Alov evi - Atəşgah

 

 

Dünyanın müqəddəs məbədlərindən biri

 

 

 

Uzaq məmləkətlərdən gələn karvan böyük İpək yolu ilə min kilometrlərlə məsafəni qət edərək Xəzəryanı ərazilərə çatanda artıq qaş qaralmış, ətrafa qaranlıq çökmüşdü. Axşamın qəribə sakitliyində qarşıdakı qumsallıqlarda sanki düşərgah salınmış kimi neçə-neçə tonqal alovlanırdı. Sarvan heyrətamiz mənzərə qarşısında bir anlıq çaşdı, əlinə doladığı ovsarı bərk-bərk çəkib dəvəsini dayandırdı, yerə enib möcüzəyə daha yaxından baxmağa başladı. Burada nəinki torpaq, kiçik su hövzələri yanaraq şölələnirdi...

Tacirlər öz el-obalarına qayıtdıqdan sonra ölkəmizdə şahidi olduqları bir çox mətləblər, xüsusən yerdən çıxan təbii alov dilimləri barədə söhbət açdılar. Nəticədə əbədi odun, atəşin sorağı bütün Şərqə, dünyaya yayıldı - hər yandan inanclı insanlar, zəvvarlar, oda tapınanlar axışıb gəlməyə başladılar. Artıq Bakı-Suraxanı onlar üçün müqəddəsləşmişdi, qutsal əhəmiyyətə malik idi. Burada müxtəlif dini təlimlərin ardıcılları - zərdüştilər, hinduistlər siqhlər ibadətə toplaşardılar. Atəşgah abidə kompleksi 1713-cü ildə inşa olunsa da, məbədin özü daha qədimdir - tikiliş tarixi II, III əsrlərə gedib çıxır - ilkin quruluşunu dövrümüzə qədər saxlayıb. Müxtəlif diyarlardan, o cümlədən Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Tanınmış hind alimi Mode yazırdı ki, Azərbaycanda - Suraxanıda dünyanın ən müqəddəs məbədlərindən biri yerləşir.

Atəşgah Qərb mütəfəkkirlərinin daim diqqət mərkəzində olub. Zaman-zaman müxtəlif dünyagörüşlü insanlar, o cümlədən səyyahlar, yazarlar, alimlər məbədin ziyarətinə gəliblər. Onların arasında Düma, Kenfr, Villot, Berezin başqaları vardı. XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah publisist Conas Hanuey (1744) Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilən müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında xəbər verirdi. Məşhur yazıçı Aleksandr Düma "Qafqaz səfəri" əsərində yazırdı: "Nahar qurtaran kimi qapıda hazır dayanan faytonlara minib məşhur Atəşgaha getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir. Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır. Səcdəgahın tən ortasında əbədi alov şölələnir". Məbəd D.Mendeleyevin diqqətini çəkmişdi. Tacir Konerevin 1855-ci ildə Atəşgah yaxınlığında tikdirdiyi kerosin zavodunda tədqiqatları üzrə çalışan böyük rus kimyaçısı həyat yoldaşına məktubunda bunun çox maraqlı məbəd olduğunu indiyədək beləsini görmədiyini bildirirdi. Şərqşünas İlya Berezinin fikirləri maraqlıdır: "Rusiyanın cənub qurtaracağında yerləşən Bakı şəhəri hər növ turistlərin tam dərin marağına layiq bir çox möcüzələrdən ibarətdir; lakin heç şübhəsiz ki, sönməyən odlar özünə görə yeganə bir hadisədir, səyyahların nəzərini hər şeydən cox cəlb edir".

