12 zavod,
30-dan çox istehsalat
sahəsi
Sumqayıt Texnologiyalar Parkı Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindəndir
Yolumuz Cənubi
Qafqazın ikinci ən böyük sənaye şəhəri
Sumqayıtadır. Elə
şəhərə yaxınlaşdıqca
yol boyunca müşahidə etdiyimiz
Sumqayıt Kimya Sənaye Parkına daxil olan zavodlar,
müəssisələr bunu
deməyə əsas verir.
Müxtəlif adda
və çeşiddə
məhsullar istehsal edən bu müəssisələr
birlikdə sənaye şəhərciyini xatırladır.
Bizim isə budəfəki ünvanımız
Sumqayıt Texnologiyalar
Parkıdır (STP).
Son onilliklərdə
Prezident İlham Əliyevin sərəncamları
əsasında innovativ
və yüksək texnologiyalar əsasında
rəqabətqabiliyyətli sənaye istehsalının,
qeyri-neft sektorunun davamlı inkişafının
təmin edilməsi, ölkədə yerli və xarici investisiyalar üçün
əlverişliliyin və
istehsal sahəsində
məşğulluğun artırılması
məqsədilə bir
çox sənaye parkları yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının rezident üzvü, 2009-cu ildə yaradılan STP isə regionda ərazisinə görə
ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən sayılır.
250 hektar ərazidə
fəaliyyət göstərən
STP özündə 12 zavodu
birləşdirir ki, onlar da 30-dan çox istehsalat sahəsini əhatə edir. İxtisaslaşmış zavodlar
kompleksində müxtəlif
məhsulların hazırlanıb
ərsəyə gəlməsində
və satışa çıxarılmasında isə
2000-ə yaxın işçinin
əməyi var.
Hər şeydən
öncə bu texnologiyalar parkında innovativ avadanlıqlar əsasında, dünya standartlarına uyğun istehsal edilən yüksəkkeyfiyyətli məhsullar
"Made in Azerbaijan"
brendi ilə dünyanı dolaşaraq ölkəmizi tanıdır.
STP-nin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Türkiyə,
Avropa və Asiya ölkələrinə
ixrac edilir.
İşimizi asanlaşdıran
ödəniş terminallarının
hazırlandığı ünvan
Əraziyə daxil
olub ilk üz tutduğumuz müəssisə Elektrik Avadanlıqları Zavodu
(EAZ) oldu. 2010-cu ildə
fəaliyyətə başlayan
və STP-nin ən böyük, müasir müəssisələrindən
biri olan EAZ-da bizi ilk
qarşılayan elə
zavod yaranandan burada çalışan Texniki istehsalat bölməsinin meneceri Əliməhəmməd Əkbərov
oldu.
"MilliÖn" terminallarına
baxdığımızı görən menecer deyir ki, Azərbaycandakı
əksər bankların
və digər sahələrin müxtəlif
çeşiddə ödəniş
terminalları bu zavodda istehsal olunur. Doğrusu, müasir, getdikcə yenilənən, demək olar ki, əksər
marketlərdə, müəyyən
obyektlərdə tez-tez
istifadə etdiyimiz bu terminalların çoxumuz xaricdə istehsal olduğunu düşünürdük. Amma
illərdir ki, bu aparatlar sifarişə
uyğun olaraq müxtəlif dizaynda STP-də hazırlanır.
Əliməhəmməd Əkbərovdan ödəniş
terminalının istehsal
prosesi barədə soruşuruq. O bildirir ki, bir "MilliÖn"
aparatının hazırlanması
üçün kəsmə,
əymə, boyama, mexaniki yığım, elektrik avadanlıqlarının
quraşdırılması proseslərində 12 nəfər
çalışır. Gün
ərzində 10-20 arası
terminalın istehsalı
mümkündür.
Onun sözlərinə
görə, məhsulların
istehsalı zamanı istifadə olunan dəzgahlar və qurğular müasir tələblərə cavab
verən, proqramlaşdırılmış
kompüter sistemi vasitəsilə idarə olunan, Almaniyada, Finlandiyada, Türkiyədə,
Yaponiyada, İtaliyada istehsal olunmuş dəzgah və avadanlıqlardır. Hazır
məhsulların yekun
testləri isə
ABŞ istehsalı olan
akkreditasiyadan keçmiş
sınaq laboratoriyasında
həyata keçirilir.
Ə.Əkbərovla zavoda baxış keçirdiyimiz zaman istehsal olunan digər məhsullar barədə də məlumat aldıq. O bildirdi ki, zavodda
müxtəlif təyinatlı
dolablar, elektrik yuvaları, kabel kanalları, ventilyasiya boruları, məlumat və növbə köşkləri, sənaye
tipli dizel generatorları istehsal olunur: "Doqquz ay olar ki,
zavodda sənaye generatorları yığım
sahəsi yaradılıb.
Bu da 75 kVA-dan 400 kVA-yadək generatorların istehsalına imkan verir. Hazırda müəyyən
sifarişlərə uyğun
yığım prosesi
gedir".
