XX əsr Azərbaycan
təsviri sənət
tarixində öz uğurlu yaradıcılıq
fəaliyyəti ilə
seçilən qadın
rəssamlarımız çox
olub. Onlardan Qeysər Kaşıyeva, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Bədurə Əfqanlı,
Güllü Mustafayeva,
Xalidə Səfərova,
Vəcihə Səmədova,
İzzət Seyidova, Bəyim Hacızadə, Elmira Hüseynova, Həyat Abdullayeva, Zivər Məmmədova, Münəvvər Rzayeva və başqaları diqqəti cəlb edən gözəl əsərlər yaratmışlar.
Bu əsərlərdəki
əlvan rəng qamması, kompozisiya quruluşu, ifadəlilik ünsürü, dekorativ-plastik
ritm, rənglərdən
bacarıqla istifadə
insanların zövqünü
həmişə oxşayıb.
Belə sənətkarlardan
biri də bu il 105 illik
yubileyini qeyd edəcəyimiz Xalq rəssamı Güllü
Hacı Naim Mustafa qızı Mustafayevadır.
G.Mustafayeva əslən
Şamaxıdan olsa da, Türkmənistanın
Cərco şəhərində
anadan olmuşdu. Onun atası Mirzə Ələkbər
Sabirin qohumu, anası isə Seyid Əzim Şirvaninin nəslindən
idi. Mürəkkəb
və çətin həyat yolu keçmiş G.Mustafayeva ixtisas təhsilini Ə.Əzimzadə adına
Azərbaycan Dövlət
Rəssamlıq Texnikumunda
almışdı. 1938-ci ildə
məktəbi bitirən
Güllü həmin ildən müstəqil bədii yaradıcılıq
fəaliyyətinə başlamışdır.
Rəssam yaradıcılığı
boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında diqqəti cəlb edən əsərlər qalereyası yaratmışdı.
G.Mustafayeva Macarıstan,
Fransa, Tunis ölkələrində yaradıcılıq
ezamiyyətində olmuş
və öz yaradıcılıq manerasını
zənginləşdirmişdi. Onun Bakıda əsərlərindən
ibarət fərdi sərgiləri təşkil
olunmuşdu (1960, 1962, 1965, 1971, 1975, 1979). Rəssamın əsərləri ölkəmizdə
Milli İncəsənət
Muzeyi, N.Gəncəvi
adına Ədəbiyyat
Muzeyi, Dövlət Rəsm Qalereyasında saxlanılır. Sənətkarın
bədii yaradıcılıq
fəaliyyəti dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilib. O, Əməkdar
rəssam və Xalq rəssamı fəxri adlarına layiq görülüb.
G.Mustafayevanın ərsəyə
gətirdiyi süjetli
tablo və portret əsərləri arasında "Mirzə Fətəli Axundovun evində axtarış"
(1938), "Balaca musiqiçi"
(1938), "Nizmi qoca aşığı dinləyir"
(1941), "Leyli və
Məcnun mədrəsədə"
(1941), "Məhsəti Gəncəvinin
portreti" (1947), "Pambıqçı
Bəsti Bağırovanın
portreti" (1950), "Məcnunun
Leylinin məzarı üzərində ölməsi"
(1952), "Professor, oftalmoloq
Umnisə Musabəyovanın
portreti" (1957), "Rəssam
Səttar Bəhlulzadənin
portreti" (1963, 1970), "Professor, nevropatoloq Zəhra Salayevanın portreti" (1965), "Ceyran
Bayramovanın portreti"
(1970), "Rəssam Maral
Rəhmanzadənin portreti"
(1970), "Yazıçı Süleyman Rəhimovun portreti" (1970), "Yazıçı
Abdulla Şaiqin portreti" (1971), "Mənim
anam" (1977)
və başqalarını
qeyd etmək olar. Rəssamın yaratdığı portretlər
qalereyasına nəzər
yetirdikdə incəsənət
xadimlərinin, tibb alimlərinin, müxtəlif
peşə sahiblərinin
yaddaqalan bədii surətlər qalereyasını
görmək olar. Rəssam XII əsrdə yaşamış, məşhur
rübailər ustadı,
şair Məhsəti
Gəncəvinin portretini
son dərəcə ustalıqla işləyib.
O, axtarışlar apararaq,
obrazı yaradarkən
ən incə detallara varmış, sonda uğurlu bədii təsir qüvvəsinə malik əsər yaratmışdır.
