“Xəzər
dənizi hər kəsin ortaq sərvətidir” - Abşeron
Milli Parkında “Xəzər festivalı” keçirilib
Sentyabrın 28-də Abşeron
Milli Parkında Ümumdünya
Dəniz Günü ilə əlaqədar Xəzər həftəsi
çərçivəsində "Xəzər festivalı"
keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri,
beynəlxalq təşkilatların
və səfirliklərin
nümayəndələri, milli parkı ziyarət edən turistlər, məktəblilər iştirak
ediblər.
Festivalın açılış
mərasimində çıxış
edən ekologiya və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov
son 20 ildə Xəzər
dənizinin hər il öz səviyyəsini itirdiyini bildirib. Qeyd olunub ki, 1995-ci illə müqayisədə
Xəzərin səviyyəsində
2,5 metrdən çox
azalma müşahidə
olunub. Hər il isə 7,5-8 santimetr azalma qeydə alınır. Bu özü
ilə birlikdə bir sıra problemlər
yaradır. Belə ki,
həm su biomüxtəlifliyinin mühafizəsi
baxımından, həm
sahilboyu ərazilərdə
problemlər müşahidə
olunur. Azalmanın qarşısının alınması
istiqamətində tədbirlərin
görülməsi və
azalma davamlı olarsa, buna uyğunlaşma
tədbirlərinin həyata
keçirilməsi ilə
bağlı ən müxtəlif müstəvilərdə
müzakirələr aparılır.
Azərbaycan da həmin
müzakirələrin ən
aktiv iştirakçılarından
biridir.
Xəzərin problemlərinə
ictimaiyyətin diqqətinin
çəkilməsi məqsədilə
keçirilən tədbirlərdən
bəhs edən
Vüqar Kərimov deyib:
"1978-ci ildən etibarən
hər il dünyada Ümumdünya Dəniz Günü qeyd olunur. Azərbaycanda da son bir neçə ildir sentyabrın son həftəsi "Xəzər
həftəsi" elan edilib.
"Xəzər festivalı"
da "Xəzər həftəsi"
çərçivəsində təşkil olunan və maarifləndirmə xarakteri daşıyan tədbirlər sırasındadır.
Məlum olduğu kimi, noyabrda Bakı iqlim dəyişmələrinin yaratdığı
problemlərin və onun təsirinin aradan qaldırılması
ilə bağlı müzakirələrin aparılacağı
baş platforma olacaq. Xəzərin problemləri də COP29-un
panellərində müzakirə
olunacaq əsas məsələlərdən biridir".
FAO-nun Azərbaycandakı nümayəndəsi
Muhammad Nasar Hayat dəniz həyatının
ətraf mühit üçün əhəmiyyət
kəsb etdiyini, Xəzər dənizinin hər kəsin ortaq sərvəti olduğunu bildirib.
Azərbaycanda keçiriləcək
COP29 tədbirindən danışan
M.N.Hayat fikirlərinə belə davam edib: "Bu il Azərbaycan və bütün dünya üçün çox mühümdür. Belə
ki, noyabrda Azərbaycanda
COP29 keçiriləcək. Biz artıq torpaq, su və havanın
çirklənməsi məsələlərinin
müzakirəsi ilə
bağlı tez-tez bir araya gəlirik.
Müzakirələrin hər
kəs üçün
faydalı olacağına
ümidvaram".
Festivalda iştirakdan
məmnun olduğunu bildirən BMT İnkişaf
Proqramının Azərbaycandakı
rezident nümayəndəsinin
müavini Slobodan Tadic BMT-nin
İnkişaf Proqramının
enerji və ətraf mühit sahələrində son dərəcə
fəal olduğunu,
milli adaptasiya planlarını
dəstəklədiklərini deyib: "Biz ətraf mühit və enerji sahələrini əhatə edən bir çox tədbir keçirmişik.
Bu gün burada hər kəs, hətta uşaqlar da sahib olduğumuz təbii resursların varlığını
qeyd edir. Xəzər dənizi də həmin resurslardan biridir. Biz görürük ki, burada
mühüm dərəcədə
anlayış, qətiyyət
və stabillik mövcuddur. Bizim bu il də mühüm məqsədlərimiz var. COP29 yalnız
Azərbaycan üçün
deyil, bütün qlobal dünya üçün mühümdür.
Bunu dəstəkləməyə,
bu tədbirə töhfə verməyə,
öz təcrübəmizi
bölüşməyə çox şadıq".
Festival çərçivəsində müxtəlif qurumların
nümayəndələrinin, mütəxəssislərin iştirakı
ilə Xəzər dənizinə həsr olunan dəyirmi masa keçirilib.
Gənc rəssamlar
Xəzər dənizi
ilə bağlı rəsmlər çəkiblər.
Parkı ziyarət edən turistlər festivalda təşkil olunan maarifləndirici guşələrlə yaxın
tanış olub, gənc rəssamların stendlərini izləyiblər.
Festivalda, həmçinin
veloyürüş keçirilib,
yoqa, canlı musiqi, uşaqlar üçün Xəzərin
ekosistemi ilə bağlı təlimlər
təşkil olunub.
Azərbaycan.-2024.-
29 sentyabr (№ 213).- S.12.