Bu zaman başı işə qarışan bir əməkdaşı görən
bölmə meneceri ona tərəf dönərək "Hüseyn köhnələrdəndir" deyir.
Biz də Hüseyn Nəzərova
yaxınlaşıb həm
iş prosesini izləyir, həm də suallarımızı
veririk. O, 14 ildir - yəni zavod yaranandan orada yığıcı çilingər
kimi çalışır.
Uzun illər bu peşədə təcrübə
qazanıb. "Elə
əvvəldən burada
işləyirəm. Elektrik
avadanlıqlarının hissələrini
təmir edirik" deyən Hüseyn Nəzərov
iş prosesinin heç bir çətinliyi olmadığını
çox rahat şəkildə dilə gətirir. Bu da başadüşüləndir.
İllərini peşəsinə
həsr edən
Hüseyn dayı üçün
bu iş, əlbəttə ki, asan olacaq.
Ona mane olmamaq üçün çox sual vermədən menecerlə
zavodu gəzməyə
davam edirik. İş başında gənc işçiləri
görüb onların
işə qəbul prosesi ilə maraqlanırıq. Menecer deyir ki, gənclər tez-tez zavoda təcrübə keçmək
üçün gəlirlər
və onların işə qəbulunda heç bir problem yoxdur.
Yeri gəlmişkən,
zavodda Türkiyə,
Fransa təcrübəsindən istifadə olunur. İşçi heyəti
üçnövbəli rejimdə
çalışan 60 nəfərdən
ibarətdir.
İş prosesindən
danışan mütəxəssis
bildirir ki, işçilərə
ilk mərhələdə giriş,
texniki təhlükəsizlik,
iş proseduru ilə bağlı təlimatlar verilir və bu proses mütəmadi olaraq davam etdirilir. "Elə vaxt olur
ki, həftə ərzində
hər gün təlimat verilir. İşçilərə həmçinin
yanğınsöndürənlərdən
istifadə, qəza zamanı zavodu tərketmə qaydaları
barədə təlimlər
də keçirilir",
- deyə o, əlavə
edir.
Qeyd edək
ki, Elektrik Avadanlıqları
Zavodu böyük istehsal gücünə
malik müəssisələrdəndir. Zavod illik 500 ədəd MVC tipli ortagərginlikli elektrik yuvası, 600 alçaqgərginlikli
elektrik dolabı, 5000 sayğac, 500 paltar, 500 sənəd, 700 server dolabı,1500 ödəniş terminalı,
500 məlumat və növbə köşkü,
450-500 dizel generatoru və 100 000 metr kabel kanalı istehsal etmək gücünə malikdir.
Zavodda istehsal olunan məhsullar "TOYO
ELECTRIC" şirkəti ilə
birgə "Şimal-2" Elektrik Stansiyasının modernizasiya və yenidən konstruksiya layihəsində, "Azərenerji"
ASC, "Bakı Metropoliteni"
QSC, SOCAR-ın bir sıra layihələrində
istifadə edilir.
Avtomatlaşdırılmış, itkisiz istehsalat
STP-də növbəti ünvanımız isə
2014-cü ildə istismara
verilən Alüminium
və Mis Profilləri
Zavodu oldu. Müəssisənin girişində
bizi administrativ departament direktoru Aruz Mikayılov və istehsalat direktoru Elşad Qasımov
qarşılayırlar. Avadanlıqlarla
tanış olmaq, istehsalat prosesini görmək üçün
müəssisəni gəzərkən
E.Qasımov zavodda istehsal olunan məhsullardan, onların hazırlanmasından
danışır: "Zavodda
alüminium boşluqlar,
isti və soyuq seriyalı profillər, pəncərə
sistemləri, elektrik şinləri, standart profillər, müxtəlif
diametrli pəstahlar istehsal olunur. Burada hər biri 20-25 ton arası
məhsul tutumuna malik iki əritmə sobası var. Bunlar işə salınanda 2-3 gün ərzində alüminium 720-730 dərəcəyədək
qızdırılır. İlkin
olaraq alınan alüminium külçələr
sobalara yerləşdirilir.
Analizlər götürülür
və pəstahın tərkibi müəyyənləşdirilir.
Alüminium maye halında olanda təxminən hər 8 saatdanbir 10 metrlik quyuya süzülür.
Daha sonra pəstahlar digər iki sobada homogenezasiya prosesindən keçirilir.
Üçüncü sobada
isə soyutma prosesi gedir. Kəsim prosesindən sonra pəstahlar paketlənir".
Qeyd edək
ki, zavodda istehsal olunan müxtəlif diametrli pəstahlardan alüminium profillərinin
istehsalında xammal kimi istifadə olunur və zavod Azərbaycanda pəstah istehsal edən yeganə müəssisəsidir.
Zavodun aylıq
istehsal gücünün
2000-2500 tona qədər
olduğunu deyən E.Qasımov qeyd
edir ki, istehsal olunan pəstahların təxminən 2 min tonu Avropa, Asiya ölkələrinə,
ABŞ-yə ixrac olunur.