Şairin mənalı
obrazı, dövrü
və mühiti, memarlıq
və geyim üslubu tabloda müvəffəqiyyətlə əks olunub. Bu əsər rəssamın ən uğurlu işlərindən
hesab olunur.
G.Mustafayevanın mənzərə
əsərlərindən "Xaçmaz mənzərəsi"
(1944), "Quba mənzərəsi"
(1945), "Dilican. Etüd"
(1945), "Şuşa mənzərəsi"
(1948), "Q
usar mənzərəsi"
(1952), "Quba mənzərəsi"
(1957), "Buzovna. Etüd"
(1968) və başqalarını
qeyd etmək olar. Rəssamın mənzərə əsərlərinin
adlarına diqqət yetirdikdə onun ölkəmizin
dilbər guşələrinə
necə yaradıcı
məhəbbətlə bağlandığını
və ilahinin bəxş etdiyi təbiət gözəlliklərini
rənglərin sirli dili ilə təxəyyülündən
süzərək tamaşaçısına
çatdırmaq istədiyini
duymaq olar.
G.Mustafayevanın əsərlərində
xüsusi əhəmiyyət
kəsb edən və onun yaradıcılığının
əsas leytmotivinə
çevrilmiş bir istiqamət vardır. Bu, bütün yaradıcılığı boyu
sevərək yaratdığı
"Bizim uşaqlar"
silsiləsini təşkil
edən, müxtəlif
yaş qruplarında olan uşaqların portretləridir. Uşaq portretini işləmək
təbii ki, fərəhli olduğu qədər də mürəkkəbdir. Məsum
uşaqlara məxsus daxili hissləri təsvir etmək və onların daxili dünyasını kətanda canlandırmaq olduqca zəhmət tələb edən işdir. O, həmçinin
balaca qəhrəmanlarının
daxili sərbəstlik
və azadlığını
öz yazı manerasının köməyi
ilə göstərmək
istəyib. G.Mustafayevanın
"Bizim uşaqlar"
silsiləsinə daxil
olan çoxsaylı əsərlər qalereyasından
"Rahilə" (1960), "Aytən" (1964), "Ülkər"
(1964), "Skripka çalan
Sevinc" (1965), "Leyla"
(1970), "Sevinc" (1970), "Balanisə" (1974), "Rəna"
(1971), "Sevda" (1972), "Lalə" (1973), "Gülşən"
(1975), "Rəna" (1982) və başqalarının
adlarını qeyd etmək olar.
Qeyd etdiyimiz kimi, rəssam xarici ölkələrdə
yaradıcılıq ezamiyyətlərində
olmuş, görüb
müşahidə etdiyi
hal, hadisə və məkanları bədii biçimdə rəssam təxəyyülündən
keçirərək kətanda
canlandırmış, diqqəti
cəlb edən tablolar yaratmışdır.
Rəssam 1960-cı il
Fransa səfərindən "Rəssamlar
meydanı", "Paris, Opera teatrı", "Eyfel qülləsi", "Meton
şəhəri", 1961-ci il Tunis səfərindən "Ərəb
qızı Lətifə",
"Tunisli məktəbli",
"Qabesalı qadın",
"Qoca", "Kasıb
ərəb", 1962-ci il
Macarıstan səfərindən
"Budapeştdə küçə",
"Macar aktrisası",
"Budapeştli qız",
"Dunay sahillərində"
və başqa əsərlərini yaratmışdır.
G.Mustafayeva gərgin
yaradıcılıq və
ömür yolu keçib. O, hələ rəssamlıq məktəbində
tanış olduğu,
gələcəyin tanınmış
rəssamı olacaq Həsən Haqverdiyevlə
ailə həyatı qurub. Həyat yoldaşı sürgün
olunan rəssam məcburiyyət qarşısında
qalaraq ondan boşanıb. Bir daha həyat yoldaşının qayıtmayacağını
düşünən G.Mustafayeva
tanınmış rəssam
Nəcəfqulu İsmayılovla
ailə həyatı qurub. Sonradan bəraət alıb qayıdan H.Haqverdiyevlə
bir daha həyat yolları bağlanmayıb. Və beləcə bir şəhərdə və
binada - rəssamlar evində bu iki rəssam öz ikinci həyatlarını yaşayıblar.
Bu il həmçinin G.Mustafayevanın
dünyasını dəyişməsindən
30 il ötür.
Əsəd QULİYEV,
sənətşünas