Qədim
tariximizin pozulmayan izləri
Müdriklər çox
yerində deyiblər ki, abidələr tarixin pozulmayan daş yaddaşıdır.
Doğrudan da elədir. Hansısa kiçik bir abidə böyük bir xalqın keçmişindən, dünənindən,
mədəniyyətindən, mənəvi zənginliyindən
xəbər verir. Nə yaxşı ki abidələr zamanın sərt sınaqlarından çıxaraq
bu günümüzə
qədər gəliblər.
Bəlkə də,
bu abidələr tarixdən bizə xəbər vermək üçün əbədi
olaraq daşlaşıblar.
Sanki abidələr mənsub olduğu xalqın mədəniyyətini,
mənəviyyatını özündə
yaşatmaq üçün
dünəndən sabahlara
doğru yol gedirlər. Hər daşında, hər parçasında insan əlinin izi qalmış bu abidələr hamımız
üçün əziz
və doğmadır.
Çünki bu abidələr ulu babalarımızdan bizlərə
miras qalmış ən dəyərli və ən qiymətli yadigarlardır.
Bəzən bir-birindən
bənzərsiz, hamımızı
heyrətə gətirən
abidələrə baxdıqca
fikirləşirik ki, əgər onların dili olsaydı, görəsən, ötənlərdən,
keçənlərdən nələr
danışardı, nələr
deyərdi?
Azərbaycan yer
üzündə bəşər
sivilizasiyasının yarandığı
ən qədim məkanlardan biridir. Uzun illər aparılan arxeoloji qazıntıların nəticələri
göstərir ki, bu yerlərdə yaşayan insanlar özlərindən sonraya
bir-birinə bənzəməyən
yüzlərlə, minlərlə
abidə tikib qoyublar. Şükürlər
olsun ki, dünya və Şərq memarlığının
ən gözəl incilərindən hesab olunan həmin abidələrin bir çoxu bu gün qalır. Onları ziyarət edəndə
xəyalən ötən
illərə, əsrlərə
qayıdırıq.
Təəssüf ki,
otuz ilə yaxın müddətdə
ermənilər maddi mədəniyyət abidələrinin
zənginliyi ilə seçilən Qarabağ bölgəsinin islam mədəniyyətinə aid
olan bütün abidələrini vəhşicəsinə
dağıtmışdılar. Bəşəriyyətin ilk
insan məskənlərindən
olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək,
Üzərliktəpə kurqanlarından
hərbi məqsədlər
üçün istifadə
edilib. Xocalı, Ağdam, Füzuli, Cəbrayıl və başqa rayonlardakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın,
Kəlbəcər, Qubadlı,
Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar,
türbələr, məzarüstü
abidələr, məscidlər,
məbədlər erməni
işğalçıları tərəfindən məhv
edilib.
Dünya mədəniyyətinin
ayrılmaz parçası
olan Azərbaycan xalqının mədəni
irsi çoxəsrlik tarixi keçmişimizdən
yadigardır və bu tarixi abidələrin
mühafizəsi bəşəri
əhəmiyyət daşıyır.
Məqbərələr, məbədlər,
məscidlər, qəbiristanlıqlar,
körpülər, ovdanlar,
günbəzlər, minarələr
və keçmişimizin
digər maddi yadigarları zamanın sərt sınaqlarına sinə gərib. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala,
Oğlanqala, Gələrsən-Görərsən
kimi qalalarımız,
Möminə xatun türbəsi, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy
məscid, Cümə
məscidi, Təzəpir
məscidi kimi dini ibadətgahlarımız,
Şəki Xan Sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndir. Başqa
ölkələrdə olduğu
kimi, tarixi abidələrlə zəngin
olan Azərbaycanda da 18 Aprel Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günü qeyd olunur. Bu əlamətdar
gün 1983-cü ildə
UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının
Beynəlxalq Assambleyası
tərəfindən təsis
olunub. Bu günü təsis etməkdə əsas məqsəd insanların diqqətini abidələrin
və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu istiqamətdə aparılan
maarifləndirmə işləri
müsbət nəticələr
verir.
Arxeoloji qazantılar
zamanı Azıx mağarasından tapılmış
insanın çənə
sümüyü, Qobustanda
aşkar edilmiş yaşayış məskənləri
Azərbaycanda ən qədim dövrlərdən
insanların məskunlaşdığını
təsdiqləyir. Tarixin
müxtəlif dövrlərində
ölkəmizin ərazisində
müxtəlif dövlətlərin
yaranması ilə əlaqədar qədim şəhərlər salınıb,
müdafiə tikililəri,
əzəmətli qala
divarları hörülüb.
Orta əsrlərə
aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan,
Allah-Allah türbələri,
Şirvanşahlar sarayı,
Şəki xan sarayı, Şuşa şəhərinin abidələri
və başqaları
nəinki Şərq,
hətta dünya memarlığının ən
gözəl, ən nadir incilərindəndir.
Abidələrin və
tarixi yerlərin dağıdılması xalqın,
millətin varlığının
məhvi deməkdir. Çünki abidələr
xalqın keçmişinə
güzgü tutur, onu dünyaya tanıdır və yaşadır.
Hazırda dünyada
baş verən siyasi proseslər nəticəsində minlərlə
abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Bu baxımdan Beynəlxalq Abidələr
və Tarixi Yerlər Gününün
təsis olunmasının
çox böyük əhəmiyyəti var.
Hər daşında,
hər qayasında şərəf dolu tarixi keçmişimizi yaşadan abidələrimizin
qorunması və gələcək nəsillərə
çatdırılması istiqamətində dövlətimiz
tərəfindən mühüm
addımlar atılır.
Ölkəmizin ərazisində
olan, özündə
tariximizin kiçik bir parçasını əks etdirən böyüklü-kiçikli bütün
abidələrin qorunması
istiqamətində zəruri
tədbirlər həyata
keçirilir. Son illər ölkəmizdə
tarixi abidələrin
bərpası və qorunması istiqamətində
bir sıra əhəmiyyətli layihələr
böyük uğurla
icra olunub. Dövlət tərəfindən,
bütün sahələrə
olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan
abidələrə, qalalara,
istehkamlara, məbədlərə,
təbii qoruqlara xüsusi diqqət və qayğı artırılıb. Tarixi-dini
abidələrin qorunmasına,
təmir və bərpasına Azərbaycanın
Birinci vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da daim
öz töhfəsini
verir. İstər ölkəmizdə, istərsə
də xaricdə dini abidələrin bərpası üzrə layihələr böyük
uğurla reallaşdırılır.
İşğal dövründə
erməni barbarlarının
dağıtdığı abidələrimiz bərpa
olunur. Əsrlərin sınağından çıxmış,
təbii təsirlərə
məruz qalmış
və nəticədə,
qəza vəziyyətinə
düşmüş tarixi-mədəniyyət
abidələrinin əksəriyyətində
konservasiya işləri
aparılır. Təbii
ki, abidələr daş yaddaşımıza
çevrilib və hər bir xalqın
kimliyini, keçdiyi tarixi yolu xatırladır.
Şərəfli tariximizin
dünənini özündə
yaşadan abidələrin
qorunması hər bir azərbaycanlının
borcudur.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
9 yanvar, № 2.- S.7.