4 nəsildir qalayçılıqla məşğul
olan Zahid Eyvazovun 4 övladı da bu sənəti
davam etdirir
Misgərlik sənətinin
tərkib hissəsi olan qalayçılıq Dağıstanda, Azərbaycanda
Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı,
Şuşa və Lahıcda geniş yayılmışdı. XIX əsrdən
başlayaraq İsmayıllı
rayonundakı Lahıc
kəndi də misgərliyin və qalayçılığın əsas
mərkəzinə çevrildi.
Lahıc ustalarının
mürəkkəb və
incə naxışlarla
bəzədikləri dolça,
satıl, sərnic, güyüm, teşt, məcməyi, sini, aşsüzən, kəfkir,
kasa, cam, qazan, çıraq və sair məmulatlar
Orta Asiya, Dağıstan, Gürcüstan,
İran, Türkiyə və
digər yerlərdə
də yaxşı tanınmağa başlandı.
Heydər Əliyev
Fondunun dəstəyi ilə bu sənət
dünyada tanıdılır
Təsadüfi deyil
ki, Heydər Əliyev Fondunun dəstəyi ilə "Lahıcın misgərlik sənəti" (buraya qalayçılıq da daxildir) 4 dekabr 2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu, Azərbaycanın keçmiş
dövrlərdən formalaşan
mədəni dəyərlərinə
verilən qiymətlə
yanaşı, bu sənətin qorunması üçün və gələcək nəsillərə
çatdırılmasına yeni stimuldur.
Xalq sənətkarlığının
dərin və zəngin ənənələrinin
mövcud olduğu ölkəmizin
bəzi şəhər
və rayonlarında qalayçı emalatxanaları
və bu sənəti yaşadanlar var. Yəqin ki, bölgələrdə,
xüsusən də yay aylarında kəndbəkənd
gəzən qalayçıları
yaşlı nəsil yaxşı xatırlayır.
Bu "səyyar" ustalar bəzən bir gün, iki
gün kənddə olar, camaatın nə qədər köhnəlmiş, pas atmış, deşilmiş,
sınıq-salxaq qab-qazanı
olsa belə götürüb təmizləyib-qalaylayıb
yararlı vəziyyətə
gətirərdilər.
Əsrlərdən-əsrlərə,
nəsillərdən-nəsillərə ötürülən bu sənət növü Bakıda
da varlığını yaşatmaqdadır.
Bəlkə də çoxlarınız müşahidə
etmisiniz: şəhərin
qədimdə Quba meydanı kimi tanınan ərazisində,
köhnə Kömürçü
bazarının yaxınlığında C.Məmmədquluzadə
küçəsində neçə-neçə
qalayçı emalatxanası
fəaliyyət göstərir.
Marağımızı gizlətməyib
ərazidə yaxşı
tanınan usta Zahidin emalatxanasına dönürük. Bu emalatxanada xalqımızın
müəyyən dövr
tarixini özündə
ehtiva edən neçə-neçə qədim
məişət avadanlığı
nümunələri ilə
tanış oluruq.
Usta Zahid Eyvazov 50 ildən çoxdur bu sənətdədir. Dörd oğlu
var - Elşad, Elxan, Orxan, Cəlal.
Onlar da boyları qalxandan ataları ilə birlikdə bu emalatxanada qalayçılıqla məşğul
olurlar.
Usta Zahid bu sənətə gəlişinin tarixçəsi
barədə deyir:
- Mən
əslən İsmayıllı
rayonunun Lahıc qəsəbəsindənəm. Bizim nəsil, ümumiyyətlə,
atam, atamın atası Rahid kişi, onun da atası, babası Məşədi Zahid, eləcə
də ulu babası Lahıcda misgərliklə,
qalayçılıqla məşğul
olublar. Mənim ailəm dördüncü
nəsildir ki, bu sənəti davam etdirir. Qədimdə, çox uzağa getməyək, elə sovet dönəmində də lahıclılar
müxtəlif rayonlara,
kəndlərə gedər,
qalayçılıq edərdilər.
Atam Kiçikağa o zaman qardaşları
ilə birlikdə Dərbəndin Qasımkənd
kəndində misgərliklə,
qalayçılıqla məşğul
olurdu. Əsasən misdən səhəng və güyüm düzəldib satırdı.
