"ADEX"
müdafiə sənayemizin inkişafı üçün səmərəli
platformadır
Prezident
İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgiləri
ilə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
24-də Bakı Ekspo Mərkəzində keçirilən
“ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi
və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik,
Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi
ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, müdafiə
naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin
başçısına sərgilər
haqqında məlumat verdilər.
İlk “ADEX” sərgisi
2014-cü ildə keçirilib.
İki ildən bir keçirilən sərgi bu il
5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı
siyahısını və
əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın
50-dən artıq ölkəsini
təmsil edən çoxsaylı şirkətləri
və 200-ə yaxın
rəsmi nümayəndə
heyətini bir araya gətirib. Bu illər ərzində
sərgini 30 mindən
çox qonaq ziyarət edib.
Beşinci dəfə
təşkil olunan
“ADEX” Azərbaycanda və
regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində
mühüm hadisədir.
Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə
sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir.
“ADEX” sərgisi qabaqcıl
texnologiyaların təqdimatı,
beynəlxalq əməkdaşlığın
gücləndirilməsi və
ölkənin müdafiə
sənayesinin inkişafı
üçün səmərəli
platforma rolunu oynayır.
“ADEX” dünyanın tanınmış hərbi
sənaye müəssisələri
və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında
da mühüm rol oynayır.
Bildirildi ki, bu il yubiley
sərgisində daha çox - dünyanın
40-a yaxın ölkəsindən
218-dən artıq şirkət
iştirak edir.
Sərgi Azərbaycan
Respublikası Müdafiə
Sənayesi Nazirliyinin təşəbbüsü və
təşkilatçılığı, Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı
“Caspian Event Organisers” və
onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.
Qeyd edildi
ki, “ADEX” müdafiə sərgisinin
iştirakçıları arasında Amerika Birləşmiş
Ştatları, Türkiyə,
Rusiya, İran, Bolqarıstan,
Çin, Fransa, İtaliya,
Niderland və digər ölkələrin
müdafiə sektorlarının
aparıcı şirkətləri
var. Macarıstan, Rumıniya
və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə
qatılıb. Bu il 12 ölkə
sərgidə milli stendləri
ilə iştirak edir. İtaliya, Macarıstan, Qətər Dövləti və Slovakiya ilk dəfə
milli stendlərlə iştirak
edirlər. Bir çox
ölkələr öz
milli ekspozisiyalarının sahələrini böyüdüblər.
Prezident İlham Əliyev
əvvəlcə Azərbaycan
Müdafiə Sənayesi
Nazirliyinin tabeliyindəki “Azərsilah”
Müdafiə Sənayesi
Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin
pavilyonunda nümayiş
etdirilən hərbi məmulatlara baxdı. “Azərsilah”a məxsus pavilyonda PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, 30 millimetrlik avtomatik top, zirehli gödəkcələr,
aviabombalar və təlim simulyatorları nümayiş etdirilir.
Belarus Respublikasının pavilyonu
ilə tanış olan dövlətimizin başçısına məlumat
verildi ki, “Belspetsvneştexnika”
Dövlət Xarici Ticarət Unitar Müəssisəsi Belarus Hərbi
Sənaye Kompleksinə
daxil olan dövlət müəssisələri
tərəfindən istehsal
edilən hərbi təyinatlı məhsulların
idxalı və ixracı proseslərini tənzimləyən dövlət
təşkilatıdır. Sərgidə
şirkətin qumbaraatan
kompleksləri və onun tətbiq variantları, tank əleyhinə
raket kompleksləri, atıcı silahlar və zirehli texnika üçün optik cihazlar, modernləşdirilmiş Reaktiv
Yaylım Atəş Sistemlərinin maketləri,
radiostansiyalar, hava hücumundan müdafiə
və elektron müharibə texnikasının
maketləri nümayiş
olunur.
