Fransa üçün erməni amili
sadəcə vasitədir
"Azərbaycan
Vətən müharibəsindən sonra formalaşan yeni
situasiyada beynəlxalq hüquq normalarına uyğun olan
beş əsas prinsipi təqdim etməklə Ermənistanla
sülh danışıqlarının təşəbbüskarı
kimi çıxış edir. Moskva, Brüssel və
Vaşinqton platformaları çərçivəsində
sülh müqaviləsi üzrə danışıqlar
aparılıb və Prezidentin köməkçisi Hikmət
Hacıyevin Almaniyanın "Berliner Zeitung" qəzetinə
müsahibəsində də haqlı olaraq ifadə etdiyi kimi,
"müxtəlif mərhələlərdə müxtəlif
formatlar bizə irəli getməyə imkan verib. Lakin separatizm
ocağının mövcudluğu, habelə Ermənistan
silahlı qüvvələrinin hissələrinin Azərbaycan
ərazisində qalması şəraitində nəinki
sülh müqaviləsi üzrə ciddi nəticələr əldə
etmək, bütövlükdə hətta sülh barədə
danışmaq belə mürəkkəb idi".
Bu sözləri
"Azərbaycan" qəzetinə açıqlamasında
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, bəzi Qərb dairələri Qarabağ
iqtisadi rayonunun bir sıra bölgələrində o zaman davam
edən, işğal və separatizmlə ehtiva olunan status-kvoya
regiona təsir etmək imkanı kimi baxırdılar: "Nəticə
etibarilə erməni cəmiyyətində revanş
xülyaları baş qaldırır, Fransanın timsalında
Qərb dairələri prosesləri
yeni hərbi qarşıdurmaya təşviq edirdi. Lakin
2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli
antiterror tədbirləri nəticəsində separatizmə son
qoyulması, qanunsuz silahlı birləşmələrin tərk-silah
edilməsi və Ermənistan ordusunun hissələrinin
Qarabağdan çıxarılması ilə Azərbaycanın
suverenliyi tam bərpa olundu. Beləliklə, Azərbaycanla Ermənistan
arasında 35 illik gərginliyin əsas mənbəyi olan
Qarabağ məsələsi gündəmdən tamamilə
çıxarıldı. Bu gün Azərbaycan regionda əməliyyat
şəraitinə tam nəzarət edir və artıq 4 aya
yaxındır ki, bölgəmizdə atəş səsləri
eşidilmir. Yəni mahiyyət etibarilə ölkələr
arasında yekun sülh üçün heç bir maneə
yoxdur".
Deputat qeyd edib ki,
proseslərin ümumi gedişatı müsbət məcrada
xarakterizə olunur: "Xüsusən Azərbaycan Prezidentinin
Administrasiyası və Ermənistan Baş nazirinin
Aparatının 7 dekabr birgə bəyanatı ilə hərbçilərin
qarşılıqlı olaraq azad edilməsi, habelə COP
çərçivəsində qarşılıqlı
xoş niyyətdə ehtiva olunan gedişlər keyfiyyətcə
yeni mərhələ deməkdir. Üstəlik, cari situasiya
vasitəçiliyə regiona təsir rıçağı
kimi baxan bəzi qlobal güc mərkəzlərinin
iddialarının əksinə, Azərbaycan və Ermənistanın
vasitəçi olmadan birbaşa ikitərəfli
danışıqlarda müsbət məcraya nail ola
bildiyini göstərdi".
Bəhruz Məhərrəmov
söyləyib ki, rəsmi Bakı vasitəçiliyin əleyhinə
deyil, lakin bir şərtlə ki, bu, səmimi xarakter
daşısın: "Ali səviyyədə də dəfələrlə
ifadə edildiyi kimi, 30 il ərzində yalnız işğal və
təcavüz status-kvosunun möhkəmlənməsinə,
münaqişənin dondurulması və Azərbaycanın tədricən
işğalla barışmasına xidmət edən vasitəçiliyə
şahidlik etmişik. Nəticədə beynəlxalq
hüququn aliliyini, BMT Təhlükəsizlik Şurası qətnamələrinin
tələblərini Azərbaycan özü təmin etməli
oldu. Birbaşa təmaslar isə elə ilk aydaca effekt verdi və
sərhəd komissiyalarının fəaliyyəti üzrə
müvafiq reqlament sənədi qəbul edildi".
Deputat onu da
bildirdi ki, beynəlxalq birliyin bir sıra subyektləri cari vəziyyətə
özünün qeyri-hüquqi maraqları və mənafeləri
üçün təhdid kimi baxır. Məsələn,
Fransa hər cəhdlə, bütün səviyyələrdə
sülh prosesinin pozulması üçün çoxşaxəli
və davamlı fəaliyyət sərgiləyir. Yaxud ABŞ
Dövlət Departamenti əsassız açıqlamaları
ilə regionda həssas duruma qeyri-konstruktiv təsir göstərməyə
cəhd edir. Təbii ki, bu kimi cəhdlər Azərbaycanın
hərbi siyasi qələbələri ilə
yaratdığı yeni reallıq qarşısında səmərəsiz
olsa da, ümumi uzlaşmaya və yekun sülhün əldə
edilməsinə təsirsiz ötüşmür. Lakin qeyd
etdiyimiz kimi, bu proseslər ümumi gedişatda həlledici amil
kimi çıxış edə bilmir.
Bəhruz Məhərrəmovun
sözlərinə görə, Ermənistan cəmiyyəti
birdəfəlik anlamalıdır ki, hansısa
üçüncü tərəf üçün Ermənistan
dövlətinin, yaxud sıravi erməninin maraqları önəmli
deyil: "Məsələn, regionda neokolonialist niyyətlə
möhkəmlənməyə çalışan Fransa
üçün erməni amili sadəcə vasitədir və
Ermənistan sülh və sabitlik əleyhinə gedişatda
imperialist Makron Fransasının maşasına çevrilməməlidir.
Ötən üçillik dövr də göstərdi ki,
beynəlxalq hüququ rəhbər tutan Prezident İlham
Əliyev qarşısında nə Makron, nə də Fransanın
orbitində olan digər subyektlər duruş gətirdi.
Heç bir güc regionda işğal və təcavüzün,
separatizmin əbədiliyini təmin edə bilmədi. Azərbaycanın
artan imkanları qarşısında bundan sonra da belə bir
ehtimal mümkünsüzdür".
Belə
qeyri-sağlam qlobal mühitdə ən doğru addımın
Azərbaycan və Ermənistanın vasitəçisiz təmasları
olduğunu bildirən deputat əlavə edib: "Bu gün
sülh sazişinin mətni üzərində işin
birbaşa olaraq Bakı ilə İrəvan arasında
aparılması çox pozitiv situasiyadır. İndi yeganə
zərurət İrəvanın iradə nümayiş etdirərək,
ən azı öz maraqları və dövlətçiliyin
perspektivi naminə Qərbdəki pis məsləhətçilərinin
təklif və tələblərindən imtinası və
sülhə can atmasıdır. Belə olacağı halda
sülhə ən qısa müddətdə nail olmaq mümkündür".
Nəzrin
QAFARZADƏ,
Azərbaycan.-2024.- 10 yanvar, № 3.- S.1;11.