Dövlət başçısı qarşıda duran vəzifələri elan etdi

 

"Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında Prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxundu. Dövlət başçımız proqram xarakterli nitqində qanunverici orqanın qarşısında dayanan vəzifələri açıqladı və əminliklə ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcək".

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, dövlət başçısı nitqində Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək qarşıda dayanan vəzifələrə diqqət yönəldib. Prezident İlham Əliyev bildirib ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq, çünki parlament və bundan əvvəl prezident seçkiləri ölkəmizin bütün ərazilərində keçirilib. İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar açıb. Hazırda ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyub və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Azərbaycan Vətən müharibəsinin və antiterror tədbirlərinin nəticələrini dünyaya qəbul etdirə bilib. "Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz" fikirləri ilə dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri diqqətə çatdıran cənab İlham Əliyev onu da vurğuladı ki, dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçsə də, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı qələbə ilə haqlı olaraq fəxr edəcəklər", - deyə o əlavə edib.

K.Bayramov qeyd edib ki, Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışları edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında qurulan əlaqələr tarixi zəfərimizdən ötən dörd ildə yeni istiqamətlər üzrə sürətlə inkişaf edir. Dövlət başçısı VII çağırış Milli Məclisin ilk iclasında diqqəti Azərbaycanın mötəbər tədbirə  - COP29-a evsahibliyinə yönəldərək bildirdi ki, konfransın ölkəmizdə keçirilməsi 200-ə yaxın dövlət tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan ölkə rəhbəri bütün qitələrdə dostlarımızın sayının artdığını bildirdi. Vurğuladı ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.

Ekspert vurğulayıb ki, Azərbaycan bu gün sözü imzası qədər əhəmiyyətli olan ölkə kimi dünyanın diqqətindədir: "Regionda ölkəmizin iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən söhbət gedə bilməz. Dünya siyasətində yeniliklərin baş verməsində də Azərbaycanın tarixi zəfərinin reallıqları əhəmiyyətli rol oynayır. Azərbaycan qlobal problemlərin həllinə mühüm yanaşma ortaya qoyaraq daim dünyaya çağırış edir ki, beynəlxalq həmrəyliyin gücləndirilməsi prioritet olmalıdır. Ölkəmizin yeni dövr üçün müəyyənləşdirdiyi hədəflərə diqqət yetirdikdə görürük ki, əsas çağırış dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmaqdır. Eyni zamanda neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq.  Ölkəmiz daim antiazərbaycançı qüvvələrin əsassız təbliğatları ilə üz-üzədir. Azərbaycanın uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən dövlətlər, dairələr bu cəhdləri ilə diqqətdədirlər. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra bu cəhdlərin daha da artdığının şahidiyik. "Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır" söyləyən dövlətimizin başçısı bu reallığı da diqqətə çatdırdı ki, istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir".

K.Bayramov dövlət başçısının qarşıda duran digər vəzifələri açıqladığını da diqqətə çatdırıb. Birnömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin arxada qalmasına baxmayaraq, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, həm də Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir: "Prezident İlham Əliyev çağırış etdi ki,  yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılıb və gələn il də ayrılacaq. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Xarici mənbələrdən daha az asılı olmalıyıq".

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla davam etdiyini xatırladan deputat bildirib ki, Azərbaycana dost ölkələr bərpa işlərinə öz töhfələrini verməyə səy göstərirlər: "Dövlət başçısı çıxışında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edir. Bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bu ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın böyük imkanları olduğunu göstərir".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 26 sentyabr (№210).- S.6.