Daha sonra alüminium profillərini istehsal edən avadanlıqlarla tanış oluruq. Bu arada həmin avadanlıqlara qısaca
press deyildiyini qeyd edən istehsalat müdiri bildirir ki, avadanlıqların gücünə
əsasən onlarda fərqli diametrli pəstahlar istifadə olunur. Profillərin istehsalı zamanı isə heç bir itki olmur,
çünki yerdə
qalan hissələr yenidən əritmə sahəsinə göndərilir.
Məhsulların çoxu
xaricə ixrac olunur
Sənaye sahəsinin
inkişafı ilə
bərabər, ekologiyanın
qorunması, ətraf mühitin çirklənməsinin
qarşısının alınması
da xüsusi önəm
daşıyır. Ümumiyyətlə,
son dövrlərdə ölkəmizdə
sənaye sahəsində
yeni texnologiyaların tətbiqi,
xüsusi kompüter proqramları sayəsində
avtomatlaşdırılmış və fasiləsiz işləyən texnika və avadanlıqlar məhsul istehsalında, demək olar ki, itkiyə yol vermir. Bu da dünya standartlarına uyğun, həmin sahədə ən son yenilikləri tətbiq edən Azərbaycanda modern sənayedən
xəbər verir.
"Məhsulların çoxu
xaricə ixrac olunur" deyib söhbətə qoşulan
Aruz Mikayılov əlavə edir ki, bu, Azərbaycanda tələbatın az olması ilə əlaqədardır. Ölkəmizdə
alüminium profillərə
ehtiyac çox olduğu halda təkcə bu zavod vasitəsilə tələbatı ödəməyin
mümkün olduğunu
deyir departament direktoru: "Digər profil istehsalçıları
olsa da, bizim müəssisə alüminium
profillərinin istehsalı
həcminə görə
ən böyük zavoddur. Pəstah istehsalı isə ancaq bizim zavodda
mümkündür. Növbəti
ilin sonuna kimi digər profil istehsalı avadanlıqlarının da işə
salınması planlaşdırılır
ki, bununla da üç
istehsal xətti ilə aylıq ortalama 1000 ton alüminium profili istehsal etmək mümkün olacaq".
A.Mikayılov hazırda
müəssisədə profillərin
toz boya ilə rəngləndiyini,
eloksal boyalı profillərin istehsalının
mümkün olmadığını
desə də, ancaq bununla bağlı
layihə təqdim etdiklərini də vurğulayır.
Məlumat üçün
bildirək ki, həm xammalın, həm də hazır məhsulun tərkibinin uyğunluğu üçün
analizlər götürülərək
zavodun özündə
laboratoriya şəraitində
yoxlanılır. Tərkiblərin
yoxlanılması üçün
isə nümunələrdən
azı üç dəfə analiz götürülür.
Vurğuladığımız kimi, zavodda istehsal zamanı heç bir xammal itkisi
baş vermir. Çünki Alüminium və Mis Profilləri Zavodunda təkrar emal da həyata keçirilir. Kənardan alınan alüminium tullantılar və zavodda istehsal zamanı yaranan qalıqlar avadanlıqlarda
preslənir, daha sonra sobaya atılır.
Departament rəhbəri
qeyd edir ki, istehsal prosesi nəzərə alınaraq
zavodda həm təknövbəli, həm
də çoxnövbəli
iş rejimi tətbiq olunur. İstehsal sahəsində
170 nəfərlik heyət
8 və 12 saatlıq çoxnövbəli rejimdə
çalışır. İşə
qəbul zamanı bütün əməkdaşlara
təlimlər keçirilir,
avadanlıqlardan istifadə
ilə bağlı təlimatlar verilir. Onlar bir ay sınaq
müddətində başqa
mütəxəssisin müşayiəti
altında iş prosesini öyrənirlər.
Zavodda işimizi
yekunlaşdırıb müəssisədən
ayrılaraq xidməti
avtobusa doğru irəliləyirik. Amma Sumqayıt
Texnologiyalar Parkı bu müəssisə ilə bitmir.
Təbii ki, sənaye
şəhəri dedikdə
insanlar daha çox havanı çirkləndirən müəssisələri
xatırlasa da, amma bu gün texnologiyalar parkında istehsalatda istifadə olunan ən son texnologiyaların
tətbiqi müəssisələrinin
ətraf mühiti çirkləndirməsinin qarşısı
alınır. Bununla yanaşı, STP ərazisindəki
yaşıllaşdırma işləri
də ekologiyaya vurulan zərəri minimuma endirir.
Beləliklə, müasir
texnologiyalarla təchiz
olunmuş, azərbaycanlı
mütəxəssislərin fəaliyyət göstərdiyi
bu müəssisələr
Azərbaycanın qeyri-neft
sənayesinin inkişafında
Sumqayıtın rolunu
daha da artırır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
10 yanvar, ¹ 3.- S.1;10.