Həqiqəti
hesabatda yox, həyatda görmək mümkündür
Hər deyilən
söz doğru olmur, hər yazılan söz həqiqəti əks etdirmir. Həqiqət kəsərli və inandırıcı olur. Qərəzli söz, yalan fikir isə
elə ilk addımda özünü
qabarıq şəkildə
göstərir. Bu, istər rəsmi, istərsə də qeyri-rəsmi yazışmalarda,
bəyanatlarda və hesabatlarda özünü
büruzə verir.
Amerika Birləşmiş
Ştatlarının Dövlət
Departamenti hər il dünyada insan haqları, dini azadlıqlar və s. kimi məsələlərlə bağlı
hesabatlar dərc edir. Təəssüflər
olsun ki, bu hesabatlar heç
də həmişə
reallığı əks
etdirmir, yalanlara söykəndiyinə görə
faktlar təhrif olunur. Qəribədir ki, ictimaiyyətə təqdim edilən və reallıqdan uzaq olan bu
hesabatlarda, adətən,
eyni ölkələr
hədəfə alınır,
eyni fikirlər səsləndirilir. Başqa
ölkələrə isə
"gözünün üstündə
qaşın var" deyilmir.
Bir qayda olaraq həmişə insan hüquqlarından, demokratiyadan bir alət kimi istifadə edən ABŞ-nin bu məsələlərdə
səmimi, obyektiv olmadığı ictimaiyyətə
çoxdan məlumdur.
Dövlət Departamentinin
illik hesabatları isə, adətən, qərəzli və ikili standartlar üzərində qurulur. Reallıq odur ki, hesabatlar həqiqəti yox, ABŞ-nin görmək istədiklərini əks etdirir. Departamentin dini azadlıqlarla bağlı sonuncu hesabatı qərəzli siyasətin, qərəzli
davamından başqa bir şey deyil.
Hesabat demək olar ki, cəfəngiyyat
və yalanlar üzərində qurulub. Üstəlik, hesabatda
ABŞ-nin Ermənistana
olan sevgisinin bitib-tükənmədiyi də
hiss olunur.
ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini
azadlıqların vəziyyəti
ilə bağlı hazırladığı sonuncu
hesabatının Azərbaycana
aid hissəsində həmişəki kimi ikili standartlar, hadisələrə siyasi don geyindirilməsi açıq-aydın görünür.
Qəribədir ki, dini azadlıqlara aid hesabatlarda Azərbaycana dair səslənən həqiqətdən
uzaq olan iddialar fonunda Ermənistanla bağlı
iddialar öz əksini tapmır. Vaxtilə qeydiyyatdan keçirilmiş 300-ə yaxın
məscidin və azərbaycanlılara məxsus
bütün dini və mədəni irsin, qəbiristanlıqların
Ermənistan tərəfindən
dağıdılması faktları
hesabatda əks olunmur. Halbuki Ermənistan hakimiyyəti və ermənilər Azərbaycan torpaqlarını
işğal altında
saxladıqları illərdə
tarixi kilsə və məscidləri dağıdaraq yararsız
hala salıblar. Ancaq 30 il ərzində
Dövlət Departamenti
özünə əziyyət
verib bunlarla bağlı etirazını
bildirməyib.
2016-cı ildə Roma Papası Fransisk ölkəmizə səfəri
zamanı Azərbaycanda
xristian kilsələrinə
hörmətlə yanaşıldığını
etiraf etmişdi. Azərbaycan dünyanın
bir çox yerlərində, o cümlədən
Vatikanda xristianlığa
məxsus dini abidələrin bərpası
ilə bağlı layihələr həyata keçirib. 2018-ci il sentyabrın 26-da Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Müqəddəs Sebastyan
katakombalarının açılışı
olub. Açılış
mərasimində vurğulanıb
ki, bu katakombalar
bütün xristian dünyası üçün
böyük əhəmiyyət
kəsb edir. Onlar 1578-ci ildə aşkar edilib və buradakı bəzi abidələr III əsrə aiddir.
Hesabatla tanış
olduqca elə ilk cümlələrindən
hiss edirsən ki, onun Azərbaycana
aid hissəni ya erməni, ya fransız, ya da onlarla
həmfikir olanlar hazırlayıb. Hesabatın
müəllifləri ilə
maraqlananda görürük
ki, ehtimalımız bizi aldatmayıb. Sən demə, Dövlət Departamenti bu qərarı Dini Etiqad Azadlığı
üzrə Dövlət
Komissiyasının hesabatı
əsasında qəbul
edib və bu komissiyaya Daniela Aşbaxyanın rəhbərlik edir. Adıçəkilən Daniela
Amerika Erməni Assambleyasının rəhbər
vəzifəli şəxslərindən
biri olub və bir müddət
Livanın Los Ancelesdəki
konsulluğunda işləyib.
ABŞ-nin mövcud qanunlarına görə, başqa ölkəyə çalışan birisinin
ABŞ Dövlət Departamentində
işləyərək bu
dövlətin xarici siyasətinin müəyyənləşməsində
iştirak etməsi qadağandır. Belə olan halda öz
ölkəsinin qanunlarına
əməl etməyən,
hörmətlə yanaşmayan
Dövlət Departamentinin
hesabatına necə inanmaq olar?!
Gün kimi həqiqətdir ki, Azərbaycanda real dini vəziyyət-tolerantlıq
hesabatda göstərilənlərin
tam əksinədir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq
siyasətinin əsas hədəfi cəmiyyətdə
dini, milli həmrəyliyin qorunub saxlanmasıdır. Ölkəmizin
çoxəsrlik tarixinə
söykənən bu tolerantlıq prinsipləri
bütün dünya üçün nümunədir.
1992-ci ildə ölkəmizdə
"Dini etiqad azadlığı haqqında"
qanun qəbul olunub. 1995-ci il noyabrın 12-də qəbul
olunmuş Azərbaycan
Konstitusiyasında isə
yazılıb: "Hər
kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı
əqidəsini ifadə
etmək və yaymaq hüququ vardır..."
Ölkəmizdə ayrı-ayrı
dinlərə aid olan ibadət yerləri sərbəst şəkildə fəaliyyət
göstərir. Azərbaycan
Prezidenti İlham Əliyev dini bayramlarda onlara təbrik ünvanlayır,
xoş arzularını
bildirir. Bir sözlə, ölkəmizdə
müxtəlif dinlərin
və məzhəblərin
nümayəndələri azərbaycançılıq
ideologiyası ətrafında
sıx birləşərək
mehriban ailə kimi yaşayır və daim həmrəyliyini
qoruyurlar.
Bütün bunlar
bir daha onu göstərir ki, Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı
qeyd olunanlar, yumşaq desək, həqiqətdən uzaqdır.
Bu baxımdan yalandan yoğrulmuş bu hesabatın ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq məqsədi aydındır.
Belə uydurma hesabatları ciddi hesab etməyən Azərbaycan dövləti
isə bundan sonra da milli
maraqlarına xidmət
edən öz dəst-xətini uğurla
davam etdirəcək. Qoy beynəlxalq təşkilatlar unutmasınlar
ki, həqiqəti əks etdirməyən belə hesabatlarla rəsmi Bakıya təzyiq göstərmək
mümkün deyil. Bu, həm də
ABŞ-nin nüfuzuna ziyan vuran uğursuz
bir addımdır.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
9 yanvar, № 2.- S.6.