Sərgidə Serbiyanın
“Yugoimport-SDPR” şirkəti
də öz məhsullarını təqdim
edir. Şirkət silahların istehsalı, yaradılması, modernləşdirilməsi
və ixracı istiqamətində aktiv fəaliyyət göstərən
serb şirkətləri
sırasında birinci
yerdədir. Sərgidə
şirkət tərəfindən
müxtəlif çaplı
silah və sursat, o cümlədən
hərbi ləvazimatlar
təqdim olunur.
Qardaş Türkiyə
sərgidə ən çox şirkətlərlə
təmsil olunan ölkələrdən biridir.
Bu şirkətlərdən biri olan “Roketsan”
1988-ci ildə qurulub. Şirkət müxtəlif
növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri
ilə birlikdə idarə olunan döyüş sursatları,
istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş
başlıqları, mexaniki
hissələr, alqoritm
və proqram təminatını hazırlayır
və istehsal edir, onları quru, hava və
dəniz platformaları
ilə birləşdirir.
Eyni zamanda, şirkət bu sistemlərə maddi-texniki
dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır
və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.
“Dearsan
Shipyard” gəmiqayırma və
gəmi təmiri zavodu inşa edildiyi 1980-ci ildən Türkiyənin ən mühüm müəssisələri
arasındadır. “Dearsan”
dəstək gəmisi,
korvet (gözətçi)
tipli gəmilər, patrul gəmiləri, çevik hərəkət
qayıqları, desant
gəmiləri, hidroqrafiya
və okeanoqrafiya elmi-tədqiqat gəmiləri,
minaaxtaran gəmilər,
özü idarəolunan
qayıqlar, mülki nəqliyyat gəmiləri
və həmçinin
gəmiqayırma zavodunun
tikintisi və ya modernləşdirilməsi,
dəniz su sərhədlərinin mühafizə
sistemləri, sursat istehsalı zavodu kimi müxtəlif mürəkkəb hərbi
platformaların tikintisi
üzrə ixtisaslaşıb.
Türkiyənin müdafiə
sənayesini sərgidə
təmsil edən daha bir şirkət
isə “Turkish Aerospace”dir. “Turkish
Aerospace” sabit və hərəkətli hava platformalarından pilotsuz uçuş aparatı və peyklərə qədər inteqrasiya olunmuş aerokosmik sistemlərin dizaynı, işlənib hazırlanması,
müasirləşdirilməsi, istehsalı, inteqrasiyası
və istifadəsinə
dəstək sahəsində
Türkiyənin texnologiya
mərkəzidir. Aerokosmik
və müdafiə sahəsində ən yaxşı yüz qlobal şirkət arasında yer alan “Turkish Aerospace” tərəfindən
dizayn və istehsal edilən bütün məhsullar üçün inteqrasiya
olunmuş logistika xidməti də göstərilir.
Dövlətimizin başçısı
Pakistan İslam Respublikasının pavilyonları ilə də tanış oldu. Bildirildi ki, ölkəmizlə əməkdaşlıq
edən Pakistanda istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə
edir. Bildirildi ki, Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) şirkəti
Pakistanın birinci dərəcəli dövlət
mülkiyyətində olan
müdafiə konsorsiumudur
və ölkənin ən böyük müdafiə istehsalatı
müəssisələrini, o cümlədən əsas
tədqiqat və inkişaf fəaliyyətlərinin
mərkəzini təmsil
edir. Şirkət tərəfindən sərgidə
döyüş PUA-ları,
aviasiya raketləri,
tank mühafizə sistemləri,
maskalanma toru, tank əleyhinə sistemlər
nümayiş olunur.
“Azərsilah”
Müdafiə Sənayesi
Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti sərgidə fəal iştirak edir. “Azərsilah”ın daha bir pavilyonu
sərginin 3-cü zalında
fəaliyyət göstərir.
Burada ziyarətçilərə müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri,
minaatanlar, kiçikçaplı
patronlar, müxtəlif
növ mərmilər,
zirehli dəbilqə və zirehli gödəkcələr, optik
nişangah və cihazlar təqdim olunur.