Ətraf kəndlərdən
camaatın gətirdiyi
köhnə, əldən
düşmüş güyüm,
aşsüzən, kəfkir,
kasa, cam, çıraq,
iri xeyir-şər qazanları, tiyanları və məişətdə
işlənmiş digər
köhnə əşyaları
naşatır tozu ilə təmizləyib qalaylayırdı, deşilmişləri,
yanmışları lehimləyərdi,
bir sözlə, əvvəlki görkəminə
salardı. 14 yaşım
olardı, Qasımkəndə
atamın yanına getdim, işi çox olurdu, bütün günü ona, əmilərimə kömək edirdim, qalayçılıqla məşğul
olurdum.
1993-cü ildən Bakıdayam, şəhərə təzə
gəlmişdim, dayandığımız
bu yerdən keçib Kömürçü
bazarına gedirdim. Gördüm, bax, bu durduğumuz yerdən təxminən 10
metr o yana bir qalayçı yanmış köhnə samovarın deşiyini tutmaq üçün ha o
tərəf-bu tərəfə
çevirir, amma alındıra
bilmir. Bir xeyli tamaşa etdikdən sonra yaxınlaşıb inciməsin deyə, xahiş etdim ki, "usta, ver onu
mən düzəldim"
... Tərəddüdlə üzümə baxıb əlini samovardan çəkdi. Heç
10-15 dəqiqə çəkmədi,
samovarın odduğundakı
yanan yeri təmizlədim, yırtığı
lehimləyib qaydasına
saldım...
Usta ilə ürəyimdən
keçən söhbətimiz
oldu, təsadüfi tanışlıqla yenidən
bu sənətə qayıtdım, elə o vaxtdan, təxminən 32 ildir bu emalatxanada
çalışıram. Hələ
bu vaxtadək müştəri ilə bir giley-güzarım, gördüyüm işdən
narazı qalanı olmayıb.
Təsadüfi görüş
Söhbətin bu yerində orta yaşlı bir nəfər əlində misdən hazırlanmış köhnə
şamdan emalatxananın
girişində göründü,
salam-kalamdan sonra içəri keçib: "Usta, bu şamdanın bir gözü sıradan çıxıb, heyfim gəlir, qədim əşyaların pərəstişkarıyam,
özü də yadigardır. Görün,
bunu əmələ gətirmək mümkündürmü".
Usta Zahid şamdanı alıb o tərəf-bu tərəfinə
baxdı, "Düzələr"
deyib əli ilə oğlu Elşada işarə etdi, "götür düzəlt".
Məqamdan istifadə
edib şamdanın sahibi ilə də tanış oluruq: - Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının
professoru Mübariz Əliyev.
Onun haqqında
2020-ci il Vətən müharibəsinin Zəfər qələbəsindən
sonra döyüşçü
həkimlər haqqında
material toplayanda eşitmişdim,
odur ki, ehtimalla soruşdum: "Mənə
elə gəlir siz Qarabağ savaşında..."
- Bəli-bəli,
Birinci Qarabağ savaşında,
həm də 44 günlük Vətən müharibəsinin
ilk günündən son gününədək
cəbhədə həkim
kimi çalışmışam.
Səngərlərdə, çadırlarda
qeyrətli vətənpərvər
əsgərlərin xidmətində
olmuşam. Bunu özümə şərəf
bilirəm.
Bu an
Zahid usta "Bizim qəhrəman
əsgərlərin, sizin
kimi fədakar insanların qanı-canı
bahasına 30 illik erməni işğalından
azad edilən Qarabağdakı quruculuq və bərpa işlərində mən
də bir sənətkar kimi iştirak edirəm. Ötən ilin əvvəllərində Şuşadakı
Yuxarı Gövhər ağa
məscidinin minarələrini
bərpa etmişəm. Cari ilin əvvəllərində Şuşada
bərpa edilən qədim hamamdakı vannaları, abgərdanları
mən düzəltmişəm"
dedi.
Bu an Elşad əlindəki şamdanı
necə düzəldib
yaraşığa salmasına
atası "rəy"
verdikdən sonra
Mübariz müəllimə üzünü tutub dedi: "Buyurun, baxın, hazırdır".
Qalayçı qardaşlar
Mübariz müəllim heyranlıqla
şamdana baxa-baxa dilləndi: "Bu şamdan
ötən əsrin
60-cı illərindən evimizdədir,
Rusiyanın Tula samovar zavodunun
istehsalıdır. Ay usta,
əllərinə qüvvət,
çox sağ ol, elə bil
indicə mağazadan alınıb..."
