Azərbaycan sərmayə sarıdan
heç bir investordan asılı deyil
Qarabağ
və Şərqi Zəngəzur yalnız daxili imkanlar
hesabına dirçəldilir
Azərbaycan
dünyada inkişaf edən ölkələr sırasında
yer alsa da, ən yaxın strateji hədəfi inkişaf
etmiş ölkəyə çevrilməkdir. Bunun, konkret desək,
iqtisadiyyatın şaxələndirilməsi,
neft-qaz gəlirlərindən asılılığın
azaldılması, qeyri-neft-qaz sənayesinin inkişafı və
sosial məsələlərin həllinin daha da sürətlənməsi
üçün ölkədə bir sıra vacib sənədlər
qəbul olunub və hazırda həmin sənədlər
çərçivəsində yer almış vəzifələr
icra edilir.
Nəticədə
ölkə üzrə iqtisadi inkişaf dinamikası yüksəlir,
əhalinin sosial güvənliyi daha etibarlı təmin olunur.
Prezident İlham Əliyev VII çağırış Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində
ölkənin iqtisadi göstəricilərinin yüksək
olmasını vurğulayaraq demişdir ki, cari ilin 8 ayında
ölkə iqtisadiyyatı 4 faizdən çox, o cümlədən
qeyri-neft sektorunda 7 faiz artıb. Bu isə ilk növbədə
o deməkdir ki, qarşıya qoyulan hədəfə
çatmaq üçün ölkənin inkişaf tempi və
potensialı yüksəkdir.
Məlumdur ki, sərbəst
bazar iqtisadiyyatının inkişaf dinamikasının sabit
qalması və artması kapital qoyuluşu ilə sıx
bağlıdır. Başqa sözlə, iqtisadi
inkişafın hərəkətverici qüvvəsi fasiləsiz
kapitallaşmadan asılıdır. Bu səbəbdən də
hazırda Azərbaycan hökumətinin apardığı
iqtisadi siyasətin başlıca məqsədi sərmayə
qoyuluşunun davamlı olmasını təmin etməkdir. Amma
son illər dünyada baş verən qarşıdurmalar nəticəsində
qlobal səviyyədə sərmayə qoyuluşunda azalma
müşahidə olunur. Üstəlik, qütbləşən
ölkələrin qarşılıqlı şəkildə
bir-birilərinə sanksiyalar tətbiq etməsi investorları
daha ehtiyatlı olmağa vadar edib. Çünki sərmayədarlar
qoyduqları vəsaitin təhlükəsizliyinə əmin
deyillər. Elə buna görədir ki, cari ilin Azərbaycanda
yanvar-avqust aylarında ölkə üzrə yatırılan
ümumi sərmayənin 58,7 faizi dövlətə, 41,3 faizi
qeyri-dövlət sektorunun səhmdarlarına məxsusdur. Bu,
indiki mürəkkəb zamanda yeganə çıxış
yoludur. Yeri gəlmişkən onu da qeyd edək ki, hər
hökumətin özəl sərmayə kəsirini əvəzləmək
üçün bizim kimi maliyyə imkanı yoxdur. Azərbaycanın
bunu etməsi uğurlu iqtisadi siyasətin nəticəsidir.
İndi isə
konkret son rəqəmlərə müraciət edək.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
cari ilin 8 ayında ölkənin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 11 milyard 216,9 milyon manat və ya ötən ilin
müvafiq dövrü ilə müqayisədə 1,7 faiz
çox investisiya yönləndirilmişdir. Bu dövrdə
neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi
2,4 faiz azalsa da, qeyri-neft-qaz sektoruna yönəldilən
investisiyaların həcmi 3,9 faiz artmışdır.
Kapital
qoyuluşunda ölkənin inkişafına birbaşa təsir
edən sahələrə xüsusi önəm verilir. Belə
ki, hesabat dövründə ümumi sərmayənin 5 milyard
587 milyon manatı (49,8 faizi) məhsul
istehsalı sahələrinə yönəldilmişdir. Daxili
mənbələrdən əsas kapitala qoyulan investisiyanın
dəyərinin ümumi sərmayənin 83,1 faizini təşkil
etməsi isə onu göstərir ki, Azərbaycan
qarşıya qoyulan vəzifələri icra etmək
üçün kifayət qədər maliyyə
imkanlarına malikdir və heç bir xarici köməyə
ehtiyac yoxdur. Buna baxmayaraq, xarici səhmdarlar da Azərbaycana
güvəndiklərindən ölkəmizdə müxtəlif
sahələrə sərmayə yatırmaqdan çəkinmirlər.
Dövlət Statistika Komitəsinin cari ilin yanvar-avqust
ayları üzrə açıqladığı rəqəmlərə
görə, xarici ölkələr və beynəlxalq təşkilatların
vəsaitləri hesabına əsas kapitala yönləndirilmiş investisiyanın həcmi 1 milyard
819,5 milyon manat olmuşdur. Bunun 95,7 faizi Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı,
ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya,
Norveç, İran, Hindistan, BƏƏ,
Qırğızıstan və Fransa sərmayədarlarına
məxsusdur.
Kapital qoyuluşu
ölkənin hərtərəfli inkişafında önəmli
rol oynayan müxtəlif təyinatlı obyektlərin tikintisinə
imkan yaratmışdır. Hesabat dövründə ölkənin
enerji sektoruna əlavə dəyər qazandıracaq
Laçın rayonunda "Zabux",
"Qarıqışlaq", "Zəngilan",
"Şayıtlı" Su-Elektrik stansiyaları, Qəbələ
rayonunda 110/35/10 kV-luq "Hacallı" elektrik
yarımstansiyası tikilib istifadəyə verilmiş, paytaxtda
və regionlarda bir çox sosial-iqtisadi obyektlər inşa
olunmuşdur.
Təbii ki,
onların əksəriyyəti işğaldan azad edilmiş ərazilərdə
yerləşir. Təkcə onu qeyd etmək kifayətdir ki,
Qarabağ və Şərqi Zəngəzurda görülən
işlərin həcmi və sürəti hətta dünyada
möcüzələr yaradan ölkələri belə, təəccübləndirir.
Prezident İlham Əliyev 7-ci çağırış Milli
Məclisin ilk iclasındakı nitqində bu barədə
çox dəqiq demişdir: "...Qarabağın və
Şərqi Zəngəzurun dirçəldilməsi
üçün genişmiqyaslı işlər
aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa
işləri hansısa ölkədə
aparılmışdır, ya yox". Sözsüz ki, bu səviyyədə,
bu tezlikdə, bu keyfiyyətdə heç bir ölkədə
aparılmayıb və yəqin ki, yaxın gələcəkdə
aparılmayacaq da. Üstəlik, bütün görülən
və görüləcək işlər yalnız daxili
imkanlar hesabınadır. Dövlət başçısı
demişkən: "...bütün bu işləri biz öz
hesabımıza edirik... bizə bir daş da müftə verilməmişdir...
Biz ancaq öz gücümüzə arxalanmalıyıq,
öz potensialımıza güvənməliyik".
Rüstəm
KAMAL,
Azərbaycan.-2024.-
26 sentyabr (№210).- S.12.