Türkiyənin müdafiə
sənayesini sərgidə
təmsil edən daha bir şirkət
isə “REPKON”dur.
Şirkət təzyiq
ilə metal emalı sektoru üçün tam
“açar təslim” istehsal qurğularının
tədarükçüsü və qlobal bazar üçün metal emalı
maşınlarının inkişaf
etdiricisi və istehsalçısıdır. Patentli
dizaynı və istehsal “know-how” ilə
“REPKON”, 1978-ci ildən etibarən
dünya üzrə istehsalçılara metal qəlibləmə
avadanlığı təqdim
edir.
“ADEX” sərgisində iştirak
edən Türkiyənin
“Meteksan” şirkəti
yüksək texnologiyalı
şirkətlərin müdafiə
sənayesinə yönəlik
layihə və fəaliyyətlərini bir
araya gətirmək və koordinasiya etmək məqsədilə
yaradılıb. Şirkətin
əsas məqsədi
müdafiə sənayesi
sahəsində Türkiyə
Silahlı Qüvvələrinə
və digər təhlükəsizlik güclərinə
yerli, milli, müstəqil
və orijinal, yüksək texnologiyalı
məhsul və altsistemlər inkişaf etdirmək və istehsal etməkdir.
Prezident İlham Əliyevə
məlumat verildi ki, Türkiyənin “Aselsan” şirkəti artıq beşinci dəfədir
“ADEX” sərgisində iştirak
edir. Şirkət
1975-ci ildən fəaliyyət
göstərir və əsasən elektronika, aviasiya, silah, radar və optik, telekommunikasiya sistemləri,
informasiya texnologiyaları
və müdafiə sənayesi ilə əlaqədar digər texnoloji məhsullar istehsal edir.
Sərgidə Birləşmiş
Ərəb Əmirliklərinin
“EDGE Group” şirkəti də
öz məhsullarını
təqdim edir. 2019-cu ildən yaradılan şirkətin əsas fəaliyyət istiqaməti
qabaqcıl innovasiyaları,
məhsulları və
xidmətləri beynəlxalq
bazarlara çıxartmağa
yönəlib. Şirkətin
əsasən 5 istiqamətdə
- platforma və sistemlər, raket və müxtəlif növ silahlar, kosmik və kibertexnologiyalar, daxili təhlükəsizlik vasitələrinin
ixracı istiqamətlərində
ixtisaslaşıb.
İsrailin milli pavilyonlarında
nümayiş edilən
eksponatlarla tanış
olan Prezident İlham Əliyevin diqqətinə
çatdırıldı ki, müdafiə, aerokosmik və kommersiya bazarlarında lider olan İsrail Aerokosmik Sənayesi (“IAI”)
milli müdafiə və
təhlükəsizlik problemlərini
həll etmək üçün ən müasir texnologiyadan və onilliklər ərzində sübut edilmiş döyüş
təcrübəsindən istifadə
edir. “IAI” şirkəti
sərgidə yerüstü
sistemlər, çoxmissiyalı
havadan kəşfiyyat
və nəzarət sistemləri, radarlar, rabitə sistemləri,
PUA-lar üçün komponentlər,
çoxsahəli ballistik
raketlər və rəqəmsal kommunikasiya peykləri nümayiş etdirir.
Sərgidə İsraili
təmsil edən daha bir şirkət
“RAFAEL Qabaqcıl Müdafiə
Sistemləri” MMC-dir. Şirkət
havada, quruda, dənizdə və kosmosda müdafiə, kibertəhlükəsizlik və
təhlükəsizliklə bağlı qabaqcıl həllər təklif edir.
İsraili təmsil
edən “Elbit Systems” dünya
miqyasında müdafiə
sahəsi ilə bağlı geniş spektrli proqramlarla məşğul olan beynəlxalq yüksək texnologiya şirkətidir.
Şirkət sərgidə
ordu idarəetmə mərkəzi, müxtəlif
növ yüksək dəqiqlikli raketlərin istifadə olunduğu raket buraxılış qurğuları, avtonom 155 millimetrlik raket atış sistemi, dron və antidron
sistemlərini təqdim
edir.
