Prezidentin
müəyyən etdiyi
vəzifələr ölkəmizi
daha da qüdrətləndirəcək
"Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin birinci iclasındakı çıxışı proqram xarakterlidir və ölkəmizin iqtisadi inkişafına, suverenliyinin və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Yeni formalaşmış parlament dövlət başçısının müəyyənləşdirdiyi istiqamətlər üzrə fəaliyyətini quracaq və ölkəmizin daha da güclənməsinə töhfə verəcək".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, dövlət başçısının müəyyənləşdirdiyi vəzifələr çoxşaxəlidir və yeni dövrdə ölkəmizin uğurla inkişaf etdirilməsinə hesablanıb. Prezident ölkəmiz qarşısında dayanan birinci vəzifəni hərbi gücün artırılması olduğunu qeyd etdi. Bu gün dünya nizamında ədalətsizlik baş alıb gedir, güclü dövlətlər öz istəklərini reallaşdırmağa çalışırlar. Ona görə də yeni müharibə ocaqları yaranır və bundan günahsız insanlar əziyyət çəkirlər. Cənubi Qafqaz tarixən münaqişələrin, müharibələrin baş verdiyi yer olub və bu gün də həssas region olaraq qalır. "Bu regionda güclü dövlətlərin maraqları həmişə olub və bundan sonra da olacaq. Amma regionda ədalətli mövqeyini müdafiə edən, pozulmuş haqlarını bərpa edən yeni bir güc meydana gəlib. Bu yeni güc Azərbaycandır. Biz 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə Cənubi Qafqazda yeni tarix yazdıq. Sübut etdik ki, öz ərazilərimizi işğaldan azad edərək suverenliyi tam bərpa etmək iqtidarındayıq. Ona görə də ədalətli mövqeyimizi qoruyub saxlamaq üçün hərbi gücümüzü artırmalıyıq. Cənab Prezidentin qeyd etdiyi kimi, hərbi xərclər dövlət büdcəsində birinci yerdə dayanır və bundan sonra da belə olmalıdır. Ordumuz daha da güclənməli, yeni hərbi texnikalar alınmalı, peşəkarlıq artırılmalı, hərbi sənaye kompleksi inkişaf etdirilməlidir. Xarici tərəfdaşlarla əməkdaşlığımızı genişləndirməklə hərbi sənaye məhsullarının istehsalını diversifikasiya etməliyik. Bu, həm ordunun təminatının idxaldan asılılığının azaldılmasına, həm də ixrac potensialımızın artırılmasına imkan verəcək", - deyə A.Badamov əlavə edib.
Deputat qeyd edib ki, digər bir istiqamət sərhədlərin təhlükəsizliyinin təmin olunmasıdır. Yeni avadanlıqlar almaqla və müasir təhlükəsizlik sistemlərini formalaşdırmaqla sərhədlərimizi daha etibarlı şəkildə qorumalıyıq. Ölkə rəhbərinin qeyd etdiyi kimi, daxildə təhlükəsizliklə bağlı risklər yoxdur, bütün risklər xaricdən gözlənilir, buna görə də quru sərhədlərin bağlı saxlanmasını, həm də yüksək səviyyədə qorunmasını regiondakı geosiyasi vəziyyət tələb edir.
A.Badamov bildirib ki, ideoloji təhlükəsizliyin təmin olunması da Prezidentin vacib hesab etdiyi məsələlərdəndir: "Bu gün Azərbaycanın qələbəsini həzm edə bilməyən dairələr qarayaxma kampaniyaları aparmaqla ölkəmizə təzyiq göstərməyə çalışırlar. Həm də özlərinin maliyyəsi ilə saxladıqları media, QHT və digər vasitələrdən istifadə edib ölkəmizə şər-böhtan yağdırmaqla ədalətli işimizə kölgə salmağa çalışırlar. Təbii ki, belə qara qüvvələrin ölkəmizdə ayaq açmasına heç zaman imkan verə bilmərik. Dövlət başçımızın qeyd etdiyi kimi, dost və ya dost olmayan ölkələri tanımalıyıq. Gənc nəslin milli ruhda tərbiyə olunması da başlıca vəzifələrimizdən biridir. Belə ki, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında ailə və məktəb xüsusi rol oynamalıdır".
Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun bərpasının təmin edilməsinin əsas vəzifələrdən biri olduğunu dediyini xatırladan A.Badamov bildirib ki, ölkə rəhbəri müharibənin başa çatdığı gündən bu ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılmış 19 milyard manat vəsaitlə böyük işlər görüldüyünü diqqətə çatdırdı. Yaşayış məntəqələrinin yenidən qurulması işləri başa çatdırılan ərazilərə artıq keçmiş məcburi köçkünlər qayıdırlar. Bu günə qədər 8 mindən çox şəxs öz doğma yurdlarına dönüb. 2026-cı ilə qədər isə 140 min keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı təmin ediləcək. Bütün işlər dövlətimizin iqtisadi imkanları daxilində həyata keçirilir.
A.Badamov qeyd edib ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri də ölkənin iqtisadi gücünün artırılması ilə bağlıdır: "Məhz iqtisadiyyatı güclü olan ölkələr siyasi müstəqilliyinə qovuşurlar. Bu baxımdan Azərbaycan dünyada iqtisadi və siyasi müstəqilliyini əldə etmiş ölkələrdəndir. Bu ilin 8 ayının göstəriciləri Azərbaycanın iqtisadi inkişafının indikatorudur.
Dövlət başçımız çıxışında Ermənistanla sülh müqaviləsinin bağlanmasına toxunaraq bu ölkənin riyakar və düşmənçilik məqsədlərindən əl çəkmədiyini bildirdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanmış 5 baza prinsipi əsasında sülh təklifini irəli sürsə də, Ermənistan sülh müqaviləsinin imzalanmasını manipulyasiya edərək uzatmaqla vaxt qazanmağa çalışır. Məsələn, son dəfə mübadilə edilərək təqdim etdiyimiz təkliflərin 70 gündən sonra bu ölkə tərəfindən cavablandırılması Ermənistanın sülh niyyətinin olmadığını göstərir. Əslində, sülh sazişinin bağlanması üçün ciddi maneə yoxdur. Bunun üçün Ermənistan ölkəmizə qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik etməli, Minsk qrupu ləğv olunmalıdır. Tələbimiz beynəlxalq hüquqa söykənir və günün reallığına uyğun Ermənistanın atmalı olduğu addımlardır. Amma Ermənistan Qərbin dəstəyinə güvənərək yenidən hərbiləşməyə üstünlük verir, o cümlədən əldə olunmuş razılaşmaları pozur və Qərbin regionda hərbi mövcudluğunu artırır. Minsk qrupunun ləğv olunması üçün birgə müraciətə Ermənistanın razı olmaması gələcəkdə onun yenidən ərazi iddaları ilə çıxış etməsində məqsədli olduğunu göstərir. Amma Ermənistan heç kimə arxalanmamalı və Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışmalıdır. Prezidentin qeyd etdiyi kimi, biz ölkəmizin suverenliyinə potensial təhlükə gördüyümüz halda onun harda yerləşməsindən asılı olmayaraq, yerindəcə məhv etmək gücündəyik. Ona görə də Ermənistan hakimiyyəti ağlını başına yığmalı və Azərbaycanın şərtlərini qəbul edərək sülh müqaviləsinin imzalanmasına tələsməlidir".
Deputat vurğulayıb ki, Prezidentin parlament və xalq qarşısında qoyduğu vəzifələrin uğurla icrası ölkəmizi daha da gücləndirəcək və xarici təhdidlərdən daha etibarlı şəkildə qoruyacaq.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
26 sentyabr (№210).- S.6.