Azərbaycan və BƏƏ arasındakı
"yaşıl enerji"
tərəfdaşlığı qısa müddətdə
real nəticə verib
30 il əvvəl
imzalanan "Əsrin müqaviləsi" ölkəmizdə
əlverişli investisiya
mühitinin olduğunu,
dövlətin zəmanəti
ilə sərmayələrin
qorunduğunu, sazişlərin hər bir müddəasına sözsüz əməl edildiyini göstərdi. Odur ki, sonrakı
neft və qaz layihələri əməkdaşlıq və
tərəfdaşlıq əlaqələrimizi
daha da genişləndirdi. 3500 kilometrlik
"Cənub qaz dəhlizi" Azərbaycanın
beynəlxalq aləmdə
etibarlı tərəfdaş olduğunu
bir daha təsdiqlədi. Bunu dünyanın bir çox görkəmli siyasətçisi də vurğulayıb.
İndi ölkəmiz
"yaşıl iqtisadiyyat"a
keçid edir və öz növbəsində bu sahə Prezident İlham Əliyevin yaratdığı
əməkdaşlıq və
tərəfdaşlıq platformasını daha da genişləndirir və möhkəmləndirir. Bərpaolunan
enerji sahəsində uğurlu
əməkdaşlıq qurduğumuz
ilk ölkələrdən
biri Birləşmiş
Ərəb Əmirlikləridir
(BƏƏ).Təsadüfi deyil ki, BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
- COP29-un 2024-cü ildə Azərbaycanda
keçirilməsi barədə
qərar da məhz BƏƏ-də qəbul olunub.
Qeyd edək ki, Azərbaycan-Birləşmiş
Ərəb Əmirlikləri
münasibətləri dərin
köklərə və
dostluğa əsaslanır. İki ölkə arasında münasibətlərin çoxşaxəli
və dinamik olması, açıq siyasi dialoqların aparılması iqtisadi sahələrdə, o cümlədən
enerji sektorunda əlaqələrin inkişafına
təkan verib. Azərbaycan Respublikası
Hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri Hökuməti
arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq
üzrə birgə Hökumətlərarası Komissiya
fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 2023-cü ilin sonlarında BƏƏ-nin
evsahibliyi etdiyi Əbu-Dabi Davamlılıq
Həftəsinə dəvət
edilməsi və bu tədbirdə yüksək səviyyədə
iştirakı ikitərəfli
əlaqələrin bariz nümunəsi oldu.
Bu il yanvarın 8-də isə Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd
bin Zayed Əl Nəhyan Azərbaycana səfər etdi. Yanvarın 9-da Prezident
İlham Əliyevin Prezident Şeyx Məhəmməd
bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü
keçirildi. Görüşdə
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinin
qardaşı, Birləşmiş
Ərəb Əmirliklərinin
vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed
Əl Nəhyan, Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinin
qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl
Nəhyan, Birləşmiş
Ərəb Əmirliklərinin
Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak etdilər.
Səfər çərçivəsində
imzalanmış sənədlərin
mübadiləsi mərasimi bir daha sübut etdi ki, ölkələrimiz
arasında əlaqələr bir çox istiqamət üzrə uğurla davam edir. Belə ki, "Azərbaycan Respublikası
ilə Birləşmiş
Ərəb Əmirlikləri
arasında Strateji Tərəfdaşlıq haqqında
Anlaşma Memorandumu",
"Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə Birləşmiş
Ərəb Əmirliklərinin
Maliyyə Nazirliyi arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu", "Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
ilə Birləşmiş
Ərəb Əmirliklərinin
İqlim Dəyişmələri
və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu", "ADA Universiteti
ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"
imzalandı. "Azərbaycan
Respublikasının Energetika
Nazirliyi və Birləşmiş Ərəb
Əmirliklərinin İnvestisiya
Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri
üzrə İnvestisiya
Əməkdaşlığına dair Anlaşma Memorandumu"nun, "Azərbaycanın
bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi
və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan
verən Strateji Əməkdaşlıq üzrə
Çərçivə Müqaviləsi"nin,
"Azərbaycanda quruda
quraşdırılacaq 1 GVt
gücündə günəş
və külək layihələrinin inşası
üçün Tədbirlər
Təqvimi"nin, eləcə
də "ADNOC və
SOCAR şirkətləri arasında
Strateji Əməkdaşlıq
Sazişi"nin
imzalanması enerji sahəsində uğurla başlanmış
birgə işlərin
gələcəkdə daha
çox bəhrə gətirəcəyindən xəbər
verir.