Sərgidə İsrailin
“Uvision” şirkəti
də öz məhsullarını təqdim
edir. Şirkət döyüşlərdə sınaqdan
keçmiş “Dövr
edən döyüş
başlığı sistemləri”ni
dizayn və istehsal edir, dünyanın müxtəlif
ordularına dəqiq və effektiv hücum-əməliyyat imkanları
təqdim edir. Şirkətin HERO sistemləri
nadir aerodinamik platforma
konfiqurasiyaları ilə
yüksək dəqiqlikli
zərbə qabiliyyətləri
təqdim edir.
Rusiya Federasiyası
da “ADEX-2024” sərgisində ən çox şirkətlə təmsil
olunan ölkələrdən
biridir. “Rosoboronexport” Rusiyanın müdafiə sahəsi ilə bağlı məhsulların,
xidmətlərin və
texnologiyaların tam çeşidinin
ixracı üzrə yeganə dövlət agentliyidir. Qlobal silah bazarında liderlərdən biri olan “Rosoboronexport” Rusiyanın bu sahədə məhsul ixracının 85 faizdən
çoxunu təşkil
edir. Agentlik Rusiyanın müdafiə sənayesi üzrə
700-dən çox müəssisə
və təşkilatı
ilə əməkdaşlıq
edir. Stenddə şirkətin nəzdində
fəaliyyət göstərən
müəssisələr tərəfindən
istehsal edilən məhsullar təqdim olunur.
Prezident İlham Əliyev
Çin Xalq Respublikasının sərgidəki
pavilyonunda da oldu. Məlumat verildi ki, bu ölkəni təmsil edən “Dəqiq Avadanlıqların
İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”
(“CPMIEC”) müdafiə sənayesi
sahəsində ümummilli
ticarət müəssisəsidir.
“CPMIEC” sərgidə müdafiə
xarakterli raket silah sistemlərinin, aerokosmik avadanlığın,
peyk texnologiyalarının,
xüsusi cihazların,
dəqiq avadanlıqların,
optik alətlərin, elektron məhsulların və xüsusi nəqliyyat vasitələrinin
idxalı və ixracı ilə bağlı məlumat məhsulları nümayiş
etdirir.
Slovakiya sərgidə
ilk dəfə milli stendlərlə
iştirak edir. Bu ölkənin 2014-cü ildən
fəaliyyət göstərən
“Deftech” şirkəti
PUA sistemlərinin istehsalı
və təkmilləşdirilməsi
sahəsində fəaliyyət
göstərir. Şirkət
tərəfindən sərgidə
müxtəlif növ
zirehli nəqliyyat vasitələri və mobil müdafiə sistemləri təqdim olunur.
Türkiyənin müdafiə
sənayesini sərgidə
təmsil edən daha bir şirkət
isə “Baykar”dır.
1986-cı ildən fəaliyyət
göstərən “Baykar”
şirkəti ölkədə
ilk yerli PUA sistemlərini
istehsal edərək müdafiə və aviasiya sənayesində
inqilab yaradıb. Şirkət
sərgidə “Akıncı” adlı PUA, “Bayraktar TB2” və
“Bayraktar KALKAN” məhsullarını təqdim edir.
Qətər Dövləti
də sərgidə
ilk dəfə milli stendlərlə
iştirak edir. “Barzan
Holdings” dövlətə məxsus
müdafiə və təhlükəsizlik şirkətidir.
Şirkət Qətərin
Müdafiə Qüvvələrinin
inkişafını və
modernləşdirilməsini dəstəkləmək məqsədilə
müxtəlif sahələrdə
fəaliyyət göstərir.
“Barzan Holdings” sərgidə Qətərin müdafiə
və təhlükəsizlik
texnologiyalarını nümayiş
etdirir.
