BMT-də
COP29 Sədrliyinin irəli
sürdüyü “Multisektoral
Fəaliyyət Yolları”
təşəbbüsünə həsr olunmuş konfrans keçirilib
BMT Baş Assambleyasının 79-cu sessiyası
və Nyu-York İqlim Həftəsi çərçivəsində BMT-nin baş qərargahında
COP Sədrliyi, BMT-nin İnsan Məskunlaşmaları
Proqramı və “Davamlılıq üçün
Yerli Hökumətlər” (ICLEI) təşkilatının birgə
təşkilatçılığı ilə “İqlimə Dayanıqlı və
Sağlam Şəhərlərin Yaradılması Naminə
Multisektoral Fəaliyyət
Yolları (MAP)” adlı
konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirin keçirilməsində məqsəd
COP29 Sədrliyi tərəfindən
irəli sürülən
“Dayanıqlı və
Sağlam Şəhərlərə aparan Multisektoral Fəaliyyət Yolları
(MAP)” təşəbbüsünün təfərrüatları barədə
iştirakçıları məlumatlandırmaqdır.
Tədbirin açılış
hissəsində Azərbaycan
Respublikası Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Anar Quliyev çıxış
edərək bildirib
ki, Azərbaycan qlobal gündəliyə sadiqdir
və iqlim dəyişikliyinin nəticələrinin
yumşaldılması tədbirlərini
özündə birləşdirən
milli inkişaf məqsədlərinə
nail olmaq istiqamətində
irəliləyir. Onun sözlərinə görə,
neft və qaz sektorunda əsas aktorlardan biri olmaqla yanaşı
Azərbaycan “yaşıl
enerji”nin gələcəyinə hədəflənib
və 2030-cu ilə qədər bərpaolunan enerji sektorunun payını 30 faizə çatdırmaq niyyətindədir.
O əlavə
edib ki, iqlim çağırışları çoxdövlətli və
çoxsektorlu əməkdaşlıq
tələb edir və milli və lokal hökumətlər, özəl sektor və beynəlxalq ictimaiyyətin əməkdaşlığı
nəticəsində Paris sazişinin
məqsədlərinə və
Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olmaq mümkündür.
Anar Quliyev Azərbaycanın 2026-cı ildə
13-cü Dünya Şəhərsalma Forumuna ev sahibliyi
edəcəyini vurğulayıb
və COP29 çərçivəsində
veriləcək qərarların
forumda nəzərdən
keçiriləcək vacib
qərarların qəbuluna
gətirib çıxaracağına
əmin olduğunu bildirib.
BMT-nin Məskunlaşma Proqramının icraçı
direktoru Anaklaudiya Rozbax və BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi bölməsinin direktoru Sesiliya Kinusiya Nyenqa çıxışlarında
iqlim dəyişikliyi
ilə mübarizədə
şəhərlərin oynadığı
mühüm rol haqqında danışıb,
dayanıqlı və
sağlam şəhərlərin
salınması üçün
multisektoral əməkdaşlığın
əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində
iki panel təşkil edilib. BMT-nin İnsan Məskunlaşmaları
Proqramının nümayəndəsi
Lea Ranalderin moderatorluğu ilə “Şəhərlərdə multisektoral
iqlim fəaliyyəti və COP29-un rolu” mövzusunda təşkil edilmiş paneldə BMT-nin Avropa üzrə
İqtisadi Komissiyasının
icraçı katibi Tatyana Molçan, Ümumdünya Meteorologiya
Təşkilatının baş
katibi Selest Saulo, Türkiyənin Ekologiya Nazirliyində İqlim Dəyişikliyi bölməsinin direktoru Halil Hasar, Finlandiyanın
Turku şəhərinin
meri və
İCLEİ-nin birinci
vitse-prezidenti Mina Arv və “Bloomberg” təşkilatının nümayəndəsi
Meqan Ross çıxış edərək
şəhər iqlimi
fəaliyyətində mövcud
təşəbbüslər və mexanizmlər üzrə irəliləyişlər
və ən yaxşı təcrübələr
barədə danışıblar.
Paneldə natiqlər
MAP təşəbbüsünün innovativliyini, o cümlədən
bir tərəfdən
indiyədək COP çərçivəsində
irəli sürülən
təşəbbüslərdə əks etdirilməmiş yeni sahələri əhatə etdiyini, digər tərəfdən
isə bu təşəbbüslərlə Ümumdünya Şəhər
Forumu və Ümumdünya Ətraf Mühit Günü arasında sinerjinin yaranmasına töhfə verəcəyini vurğulayıblar.
Meqan Ross çıxışında COP29 Şəhərsalma Günü
çərçivəsində keçiriləcək Şəhərsalma
və İqlim dəyişikliyi üzrə
yüksək səviyyəli
iclasa “Bloomberg” tərəfindən
ediləcək dəstək
haqqında məlumat verib.
Daha sonra “Yerli iqlim maliyyəsinin
sürətlənməsi üçün
əməkdaşlığın inkişafı” mövzusu üzrə ikinci panel təşkil edilib. Paneldə Dünya Bankının Ətraf Mühit bölməsinin direktoru Valeriya Hikey, Şəhərlərdə İqlim
Maliyyəsinə Liderlik
Alyansının direktor
müavini Prissilla Neqreyros, Beynəlxalq Maliyyə Korporasiyasının
İqlim Strategiyası
və Biznes bölməsinin baş meneceri Dip Nyungen
Van Hut, Asiya İnkişaf
Bankının İqlim
Dəyişikliyi bölməsinin
direktoru Noel Obrayan və son olaraq Asiya
İnfrastruktur İnkişaf
Bankının iqlim üzrə məsul əməkdaşı Çanping
Şiye dayanıqlı
və sağlam şəhərlərin qurulması
üçün iqlim
maliyyəsinin şəhərlərə
istiqamətlənməsinin əhəmiyyətindən bəhs
ediblər və MAP təşəbbüsünün bu sahədə qlobal maliyyələşmənin
artırılmasına töhfə
verəcəyini qeyd ediblər.
Son olaraq COP29 üzrə baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış
edərək maliyyə
axınını artırmaq
üçün şəhərlər
və iqlim fondları arasında daha möhkəm körpünün qurulması
üçün əməkdaşlığın
vacibliyini qeyd edib. O, MAP Bəyannaməsi
barədə danışıb
və Şəhərsalma
Günü çərçivəsində
noyabrın 20-də COP29 çərçivəsində
keçiriləcək Şəhərsalma
və İqlim üzrə Nazirlərin
3-cü görüşü haqqında qısa məlumat verilib. Bildirib ki, MAP bəyannaməsi BMT agentlikləri
və hökumətlərarası
təşkilatlar, xeyriyyə
təşkilatları, donorlar,
çoxtərəfli inkişaf
banklarına şəhər
iqliminin maliyyələşməsi
və maliyyələşmənin
koordinasiyası üçün
güclü əməkdaşlığa
çağırış edəcək. O, çıxışında
Şəhərlərin İqlim
Fəaliyyəti üçün
Bakı Davamlılıq
Koalisiyasının yaradılacağını,
MAP Bəyannaməsinə ölkələr
və təşkilatların
qoşula biləcəklərini
qeyd edib.
Azərbaycan.-2024.-
25 sentyabr (¹ 209).- S.8.