Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə qazandığımız tarixi Zəfər bu gün də
davam edir. Hər birimiz
müxtəlif əlamətdar
hadisələrdə, unudulmaz
anlarda möhtəşəm
qələbəmizin yeni
təzahürlərini görürük.
Sentyabrın 20-də Xankəndidəki
Qarabağ Universitetinin
açılışı, Azərbaycan Prezidentinin mərasimdə iştirakı,
tələbələr önündəki
tarixi nitqi də bunun parlaq
bir örnəyidir. Düz bir il
əvvəl qəhrəman
ordumuzun dövlət suverenliyimizi tam bərpa etməsindən sonra yaradılmış Qarabağ Universitetinin fəaliyyəti, bu ali təhsil ocağında yüzlərlə
istedadlı gəncimizin
ilk dəfə tələbə həyatına
qədəm qoyması
Azərbaycanın sabaha
inamının, gələcəyə
elmin-təhsilin, intellektin
gücü ilə hazırlığının ifadəsidir.
Vətənpərvərlik, inam, ədalət
Azərbaycan Prezidenti
çıxışında tələbə gənclərə,
onların şəxsində
bütün insanlarımıza
vətənpərvərlik ruhunu və daim inamlı olmağı təlqin etdi. Bunlar torpaqlarımızın
işğaldan azad edilməsinə, ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin
tam bərpasına addım-addım hazırlaşdığımız
uzun illər ərzində bizi güclü edən əsas amillərdir. 44 günlük Vətən müharibəsi, ötən
ilin sentyabrında aparılmış qısamüddətli
antiterror əməliyyatı
da göstərdi ki, güclü iradə, peşəkarlıq,
vətənpərvərlik, milli ruhda tərbiyə
edilmiş gənc nəsil olan yerdə heç bir qüvvə qarşımızda dura bilməz. İnam isə heç zaman qırılmamalıdır,
fərdlər də, toplumlar da şəraitdən
asılı olmayaraq inamlarını qorumalıdırlar.
Hazırda Azərbaycanın
işğaldan əziyyət
çəkən, hələ
də Fransa kimi ölkələrin müstəmləkə boyunduruğunda
yaşamaq məcburiyyətində
qalan xalqlarına aşıladığı əsas
həqiqət də elə budur.
Bu gün Azərbaycan bütün dünyada ədalət uğrunda mübarizə aparır. İnsan ədalətin təmin olunduğunu görəndə
özünü daha güclü, əmin, məmnun hiss edir. Çünki ədalət həyatımızda
mizan yaradan ali dəyərdir. Ona görə həm ayrı-ayrı şəxslər, həm bütövlükdə xalqlar
bu dəyərə çatmaq istəyir. Amma ədalət də öz-özünə
təmin olunmur. Bu məqsədə nail olmaq üçün
onun naminə çalışmaq lazım
gəlir. "Ədalətə
çatmaq üçün
sən gərək onu əldə edəsən, o, göydən
düşməz. Ona görə gələcək
fəaliyyətimiz üçün
də bu, əsas olmalıdır" - Azərbaycan Prezidenti qeyd etdi. Ölkə
rəhbərimiz vurğuladı
ki, bu gün
işğaldan əziyyət
çəkən və
ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün Azərbaycan
nümunəsi bir ümid işığıdır.
Gələcəkdə öz
gücünə güvənmək,
güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək -
bunlar Azərbaycan dövlətinin əsas hədəfləridir.
Birliyimizin gücü
Biz ərazi bütövlüyümüzə, suverenliyimizə birliyimizin
gücü ilə nail olduq. 44 günlük Vətən müharibəsinin möhtəşəm
tarixi, xalq-dövlət-ordu
birliyi Azərbaycan cəmiyyətinin unikal monolitliyə malik olduğunu göstərdi.