Sərgidə Ukraynanı
bu ölkənin Müdafiə Sənayesi Müəssisələrinin Milli Assosiasiyası (“NAUDI”) təmsil
edir. 2020-ci ildə yaradılan “NAUDI”nin
fəaliyyət sahəsinə
zirehli nəqliyyat vasitələri, özüyeriyən
haubitsalar, PUA-lar, radarlar,
radioelektron mübarizə
vasitələri, kamikadze
dronları, müşahidə
və kəşfiyyat
sistemləri, artilleriya,
sursat və s. daxildir. Assosiasiyanın tabeliyindəki müəssisələr
Ukrayna Müdafiə Nazirliyini NATO standartlarına
cavab verən müasir hərbi texnika və sursatlarla təmin edən əsas təchizatçılardır.
Prezident İlham Əliyev
Azərbaycan Müdafiə
Nazirliyinin stendində də
oldu. Bildirildi ki, Müdafiə Nazirliyi sərgidə ilk dəfə
öz stendi ilə təmsil olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən
Xüsusi Təyinatlı
Qüvvələrin təchizat
vasitələri sərgilənir.
Eyni zamanda, Müdafiə Nazirliyinin tabeliyində
olan təmir müəssisələrinin imkanları
da təqdim edilir.
Sərgidə, həmçinin
ziyarətçilərə Milli Müdafiə Universitetinin
tabeliyindəki xüsusi
təyinatlı təhsil
müəssisələri barədə
ətraflı məlumat
verilir.
Sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında
nümayiş etdirilən
hərbi məhsullara və texnikalara baxdı.
“Azərsilah”
QSC tərəfindən sərginin
açıq havada nəzərdə tutulmuş
ərazisində zirehli
maşınlar, kəşfiyyat
və kamikadze dronları, o cümlədən
PUA-lar nümayiş etdirilir.
Sumqayıt Texnologiyalar
Parkı (STP) da sərgidə
fəal iştirak edir. STP regionda ərazisinə görə
ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan STP 30-dan artıq istehsal sahəsi ilə öz sektorunun lideridir. Sərgidə şirkət tərəfindən
silah və sursat, hava bombaları
və hava raketləri, simulyatorlar və təlim sistemləri ilə yanaşı, yerüstü
hərbi təlim avadanlıqları da nümayiş olunur.
İtaliya da sərgidə ilk dəfə iştirak edir. Bu ölkənin
“Exclases Group” şirkəti
aviasiya və kosmik sənaye üzrə marketinq, satış və texniki ekspertiza sahələrində ixtisaslaşmış
müəssisədir. “Exclases
Group” 2008-ci ildən etibarən
“Leonardo Helicopters” şirkətinin etibarlı
tərəfdaşı kimi
hava gəmilərinin və avadanlıqların satışı və marketinqi ilə məşğul olur. Sərgidə şirkətə
məxsus olan “Agusta Westland 109” helikopteri təqdim edilir.
Sərginin açıq
havadakı ərazisində
Azərbaycan Müdafiə
Nazirliyi tərəfindən
də zirehli texnikalar nümayiş etdirilir.
Türkiyənin “Baykar”
şirkəti açıq
havada da öz məhsullarını
təqdim edir. Ziyarətçilər şirkətin
istehsalı olan
“Bayraktar TB2” və “Bayraktar KALKAN” məhsulları ilə yaxından tanış ola bilərlər.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, “ADEX” və “Securex Caspian” sərgiləri
iştirakçılar, ziyarətçilər
və müxtəlif ölkələrdən gələn
ekspertlər arasında
təcrübə mübadiləsi
aparmaq, həmçinin
məhsulların regional
müdafiə sənayesi
bazarının tələblərinə
uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət
daşıyır. Builki
sərgilərin əvvəlkilərdən
fərqi daha çox ölkədən
şirkət və nümayəndə heyətinin
qatılmasıdır. İştirakçı
ölkələrin sayının
getdikcə artması isə bu sərgilərin
bir çox dövlətin hərbi-sənaye
müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiqləyir.
Azərbaycan.-2024.-
25 sentyabr (¹ 209).- S.1-3.