Neftçilər parkının gözəlliyi göz oxşayır

 

Paytaxtımız cazibədarlığına görə dünyanın məşhur şəhərləri ilə yanaşı durur. İndi Bakı inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, paytaxtımıza yolu düşən hər kəs onun gözəlliyinə heyran qalır.

Prezident İlham Əliyev tərəfindən Bakıya, onun abadlığına, infrastrukturuna, mədəni həyatına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici ölkələrdən Bakıya gələn insanlar da etiraf edirlər. Əvvəl Bakıda olmuş əcnəbi turist növbəti dəfə paytaxtımıza gələndə onu tanıya bilmədiyini, şəhərin çox sürətlə inkişaf etdiyini, gözəlləşdiyini deyir.

Bu gözəlliyə əlavə gözəllik qatan istirahət parklarıdır. Bakıda onlarla istirahət parkı, gəzinti zonası, xiyaban var. Çəkinmədən deyə bilərik ki, bu istiqamətdə görülən işlərdən dolayı Bakı keçmiş ittifaq respublikalarının paytaxtlarından xeyli öndədir. Buna baxmayaraq, şəhərimizdə yeni meqaparkların salınması, bəzilərinin ərazisinin genişləndirilməsi, köhnə, baxımsız parkların bərpa olunması davam edir.

Belə parklardan biri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Neftçilər parkıdır. Parkda demək olar ki, 89 min əhalisi olan qəsəbə sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Buranın havası təmiz, ərazisi geniş abaddır. Parka qulluq edənlər hər ağacın, kolun, gül-çiçəyin qayğısına qalır, onları körpə uşaq kimi qoruyurlar. Burada müasir işıqlar quraşdırılıb, dibçəklərdə bir-birindən əsrarəngiz güllər əklib, dincələnlər üçün söhbətgahlar quraşdırılıb. Parkın mərkəzində neft quyusu formasında abidə qoyulub. Sözsüz ki, adına işarədir. Ən maraqlı yerlərdən biri "Veteranlar guşəsi"dir. Burada yaşlı insanların istirahət etmələri üçün hər şərait var. Parkda Qaraçuxur qəsəbəsi Əmək Veteranları Ağsaqqallar Şurası üçün yeni inzibati bina da inşa edilib.

Neftçilər parkı Bakının ən böyük istirahət yerlərindən biridir. Parkın 6 hektar ərazisi var. Onun 4 hektarı sırf əyləncə, istirahət, gəzinti üçündür. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb, velosiped yolu çəkilib. Parkda "IDEA" İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman futbol meydançaları salınıb, trenajorlar, uşaq yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar quraşdırılıb. Yeri gəlmişkən qeyd edək ki, 2019-cu il fevralın 26-da "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində parkda ağacəkmə aksiyası keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün 613 ağac əkilib. Bir həftə sonra - aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə parka daha 300 ağac basdırılıb.

Həmin hadisələrə şahidlik edən, daha doğrusu, birbaşa iştirakçısı olan insanlarla söhbət etdik. Nəvəsini parkda gəzdirən Gülçöhrə Əhmədova maraqlı əhvalat söylədi: "Nənəm babam bu parkın qurucularından olublar. Zinaida nənəm danışırdı ki, 40-cı illərdə buralar düzəngah bir yer idi, qışda soyuqdan, yayda istidən dayanmaq olmurdu. Bir gün qərara gəliblər ki, burada ağac əksinlər, bağ salsınlar. Həm küləyin qarşısı bir az alınar, həm yayda oturmaq, dincəlmək üçün bir yer olar. Beləliklə, bu əraziyə ilk ağacı nənəmlə babam əkib. Bunu görən qonşular, ətrafda yaşayan sakinlər onlara qoşulublar". Nənə-babasından qürurla danışan Gülçöhrə xanım onu da bildirdi ki, Neftçilər parkı onun üçün doğma, əzizdir: "Burada nənəmin, babamın əl izləri var. İnanıram ki, gördüyünüz bu qocaman ağacları mənim doğmalarım əkib. Hərdən o ağacların gövdəsini qucaqlayıram, sığallayıram, üzümü söykəyirəm. Həmin anlarda mənə elə gəlir ki, nənəmin babamın əllərinin istisini hiss edirəm".

Bəli, Zinaida nənənin Əhməd babanın təşəbbüsü iştirakı ilə təməli qoyulan bu park çox keçməyib ki, Qaraçuxur əhalisinin, "Qum adası" Neft-Qazçıxarma İdarəsində (NQÇİ) işləyən neftçilərin istirahət yerinə çevrilib. Dövlət öz qayğısını əsirgəməyib, burada hər cür şəraitin yaradılmasına yardımçı olub. Amma SSRİ dağılan kimi, park da dağılıb, necə deyərlər, qara günləri başlayib, əldən-ələ keçib. Vaxtilə "Qum adası" NQÇİ-nin balansında olan parkı az sonra Qurban Abbasov adına Mədəniyyət Sarayının tabeliyinə keçiriblər. Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin balansına verilib bununla da parkın üzünə gün doğub. Uzun müddət baxımsız qalmış park yeni görkəm almağa başlayıb. Az qala zibilliyə çevrilən park büs-bütün yenidən qurulub. Prezident

İlham Əliyev Birinci Vitse-prezident Mehriban xanım Əliyeva 2019-cu il aprelin 18-də parka gəlib buradakı şəraitlə tanış olublar. Parkın mərkəzində ucaldılmış Milli Qəhrəman Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü dövlət başçısının xüsusi diqqətini çəkib. Prezident Milli Qəhrəmanın ruhuna ehtiramını bildirərək büstün önünə çiçək dəstələri düzüb.

Yeri gəlmişkən qeyd edək ki, Vətən müharibəsinin 4-cü ildönümünün qeyd olunduğu bu günlər hər bir şəhidimizin məzarı belə ehtiram diqqətin yeganə ünvanıdır.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 29 sentyabr (№213).- S.11.