Ermənistan cinayət əməllərinə
görə maddi-mənəvi təzminat ödəyəcək
Suveren ərazilərimizi 30 ilə yaxın
işğal altında saxlayıb taladığına və
dağıtdığına görə təcavüzkar
ölkə beynəlxalq hüquq qarşısında cavab verəcək
"Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq".
2020-ci il noyabrın 17-də - qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün keçəndən sonra Qarabağa zəfər səfəri edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha azad Cəbrayıldan bəyan etdi ki, Ermənistan Azərbaycana qarşı törətdiyi bütün cinayət əməllərinin cavabını verəcək. Təcavüzkar ölkə xalqımıza vurduğu maddi və mənəvi ziyanı ödəyəcək. Yüzminlərlə vətəndaşımıza məxsus əmlakı taladığı, torpaqlarımızda qanunsuz istismar həyata keçirdiyi, tarixi, dini, mədəni irsimizi dağıtdığı üçün təzminat verəcək. Azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlara, soyqırımlarına, bütövlükdə vəhşi əməllərinə görə dünya qarşısında xalqımızdan üzr istəyəcək!
Haqq və ədalət yerini tapacaq
44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri sayəsinda işğaldan azad edilən ərazilərimizdə 30 il ərzində Ermənistan tərəfindən törədilən cinayət əməlləri üzə çıxıb. Yüzminlərlə vətəndaşımızı tarixi torpaqlarından zorla didərgin salaraq bütün hüquqlarını, o cümlədən mülkiyyət hüquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşayış yerlərini talayıb dağıdıblar, ekoloji terror həyata keçiriblər. Azərbaycanın suveren ərazilərində xalqımızdan heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atıblar. Düşmən azərbaycanlıların bir daha bu yurdlara dönməyəcəyini, törətdikləri cinayət əməllərinə görə hüquq qarşısında cavab verməyəcəyini sanıb. Beynəlxalq cəzasızlıq mühitindən yararlanması da Ermənistanı arxayın salıb. Çünki işğal müddətində heç bir beynəlxalq qurum ermənilərin törətdiyi cinayət əməlləri barədə məsələ qaldırmayıb, zəbt olunan torpaqlarımızda heç bir monitorinq keçirməyib. Ermənistan yüzminlərlə azərbaycanlının insan hüquqlarını kobud surətdə pozmasına, ərazilərimizdə "yanmış torpaq" siyasəti həyata keçirməsinə görə beynəlxalq səviyyədə heç bir məsuliyyətə cəlb olunmayıb.
Xatırladaq ki, azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki yeganə sənəd İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə 2015-ci ildə qəbul etdiyi qərardır.
Ancaq Vətən müharibəsindən sonra Azərbaycan özü haqqını aramağa başlayıb və Ermənistana qarşı maddi-mənəvi təzminat iddiası qaldırıb.
Hüquqi öhdəlik yerinə yetirilməlidir
Vətən
müharibəsi zamanı Ermənistan məğlubiyyətini
etiraf etdi və bununla həm də təcavüzkar olduğunu
boynuna almış oldu. Bu faktdır ki, suveren Azərbaycan
ərazisində qeyri-qanuni işğal nəticəsində
törədilmiş dağıntılara görə Ermənistan
məsuliyyət daşıyır. Ermənistan özü də
bilirdi ki, bu ərazilər üzərində suveren hüquqa
malik deyil, eyni zamanda bu torpaqların işğalının
müvəqqəti hal olmasını da anlayırdı. Vətən
müharibəsinə qədər danışıqlar prosesində
işğal edilmiş rayonların qaytarılması təklifinin
müzakirə edilməsi də bunun sübutudur. Lakin Ermənistan
bilərəkdən bu müvəqqəti vəziyyətdən
istifadə edərək ərazilərimizdə görünməmiş
dağıntı törətdi, ekoloji terror həyata
keçirdi, bu yerləri mina tarlasına çevirdi. Bir
sözlə, azərbaycanlıların qayıdış
hüququna mane olmaq üçün cinayətlər törətdi.
Ermənistanın işğalına son qoyulması nəticəsində suveren Azərbaycan ərazilərində törədilmiş dağıntıların həcmi də ortaya çıxdı. Məlum oldu ki, Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri, hətta qəbirlər yerlə yeksan edilib. Təkcə bir fakta nəzər salaq: Qarabağ və Şərqi Zəngəzurda rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
Bütün bu və digər sadalamadığımız cinayət əməllərinə görə Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsi olacaq. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Əgər mənəvi ziyan Ermənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvidə birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiyasını nəzərdə tutur.
Ermənistanın təzminat ödəməsi bir neçə formada həyata keçirilə bilər: Ermənistanla sülh danışıqları mütləq şəkildə Ermənistanın təzminat məsələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır.
Düzdür,
Ermənistanın hər zamankı kimi "məzlum"
obrazına bürünərək maliyyəsinin
olmadığını bəhanə gətirməsi gözləniləndir.
Ancaq təcavüzkar ölkənin bunun üçün
xeyli çıxış yolu mövcuddur. Məsələn,
İrəvan xarici havadarlarından aldığı külli
miqdarda maliyyə vəsaitini silah almağa yox, təzminatını
ödəməyə yönəldə bilər. Yaxud da Ermənistan
öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən
güzəştləri özündə ehtiva edən təzminat
razlışmasına gedər.
Bütün
hallarda Azərbaycan Ermənistanı xalqımıza
qarşı həyata keçirdiyi cinayət əməllərinə
görə maddi və mənəvi təzminat ödəməyə
məcbur edəcək.
Təzminatı
hansı formada həyata keçirəcəyi isə artıq
Ermənistanın öz seçimidir.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
26 sentyabr (№210).- S.8.