Birliyi daim qorumaq və gələcək nəsillərə
ötürmək indi
ən ümdə vəzifələrdən olmalıdır. Bunun üçün yeni nəslin milli ruhda tərbiyə alması, öz mədəniyyətinə, ənənələrinə,
mənəvi dəyərlərinə
sadiqlik göstərməsi,
kənar təsirlərə
düşməməsi, müxtəlif
vədlərə aldanmaması
mütləqdir. Nəzərə
almaq lazımdır ki, bu təsir
dairələrinin, bu vədləri verənlərin
Azərbaycanla bağlı
niyyətləri qətiyyən
xoş deyil. Təxminən 30 ilə qədər çəkən
işğal dövründə
buna hər birimiz şahid olduq. Demək olar ki, bütün
böyük güclərin
torpaqlarımızın işğalının
əbədi olması
üçün çalışdıqlarını,
yurdumuzun düşmən
tapdağından azad edilməsini, ərazi bütövlüyünə, suverenliyinə
nail olaraq davamlı inkişafa yönəlməsini istəmədiklərini
gördük. Bu da aydındır. Onların niyyəti Azərbaycanı daim təzyiq altında saxlamaq, işğal faktından təsir vasitəsi kimi istifadə etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq, öz
maraqlarını təmin
etmək idi.
Bu mənada Azərbaycan, əslində,
azadlıq müharibəsi
aparırdı və bu müharibə torpaqlarımızın düşməndən
xilası ilə yanaşı, həm də ikili standartlara,
riyakarlığa, islamofobiyaya
və xalqımıza
göstərilən düşmən
münasibətə qarşı
idi.
Ailə və müəllim tərbiyəsi
Azərbaycan Prezidenti
Qarabağ Universitetinin
tələbələri ilə
görüşdəki çıxışında
tərbiyənin iki əsas mənbəyi olan ailə və müəllim tərbiyəsinin önəmini
xüsusi vurğulayaraq
qeyd etdi ki, xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün
tutulur və həmişə belə olmalıdır. Bunu xalqımızın ənənələri
diktə edir. Eyni zamanda bəzi
Qərb ölkələrində
ailə dəyərlərinin
tamamilə eybəcər
formaya düşməsi
göz önündədir
və bu, hər birimizdə haqlı olaraq ikrah hissi doğurur.
Dövlətimizin başçısı
ailə dəyərlərinin,
ailə tərbiyəsinin
birinci növbədə
qorunmalı olduğunu
bildirərək diqqəti
müəllim tərbiyəsinə
də yönəltdi.
Müəllimlərin uşaqların,
gənclərin biliklərinin
artırılması, eyni
zamanda onların vətənpərvərlik ruhunda
tərbiyəsi üçün
fəal və səmərəli işlədiklərini
diqqətə çatdırdı.
İkinci Qarabağ müharibəsinin şanlı
tarixi, heç vaxt Qarabağı görməyən gənclərin
torpaqlarımız uğrunda
ölümə belə
getmələri, şəhidlik
zirvəsinə ucalmaları
bunun örnəyidir. Qarabağ Universitetindəkı
çıxışında bu mövzuya geniş yer ayırması Azərbaycan
Prezidentinin böyüməkdə
olan nəslin tərbiyəsinə, ümumən
cəmiyyətimizdə mənəvi
dəyərlərin qorunmasına
və inkişafına
nə qədər mühüm önəm verdiyini göstərir.
Gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyəsi, gələcəyə düzgün
hazırlanması üçün
tarixi həqiqətləri
həssaslıqla öyrənmələri,
bununla bağlı aydın fikrə malik olmaları da çox mühüm
şərtdir. Azərbaycan
torpaqlarının işğalına
gətirib çıxaran,
xalqımızın illərlə
çəkdiyi məşəqqətlərə
səbəb olan reallıqlar son əsrlərin tarixində
öz əksini tapıb. Bu tarixi diqqətlə öyrənmək Azərbaycanın
ərazi bütövlüyünün,
suverenliyinin bərpası
nailiyyətinin miqyasını
dəqiq təsəvvür
etməyə kömək
göstərəcək. Çünki
Azərbaycan Prezidenti İlham Əliyev böyük Zəfərimizlə
təkcə Azərbaycan
torpaqlarının azadlığına
nail olmayıb, eyni zamanda əsrlərin
problemini aradan qaldırıb. Bu qələbəmiz böyük
imperiyaların regionda
öz maraqlarını
reallaşdırmaq üçün
həyata keçirdikləri
erməni layihəsini
darmadağın edib.
