Bakıda
“Avropa və Mərkəzi Asiya ölkələrinin aqroərzaq
sektorunda iqlim tədbirlərinin gücləndirilməsi”
seminarı keçirilib
Kənd Təsərrüfatı
Nazirliyində “Avropa və Mərkəzi Asiya ölkələrinin aqroərzaq
sektorunda iqlim tədbirlərinin gücləndirilməsi”
mövzusunda regional iqlim
seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 20-yə yaxın
ölkənin müvafiq
dövlət qurumlarından
nümayəndələr, eləcə
də beynəlxalq təşkilatların əməkdaşları
iştirak edib. Seminar Birləşmiş Millətlər
Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi ilə birgə Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatında iqlim
fəaliyyətini gücləndirmək
məqsədilə təşkil
olunub. Seminar bu ilin noyabr ayında
keçiriləcək BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) hazırlıq
məqsədilə Avropa
və Mərkəzi
Asiya regionu dövlətlərinə
dəstək göstərməyi
hədəfləyib.
Tədbiri giriş
sözü ilə açan kənd təsərrüfatı naziri
Məcnun Məmmədov bildirib
ki, seminar iqlim dəyişikliyi
və kənd təsərrüfatı sahəsində
qlobal müstəvidə
mübarizəni gücləndirmək
məqsədini daşıyır
və dayanıqlı
strategiyalar hazırlamaq
üçün unikal
platforma təqdim edir: “Qlobal iqtisadiyyatda
aqrar sahənin inkişafına təsir edən başlıca amillərdən biri də məhz iqlim dəyişikliyidir. Torpaq və su resurslarının məhdud olduğu ölkəmiz də iqlim dəyişikliklərinin
mənfi təsirinə
ən çox məruz qalan ölkələrdəndir”.
Nazir Məcnun Məmmədov qeyd
edib ki, Prezident
İlham Əliyev tərəfindən
sosial-iqtisadi inkişafa
dair baxış və strategiya müəyyən edilərkən
yaşıl artım
milli prioritetlərdən biri
kimi qəbul edilib: “Bu baxımdan
2024-cü il ölkə başçısının
müvafiq Sərəncamı
ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncama əsasən Azərbaycanın
2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa
dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən
edilib”. Nazir Məcnun
Məmmədov əlavə edib ki, bu prioritetə
uyğun olaraq ölkəmizdə ətraf
mühitin sağlamlaşdırılması,
torpaq və su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən
səmərəli istifadənin
təmin edilməsi istiqamətində davamlı
işlər aparılır.
Nazir vurğulayıb ki, bu
il Azərbaycanın ev
sahibliyi edəcəyi
COP29-un ölkəmizdə aqrar
və ekoloji siyasətlərin qabaqcıl
beynəlxalq təcrübələrə,
texnoloji mübadilə
və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq.
Tədbirdə çıxış
edən ekologiya və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov
qeyd edib ki, bu gün dünyada
su və torpaq resurslarının istehsal imkanları son həddədir və mövcud tələbatı
çətinliklə ödəyir.
Onun sözlərinə
görə, dünya əhalisinin ərzağa olan tələbatının
sürətlə artması
ilə yanaşı, iqlim dəyişmələri
də öz növbəsində torpaq və su resurslarına
təzyiqi artırır:
“Xüsusilə də
son illərdə ekstremal hava hadisələrinin sayının
və başvermə tezliyinin artması aqrar sahəyə əhəmiyyətli dərəcədə
mənfi təsir göstərir”. Nazir müavini Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində görülən işlər
barədə tədbir
iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional
Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir
Quliyev bildirib ki, indiki şəraitdə ekoloji
tarazlığın qorunub saxlanılması, təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi, suyun,
torpağın və atmosfer havasının çirklənmədən
mühafizə olunması ümumbəşəri problemə
çevrilib. Agentlik rəsmisi
son dövrlərdə
qlobal iqlim dəyişilmələri və
ölkədə suya tələbatın artması
şəraitində su
ehtiyatlarından səmərəli
istifadənin mühüm
olduğunu diqqətə
çatdırıb və
bu istiqamətdə görülmüş işlərə
toxunub.
FAO-nun Azərbaycandakı
nümayəndəsi Muhammad
Nasar Hayat öz növbəsində
Azərbaycan hökumətinin
davamlı aqroərzaq
sistemlərinin təşviqi,
iqlim dəyişikliyi
ilə mübarizəyə
mühüm önəm
verdiyini vurğulayıb.
FAO rəsmisi deyib ki, Paris Sazişinin qlobal temperatur artımının 2°C-dən xeyli
aşağı saxlanılması
ilə bağlı hədəflərinə nail
olmaq üçün
dayanıqlı aqro-ərzaq
sistemlərinə keçid
vacibdir. O, müasir çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail
olmaq üçün
qlobal əməkdaşlığın
mühüm olduğunu
və təmsil etdiyi təşkilatın bu istiqamətdə üzv ölkələrə
dəstəyini davam etdirəcəyini qeyd edib.
Çıxışlardan sonra
regional iqlim seminarı
panel sessiyalarla öz işini davam etdirib. Sessiyalarda ekoloji tarazlığın
qorunub saxlanılması,
təbii ehtiyatlardan səmərəli istifadə
edilməsi, iqlim dəyişikliyinin təsirlərinin
azaldılması və
iqlimə uyğun dayanıqlı aqroərzaq
sistemlərinin qurulması
məsələləri müzakirə
edilib. Tədbirdə təkmilləşdirilmiş şəffaflıq
çərçivəsi, iqlim maliyyəsi, Uyğunlaşma üzrə
Qlobal Məqsəd Çərçivəsi, Təsirlərin
Azaldılması üzrə
Fəaliyyət Proqramı
və Paris Sazişinin
6-cı Maddəsi, Avropa
və Mərkəzi
Asiya regionunda kənd təsərrüfatı sektorlarının
və qida sistemlərinin Milli Müəyyən
edilmiş Töhfələrə
(MMT) inteqrasiyası, COP29-un gündəliyindəki aktual
mövzularla bağlı
təqdimatlar keçirilib.
Azərbaycan.-2024.-
26 sentyabr (¹210).- S.10.