Gələn il də dövlət büdcəsi sosialyönümlü olacaq

 

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regional və beynəlxalq müstəvidə uğurlu addımlar atması yeni reallıqlar yaradıb və bunlar 2025-2028-ci illəri əhatə edən növbəti ortamüddətli dövrdə ölkəmizin yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirib.

Sentyabrın 24-də Nazirlər Kabinetində keçirilmiş iclasda da məhz gələn il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də 2025-ci il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub.

Əvvəla, qeyd edək ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sının uğurlu icrası nəticəsində ölkəmizdə iqtisadi fəallıq davam edir. Qeyri-neft-qaz sektorunun bütün sahələrində müsbət artım templəri müşahidə olunur. Cari ilin ilk 8 ayında ümumi daxili məhsul 4,3 faiz artıb, o cümlədən qeyri-neft sektorunda 7 faiz artım olub. Qeyri-neft sənayesində isə 7,8 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb. Bu göstərici cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. Sentyabrın 1-i tarixinə bu göstərici 5,3 milyard dollar olmaqla ÜDM-in 7,5 faizini təşkil edir. Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib. Təsdiq edilmiş müvafiq tədbirlər planının icrası antiinflyasiya tədbirlərinə öz müsbət təsirini göstərir. Belə ki, ötən 8 ayda orta illik inflyasiya 1,3 faiz, illik inflyasiya isə 3,5 faiz olub.

Bir sözlə, qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə, dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.

Sözügedən iclasda Baş nazir Əli Əsədov ötən dövr ərzində müsbət makrofiskal göstəricilər, dünya enerji bazarlarında əlverişli qiymət, profisitli tədiyə balansı, dövlət büdcəsinə əlavə gəlir daxilolmaları nəticəsində 2024-cü ilin dövlət büdcəsinə yenidən baxıldığını bir daha nəzərə çatdırıb. Nəticədə büdcə gəlirləri 2,2 milyard manat, büdcə xərcləri isə təxminən 3 milyard manat artıb. Yenidən baxılmış büdcə ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, "Böyük Qayıdışa dair Dövlət Proqramı"nın icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üzrə zəruri olan bir sıra əlavə xərclərin maliyyələşdirilməsinə imkan yaradıb.

Beləliklə, gələn il və növbəti üç ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi mövcud xarici və daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, büdcə qaydasının hədəfləri və makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb. Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasəti bir sıra əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Bunlar "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sında qeyd olunan tədbirlərin həyata keçirilməsini, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük qayıdışın təmin edilməsini nəzərdə tutur. Eləcə də ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi diqqət mərkəzindədir. Bu sırada NMR Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası da yer alır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketinin həyata keçirilməsi, bununla bağlı dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması yenə də vacib sahələr olaraq qalır.

Növbəti ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667 milyon manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5 faiz, qeyri-neft sektoru üzrə 4,9 faizlik real artım tempi proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempi 5 faiz nəzərdə tutulur. Ortamüddətli perspektivdə neft-qaz sektorunda hasilatın azalması ilə artım tempinin zəifləməsi fonunda qeyri-neft iqtisadiyyatının inkişafı əsas hədəflərdən biridir. Belə ki, üzümüzə gələn dörd ildə makrofiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanıb. Konkret olaraq növbəti ilin büdcə hesablamalarında neftin qiyməti 70 dollar götürülüb.

Prezident İlham Əliyevin daim diqqətə çatdırdığı sözlərlə desək, Azərbaycan vətəndaşının sosial müdafiəsinin və rifah səviyyəsinin təmin edilməsi yenə də mühüm məsələ olaraq qalır. Buna dövlətimizin apardığı uğurlu sosial-iqtisadi siyasət imkan verir. Başqa sözlə, 2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcək.

Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edir. Gələn il əməkhaqqı və sosial ödənişlərdə yeni artımlarla 2 milyondan artıq vətəndaş əhatə olunacaq. Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün 2025-ci ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulub. Müdafiə və milli təhlükəsizlik xərcləri isə gələn ilin dövlət büdcəsində ümumi büdcə xərclərinin 17 faizini təşkil edir.

2025-ci ildə Qarabağın və Şərqi Zəngəzurun bərpa-quruculuq işlərinə daha 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur . Qeyd edək ki, bu məqsədlər üçün indiyədək dövlət büdcəsindən 17,5 milyard manata yaxın vəsait ayrılıb.

 Məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Təsadüfi deyil ki, gələn il iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə "yaşıl büdcə" xərclərində 16 faizdən çox artım nəzərdə tutulub.

İndi Azərbaycan möhtəşəm bir tədbir - COP29-a evsahibliyi etməyə hazırlaşır. Ölkəmizin dünya miqyasında siyasi nüfuzu getdikcə artır, Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı, həmçinin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi statusu möhkəmlənir. Biz beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün tərəfdaş ölkələrlə davamlı olaraq birgə səylər göstəririk.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 26 sentyabr (№210).- S.12.