Tarixə baxış
Dövlət
rəhbərimizin nitqində önəmli məqamlardan biri də
tarixi faklara diqqət yönəltməsi idi. Azərbaycan torpaqlarının
işğalı XIX əsrin
əvvəlində bağlanmış
üç müqavilədən
- "Kürəkçay", "Gülüstan", "Türkmənçay"
müqavilələrindən başlanır. Bu müqavilələr faktiki
olaraq sonrakı işğal üçün
zəmin hazırladı.
Belə ki, həmin müqavilələrin
imzalandığı tarixə
qədər heç vaxt Qarabağ torpağında yaşamamış
ermənilər İrandan
və Şərqi Anadoludan kütləvi surətdə bu əraziyə köçürüldü.
Beləliklə, Azərbaycanın
gələcək bəlalarının
əsası qoyuldu. Ermənistan və erməni alimlərinin hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa
çalışmalarına, öz lobbi şəbəkələri
vasitəsilə müəyyən
dərəcədə beynəlxalq
ictimaiyyəti də çaşdırmağa nail
olmalarına rəğmən
tarix tarixdir. Onu sona qədər
ört-basdır etmək
mümkün deyil.
XX əsrin əvvəlində
xalqımıza qarşı
növbəti düşmənçilik
addımlarının atılması,
1920-ci ilin noyabrında
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
bir neçə ay sonra Qərbi
Zəngəzurun Azərbaycandan
qoparılması, ardınca
1923-cü ildə heç
bir əsas olmadan Azərbaycanın tərkibində "Dağlıq
Qarabağ Muxtar Vilayəti"nin yaradılması,
bu vilayətin tabeçiliyinin Sovet İttifaqının mərkəzinə
bağlanması da yurd yerlərimizin faktiki işğalı üçün həyata
keçirilən planlı
işin bir hissəsi idi.
Ümummilli Lider
Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövrünə
qədər Qarabağda
kütləvi ermənləşdirmə
prosesi davam etdirilmişdir. Yalnız Ulu Öndərin sayəsində bu vəziyyət dəyişdi.
Qarabağda sabitlik yarandı, separatçılar
baş qaldırmağa
cəsarət göstərmədilər.
O illərdə Azərbaycanın
başqa bölgələri
ilə daha sıx kommunikasiya üçün Xankəndiyə
dəmir yolu xətti çəkildi, böyük infrastruktur layihələri quruldu, Sərsəng, Suqovuşan
su anbarları tikildi, bir neçə
müəssisə yaradıldı.
Ölkənin müxtəlif
bölgələrindən çalışmaq
üçün buraya
gələn soydaşlarımızın
hesabına keçmiş
"Dağlıq Qarabağ
Muxtar Vilayəti"ndə
azərbaycanlıların sayı
tədricən 9 faizdən
30 faizə qədər
yüksəldi. Ulu Öndər Heydər Əliyev keçmiş Sovet İttifaqı rəhbərliyindəki ali
vəzifələrindən istefaya göndərildikdən
cəmi iki həftə sonra Qarabağdakı erməni
separatçılarının və onların havadarlarının hərəkətə
keçmələri də
tarixi reallıqdır.
Prezident İlham Əliyevin nitqində bu fikirlərə daha geniş yer verildi.