Xatırladaq ki,
keçən il
oktyabrın 26-da işə salınan 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik
Stansiyası
bu əməkdaşlığın
böyük uğurudur.
Stansiya BƏƏ-nin
"Masdar" şirkəti
ilə birgə tikilib. 2006-cı ildə
BƏƏ-də yaradılan
"Masdar" həmin
vaxtdan bəri zəngin təcrübə
toplayıb, dünyada
günəş və
külək enerjisinin
inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarca
layihənin iştirakçısı
olub. "Masdar" daim təmiz texnologiya innovasiyalarını
artırmağa, Yaxın
Şərqdə, eləcə
də dünyada bərpaolunan enerji sektorunun inkişafina mühüm töhfələr
verməyə səy göstərir. Azərbaycan
şirkətin çalışdığı
40-dan çox ölkədən
biridir və burada inşa edilən "Qaradağ"
Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır.
Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan
sənayemiqyaslı ilk
günəş-elektrik stansiyasıdır.
Stansiyada hər
il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.
Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq.
Obyektin şəbəkəyə
qoşulması üçün
330 kilovoltluq yarımstansiya
tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi
ilə təmin edəcək.
Təsadüfi deyil
ki, Birləşmiş
Ərəb Əmirliklərinin
sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd
Əl-Cabir Bakıda,
"Qaradağ" stansiyasının
açılış mərasimindəki
çıxışında demişdir: "Masdar"ın
heç bir layihəsini görməmişəm
ki, dörd nazir və Birləşmiş
Ərəb Əmirliklərinin
ən yüksəksəviyyəli
nümayəndə heyətinin
üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən
də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir. Cənab
Prezident, mən Sizin çox nəcib, xoş sözlərinizi çox yaxşı xatırlayıram.
Elə bu ilin əvvəlində Əbu-Dabidə Dayanıqlılıq
Həftəsində çıxışınızı
yaxşı xatırlayıram.
Siz dediniz ki, Azərbaycanın bərpaolunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə
bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş
qərar idi, hətta mən deyərdim, strateji bir addım idi. Bu, yeni
sənaye sahələrini
inkişaf etdirmək,
yeni iş yerləri yaratmaq, "yaşıl iqtisadi artım" üçün
strateji addım idi... Bu layihə
ölkələrimiz arasında
yaxın münasibətlərin
inkişafında və
möhkəmlənməsində mühüm mərhələdir".
Qeyd edək ki, keçən ay Bakıda Birləşmiş Ərəb
Əmirlikləri ilə
Azərbaycan arasında
imzalanmış sənəd
əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılmışdır. İmzalanan
ikinci sənəd isə informasiya-kommunikasiya
sektoruna aid olmuşdur.
Dövlətimizin başçısı
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd
bin Zayed Əl Nəhyan ilə yanvarın 9-da keçirilən geniş tərkibdə görüşdə
bunları bir daha xatırlatmışdır.
Prezidentimiz bu
səfərin Azərbaycanla
Birləşmiş Ərəb
Əmirlikləri arasında
strateji tərəfdaşlığı
möhkəmləndirəcəyinə əminliyini bildirmişdir.
Ali qonaq da "İki ölkənin və iki xalqın
rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın
inkişafına hazırıq"
fikrini ifadə etmişdir.
Flora SADIQLI,
Azərbaycan.-2024.- 10 yanvar, № 3.- S.1;9.