VII əsrdə Azərbayçanda islam dininin qəbulu ilə bağlı oda sitayiş məkanları tədricən unuduldu sıradan çıxdı. "Atəşgah məbədi" bir XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoydu. Hansı ki elmi intibah beynəlxalq ticarət əlaqələrinin canlanması səbəbindən Azərbaycandan keçən məşhur İpək yolu da xeyli fəallaşmış, ekspedisiyalar, karvan səfərləri intensivləşmişdi. Yenidən səsi-sorağı aləmə yayılan ziyarətgaha üz tutan atəşpərəstlər hücrələrdə məskunlaşırdılar. Bir hücrədə 4-5 nəfər qalırdı. Başqa ölkələrdən gələn tacirlər müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Onlar tərəfindən atəşpərəstlərə, zərdüştlərə maliyyə vəsaiti ayrılırdı.

Memarlıq kompleksi beşguşəli çıxıntılı iri giriş yerinə malik müdafiə divarları, eləcə ərazinin mərkəzində yerləşən dördguşəli altar - alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları - balaxana inşa edilmişdir. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini özündə yaşadır.

Atəşgah 26 hücrə mərkəzi ibadətxananı birləşdirir. Mərkəzi ibadətxana ən müqəddəs yer sayılırdı. Ora ancaq baş kahinlər keçə bilər sitayiş edərdilər. Məbəddə hücrələrin üstündə yerləşdirilmiş 20 qiymətli daş kitabə var. Birini Zərdüşt, 19-nu isə atəşpərəstlər qoymuşlar. Onlardan 19-u hind, biri fars dilində yazılıb.

"Atəşgah məbədi" əvvəllər "Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin filialı kimi fəaliyyət göstərirdi. Onun unikallığını, özünəməxsusluğunu UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsini nəzərə alan dövlətimizin başçısı 19 dekabr 2007-ci ildə "Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi haqqında" sərəncam imzalayıb.

Hər il muzeyi orta hesabla 130-140 min nəfər ziyarət edir. 2009-cu ildə Bakının islam mədəniyyəti paytaxtı elan olunması münasibətilə burada "Sönməyən alovlar" fotosərgisi və başqa maraqlı tədbirlər keçirilib. Həmin il iyulun 1-də Prezident İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə sərəncam verib.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Ramin Quliyev deyir: "2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məbəddə bərpa işləri aparılaraq ətraf ərazilər abadlaşdırılmış və açıq səma altında muzey yaradılmışdır. Dövlətimizin turizm sektorunda apardığı uğurlu siyasət Azərbaycanın hər bir turizm obyektlərində olduğu kimi, "Atəşgah məbədində də öz əksini tapır. Təqribi hesablamaya görə, Atəşgah memarlıq qoruğunu hər ay mindən çox turist ziyarət edir. Turistlər, əsasən, Pakistan, Hindistan, Rusiya, Avropa və ərəb ölkələrindən olur".

Bəli, Azərbaycan torpağında minlərlə belə ocaq yanır. İstər möhtəşəm məbədlərdə, istərsə də səcdəgahlarda səndəl və şümşad ağaclarının ətrini ətrafa yayan "müqəddəs od" alovlanır. İnsanlar ta uzaq keçmişdən bədbəxtlik və zülmdən müdafiə axtarışında, xoşbəxtlik və əmin-amanlıq haqqında dualarla oda ibadət edirdilər. "Atəşgah"ın tarixi taleyində xalqımızın çoxəsrlik ənənələri, qəhrəmanlıq hadisələri, dünya sivilizasiyası xəzinəsinə töhfələri, tolerant, multikultural dəyərləri ilə zəngin böyük mərhələləri - keçmişi və bu günü bir-birinə qovuşmuşdur. Və beləcə, qədim əbədi alovlara görə də Vətənimiz "Odlar yurdu" adını almışdı. Həmin qığılcımlar, közərtilər nəzərləri cəlb edərək, əsən meh istiqamətində haçalanan təbii alov dilimlərinin həyəcanlandırıcı gözəlliyi ilə bəşər övladlarını ovsunladılar.

 

Qurban MƏMMƏDOV

Azərbaycan.-2024.- 9 yanvar, № 2.- S.7.