Ümummilli Liderin
istefasından az sonra başabəla sovet iqtisadçısı,
erməni millətindən
olan akademik A.Aqambekyanın Fransanın
"Humanite" qəzetində
"Dağlıq Qarabağ
Muxtar Vilayəti"nin
Azərbaycandan çıxarılıb
Ermənistana birləşdirilməsini
iqtisadi cəhətdən
"əsaslandıran" məqaləsi ilə separatçılar yaramaz əməllərini həyata
keçirmək üçün
aqressivcəsinə fəallaşdılar. Xankəndidə
və Ermənistanda Azərbaycana qarşı işğal hərəkatı
başlandı. Qarşıya
vəzifə qoyuldu ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın. Əfsuslar
olsun ki, Azərbaycanın ozamankı
rəhbərliyinin zəifliyi,
bəzi hallarda isə açıq-aşkar
xəyanəti, daha sonra silahlı çevriliş yolu ilə hakimiyyətə gələn Xalq Cəbhəsinin satqınlığı
da ermənilərin yolunu açdı. Onlar bir çox
şəhər və
kəndlərimizdən, o cümlədən
Xankəndidən soydaşlarımızı
didərgin saldılar.
1992-ci ilin fevralında
Xocalıda azərbaycanlılara
qarşı böyük
bəşəri cinayət
- Xocalı soyqırımını
törətdilər. 1992-ci ilin may ayında
Şuşa, Laçın
işğal olundu,
1993-cü ilin aprelində
isə Kəlbəcər
düşmən tapdağı
altına düşdü.
Digər rayonlarımızın
da işğalına,
bir milyona yaxın soydaşımızın
məcburi köçkün
vəziyyətinə düşməsinə,
illərlə ağır
məhrumiyyətlər çəkməsinə
zəmin yarandı.
"Beləliklə, xəritəyə
baxsanız görərsiniz
ki, bütün böyük bir bölgə nəzarətdən
çıxdı və
faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax bu idi bizim tariximiz"
- Azərbaycan Prezidenti
nitqində bunları xüsusi vurğuladı.
Hər bir addım əvvəlki addımın məntiqi davamı idi
1993-cü ilin iyununda
ölkənin o təlatümlü
günlərində əgər
Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə
qayıtmasaydı, Azərbaycan
dövlətinin hətta
parçalanaraq dünya
xəritəsindən silinməsi
ehtimalı labüd idi. Ümummilli Liderin ölkənin gələcək taleyinə
görə məsuliyyəti
öz üzərinə
götürməsi tarixin
axarını dəyişdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
inkişaf proseslərini uğurla
davam etdirərək Azərbaycanı tarixdəki
ən güclü çağlarına yetirən
cənab İlham Əliyev xalqımızı
böyük Zəfərə
- ən böyük hədəfinə çatdırdı.
"Əgər 2020-ci ilin noyabrından
2023-cü ilin sentyabrına
qədər bizim bütün addımlarımızı
və gördüyümüz
işləri təhlil
etsəniz görərsiniz
ki, hər bir addım əvvəlki addımın
məntiqi davamı idi və hər
bir addımın son məqsədi 20 Sentyabr Dövlət Suverenliyi Günü idi".
Artıq
yaşadığımız bu günlər xəyal deyil,
reallıqdır, təqvimdə öz əlamətdar yerini
tutmuş qürur günümüzdür. Bu günün işığında Qarabağ,
Şərqi Zəngəzur
yenidən qurulur, dirçəlir. Soydaşlarımız
öz el-obalarına qayıdırlar, bu əzəli-əbədi yurdlarımızda
yaradılan yeni təhsil müəssisələrində,
o cümlədən Qarabağ
Universitetində gənclərimiz
sabaha doğru inamlı addımlarını
atırlar. Onların gələcəyi daha xoşbəxt, daha əmin olacaq. Çünki bu gənclərimiz tarixin ən güclü Azərbaycanının vətəndaşlarıdırlar.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
25 sentyabr (№ 209).- S.6.