Xatırladaq ki, Elşadın
34 yaşı var, Azərbaycan
Texnologiya Universitetini bitirib, amma sənətə
olan həvəsi onu bu emalatxanadan
ayrılmağa imkan verməyib. 20 ildir ki, atasının emalatxanasında
qalayçılıqla məşğuldur.
Ailəlidir, üç
övlad atasıdır.
Elxan da ailəlidir,
amma Orxan subaydır, Cəlal
hələ yeniyetmədir.
Elxan 13, Orxan isə 7 ildir qalayçılıqla
məşğuldurlar, Cəlal
isə boş vaxtlarında gəlib atasına və qardaşlarına kömək
edir, qalayçılıq
sənətini mənimsəməyə
çalışır.
Qalayçı Elxan söhbətində bildirdi
ki, bura turistlər daha çox gəlirlər. Əşyalara
baxıb müəyyən
suallar verirlər, hətta şəkil çəkdirənlər də
olur. Bəziləri müəyyən antik əşyaları hədiyyə
üçün alırlar.
Diqqət və qayğı
Usta Zahid bu sənətin özünəməxsus incəliklərindən
söhbət edərkən
ona dəyər verənləri ehtiramla
yada saldı:
- Bu sənətin inkişafında,
ailəmizin təminatlı
dolanışığında Ulu Öndər Heydər Əliyevin
boynumuzda böyük haqqı var. Biz xalqımızın
Ümummilli Lideri Heydər
Əliyevin hələ
Azərbaycana birinci rəhbərlik etdiyi dövrdən onun sərəncamı ilə
vergidən azad edilmişik. Aydan-aya vergi ödəmədən
yalnız hesabat veririk. Bu, sənətimizə
böyük dəyər,
bizə isə dövlət səviyyəsində
əvəzsiz qayğıdır. Bu gün də dövlət qayğısı ilə əhatə olunmuşuq.
Hazırda Şuşada,
Xankəndidə və
digər ərazilərdəki yerli
tarixi abidələrin,
məscidlərin, qədim
hamamların və digər tikililərin bərpasına dair bəzi lazımi avadanlıqların və əşyaların hazırlanması
ilə də məşğuluq. Aldığımız sifarişlər
bizi məmnun edir. Qürurlanırıq
ki, Qarabağda gedən
bərpa-quruculuq işlərində
mənim və övladlarımın da əməyi var.
COP29 üçün suvenirlər hazırlanır
Fərdi qaydada
sellofanlara bükülərək
emalatxananın görməli
yerində sərgilənmiş
suvenirlərin diqqətimizdən
yayınmadığını görən Elşad dilləndi:
- Görürsünüz, Bakı, "Qubinka" necə dəyişib. Müasir tipli yaşayış binaları,
salınan yaşıllıqlar
göz oxşayır.
Bizim məhəlləyə
indi turistlər çox gəlir, onların arasında vaxtilə Bakıda - bu ərazilərdə yaşamış insanlar da olur, bəzən
bizdən soruşurlar
"burada, bu ünvanda, filan məhəllədə filankəslə
qonşu olmuşduq, bilmirsiz indi onlar hansı səmtdə yaşayırlar?! Turistlər bəzən qədim əşyalara tamaşa edə-edə şəkil
çəkdirirlər. Qalayçılığa
dair çoxlu bilgilər əldə etməyə çalışırlar.
Qalayçılıq incə sənətdir. Tamaşa etdiyiniz bu qədim suvenirləri
ordan-burdan tapıb gətirib, üstündə
işləmişik, onlara
yaraşıq vermişik.
Noyabrda COP29-a görə
şəhərimizə xeyli
qonaq gələcək.
Bütün şəhər
bu mötəbər tədbirə hazırlaşır.
Öz növbəmizdə
biz də buna hazırlıq görürük. Təcrübədən
bilirik ki, onların çoxu şəhərimizi gəzməyə
çıxarkən burada
da olacaq. Hədiyyəlik əşyalarla
maraqlanacaqlar, hətta
aldıqları da olacaq. İnanırıq ki, COP29-a gələn xarici turistlər mədəni irsimizin yadigarı olan qalayçılıqla heyranlıqla
tanış olub, işlərimizdən zövq
alacaqlar.
Rəhman SALMANLI,
Azərbaycan.-2024.-
29 sentyabr (¹ 213).- S.14.