olan
Qarabağ indi bizimdir. Elə həmişəlik də bizim
olacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyeva çətin
günlərimdə mənimlə görüşüb təsəlli
verib. Çox razıyam.
İndi seçkilərə elə də çox vaxt
qalmayıb. Xalqımızın tək bir seçimi var, o da
İlham Əliyevdir. Çünki İlham Əliyev ölkəmizin qalib rəhbəri kimi alternativsiz liderdir.
Lazım QULİYEV,
Azərbaycan.-2023.-
20 dekabr, № 278.- S.4.