Haiti Fransadan təzminat tələb edir

200 il əvvəl Port-o-Prens müstəqillik üçün Parisə 560 milyon dollar verib

 

Haiti Fransadan Parisin müstəmləkəçilik siyasətinin ölkəyə vurduğu zərərin ödənilməsini tələb edir. Bunu Karib hövzəsi dövlətinin Keçid Prezident Şurasının sədri Edqar Leblan Fil BMT Baş Assambleyasının iclasında deyib.

Onun bildirdiyinə görə, “1804-cü il yanvarın 1-də vətənimizin qurucu atası general Jan-Jak Desallin Haitinin müstəqilliyini elan edərkən insan hüquqlarını universal etdi... Biz müstəmləkə nizamının köləliyin aradan qaldırılması prosesini işə saldıq”.

Fil qeyd edib ki, Haiti qaradərililərin dünyada birinci müstəqil ölkəsidir.

Tarixi ədalətsizlik ölkənin inkişafını ləngidib: 1825-ci ildə Haiti Respublikası müstəqilliyin tanınması müqabilində Fransaya böyük bir fidyə ödəməyə məcbur olub bu, ölkəni yoxsulluğa sürükləyib.

Siyasətçinin vurğuladığı kimi,  bu borc haitililərin köləlik buxovlarından xilas olduqları cəsarətin cəzasının bir növü olub. Bu, bir çox nəsillər üçün ölkənin potensialını boğan ədalətsiz cəza idi...

Haiti liderinin sözlərinə görə, onun ölkəsi ədalət axtarır: "Biz mənəvi tarixi borcun tanınmasına xalqımıza bu ədalətsiz keçmişin görünməz buxovlarından qurtulmasına imkan verəcək lazımi təzminatların həyata keçirilməsinə çağırırıq.

Ödədiyimiz vəsaiti qaytarmağın vaxtı çatmayıbmı? Ölkəmiz bir sıra hökumətlər, eləcə BMT-nin bəzi qurumları tərəfindən tanınma keçmişdə dəymiş ziyanla bağlı reparasiyaların ödənilməsinə yönəlmiş konkret tədbirlər çərçivəsində irəli sürülən təklifləri alqışlayır”.

Şura sədri əlavə edib ki, ölkə müstəmləkəçilik siyasətinin qurbanı olan ölkələrlə keçmiş müstəmləkəçi dövlətlər arasında dialoq mexanizminin yaradılması prosesində BMT- güvənir.

Haitidə təzminat məsələsi ilk dəfə deyil ki, qaldırılır. Bu ilin aprelində vətəndaş cəmiyyəti qruplarının yerli koalisiyası haitililərin əvvəlki borcunu qaytarmaq üçün Parisin Port-o-Prensə milyardlarla dollar təzminat ödəməli olduğunu bildirmişdi. 2022-ci ildə “The New York Times” qəzeti hesablayıb ki, haitililər azad yaşamaq üçün Fransaya bugünkü pulla təxminən 560 milyon dollar ödəyiblər.

 Qəzet yazır ki, bu məbləğ Haitidə qalsaydı, ölkə 21 milyard dollar qazana bilərdi.

Xatırladaq ki, Haiti aclıqdan, siyasi qeyri-sabitlikdən təbii fəlakətlərdən əziyyət çəkən dünyanın ən kasıb ölkələrindən biri olaraq qalır.

2010-cu il yanvarın 12-də ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində  222000-dən çox adam həlak olub, 300000-dən artıq adam yaralanıb. 1,3 milyon insan evindən məhrum olub.

Bundan sonra Haitidə ölümcül vəba epidemiyası baş verib.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 29 sentyabr (¹213).- S.11.