Robert Mobili:
Blinkenin bəyanatı
siyasi möhtəkirlikdən
başqa bir şey deyil
ABŞ Dövlət katibinin Azərbaycanda dini etiqad azadlığının
məhdudlaşdırılması ilə bağlı bəyanatının arxasında
heç də dini qayğıkeşlik deyil, siyasi çalarlar
dayanır. Bu barədə AZƏRTAC-a müsahibəsində
Azərbaycandakı Alban-Udi
Xristian dini icmasının sədri
Robert Mobili bildirib.
-ABŞ-ın Dövlət
katibi Antoni Blinken bu yaxınlarda
verdiyi bəyanatında
guya dini etiqad azadlıqlarını
pozulması hallarının
olduğu ölkələr
siyahısında Azərbaycanın
da adını çəkib. Ölkəmizdəki
dini konfessiyaların nümayəndələri artıq
müvafiq bəyanatlarla
çıxış ediblər.
Amerika administrasiyası
faktiki olaraq öz siyasi ambisiyalarının və
erməni lobbisinin planlarının əsirinə
çevrilib və bu, onu açıq-aşkar
absurd vəziyyətinə
salıb...
-Azərbaycanın dini
etiqad azadlıqlarının
potensial olaraq pozulması üzrə nəzarət tələb
edən ölkələrin
siyahısına əlavə
edilməsi təəssüf
hissi doğurur. Bu, tamamilə ədalətsiz, qərəzli
yanaşmadır və
məlumdur ki, siyasi məqsəd daşıyır. Azərbaycan
özünün çoxəsrlik
multikulturalizm ənənələri
ilə tanınır.
Ölkəmizdə müxtəlif
dini konfessiyaların nümayəndələri sülh
və əmin-amanlıq
şəraitində yaşayır,
öz dini ayinlərini sərbəst
şəkildə icra
edirlər. Bunu haçansa ölkəmizi
ziyarət etmiş hər kəs təsdiq edə bilər.
Qeyd etməliyəm
ki, mən şəxsən beynəlxalq
dini azadlıqlar üzrə ABŞ Komissiyasının
müzakirələrində iştirak etmişəm, Azərbaycandakı dini etiqad azadlığından
danışmışam, komissiya
üzvlərini ölkəmizə
gəlməyə və
vəziyyətlə yerində
tanış olmağa
dəvət etmişəm.
Yəni hesabat kimlərinsə uydurmaları
əsasında deyil, faktlara uyğun tərtib edilməlidir. Aydın olur ki, ABŞ-ın ittihamları siyasi məqsəd daşıyır.
Bunun arxasında təkcə erməni lobbisi deyil, həm də başqa anti-Azərbaycan dairələr dayanır.
Azərbaycan çoxkonfessiyalı
ölkədir, burada dinə və mədəniyyətə həmişə
hörmətlə yanaşıblar.
Ölkəmizdə məscidlər,
sinaqoqlar, kilsələr,
Bakının ən mərkəzində isə
erməni kilsəsi var.
Zənnimcə, ABŞ Dövlət katibinin Azərbaycanda dini etiqad azadlığının
məhdudlaşdırılması ilə bağlı bəyanatı siyasi möhtəkirlikdən başqa
bir şey deyil və bu,
arxasında heç də dini qayğıkeşliyin
deyil, siyasi məqsədlərin dayandığı
ikiüzlülükdür.
-ABŞ-ın ittihamları
qeyri-ixtiyari olaraq sual doğurur: “Bəs hakimlər kimidir?” Birləşmiş
Ştatları dini tolerantlıq nümunəsi
adlandırmaq düzgün
olmazdı. Bu barədə Sizin fikrinizi bilmək istərdim.
-Fikrimcə, Amerika
dini dözümsüzlük
və dindarların hüquqlarının pozulması
barədə uydurma ittihamlarla çıxış
edərkən özünün
geosiyasi opponentləri
ilə haqq-hesab çəkməyə çalışır
və onların daxili işlərinə müdaxilə etmək üçün bəhanə
axtarır. 2000-ci illərin
əvvəlində əsas
hədəfin Türkiyə
olduğunu hamı xatırlayır. ABŞ-da
keçirilən sosial
sorğular dini zəmində, xüsusən
islamofobiya üzrə
ayrı-seçkiliyin olmasına
dair danılmaz faktları göstərir.
Xatırlayırsınızsa, Trampın dövründə
yeddi müsəlman ölkəsinin vətəndaşlarının
ABŞ-a girişi qadağan
edilmişdi. Bayden bu siyasəti yumşaltdı, amma Birləşmiş Ştatlarda
dini zəmində ayrı-seçkilik faktları
ildən-ilə artır.
Avropada da belə hallar mövcuddur. Elə Fransanı götürək.
Mən özüm şahidəm ki, sinaqoqa getmək üçün konvoyların
sırasından keçməli
olduq, hərçənd
bu, Tanrının məbədidir. Azərbaycanda
məscidlər, kilsələr,
sinaqoqlar həmişə
açıqdır və
onlara giriş tamamilə sərbəstdir.
Bu səbəbdən dindarların heysiyyətini
təhqir edən belə halların olduğu ölkələrdən
tolerant Azərbaycanın
ünvanına ittihamlar
eşitmək çox
anlaşılmazdır.
─ Zəhmət olmasa
deyin, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın
dini abidələrini hansı vəziyyətdə
gördünüz?
─ Çox aktual, deyərdim ki, gündəmə
aid olan sualdır. İcmamız bu abidələri ziyarət edib. İslam irsi praktiki olaraq yer üzündən silinib. Alban mədəniyyəti
abidələri də
acınacaqlı vəziyyətdə
idi, bir çoxu dağıdılıb.
Ermənilər məscidlərdə
və alban məbədlərində mal-qara
saxlayır, yəni onlardan tövlə, bəzi dini abidələrdən isə
silah anbarı kimi istifadə edirdilər. Bir sıra alban abidələri - Kəlbəcərdəki Xudavəng
monastır kompleksi, həmçinin Hadrut və
Laçındakı abidələrə
qarşı vandallıq
edilib, onların görkəmi dəyişdirilib,
erməniləşdirilib. Söhbət
kilsələrdə və
interyerdə olan xaçlardan gedir. Yeri gəlmişkən, Azərbaycan dövlətinin
dini abidələrə
münasibətini açıq
şəkildə nümayiş
etdirən bir mühüm faktı mütləq qeyd etməliyəm. Vətən
müharibəsi vaxtı
Nic kəndində Müqəddəs
Məryəm kilsəsi
əsaslı təmirdən
sonra istifadəyə verildi. Açılışda
Azərbaycan Prezidenti
İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyeva
iştirak etdilər. Kilsə Heydər Əliyev
Fondu tərəfindən təmir
edilib. Bu, Azərbaycan
dövlətinin dini dəyərlərə hörmət
və qayğısının
bariz təzahürü
deyilmi?! Məncə, cavab aydındır!
-Sonuncu
sualım. Siyasi məsələləri dinlərarası
konfrontasiya müstəvisinə
köçürmək cəhdləri
əvvəllər də
olub. Xoşbəxtlikdən,
Azərbaycan rəhbərliyinin
müdrik, düşünülmüş
addımları sayəsində
onların qarşısı
alınıb. Bu tendensiyaların
törətdiyi təhlükə
nədən ibarətdir?
Mümkündür ki, bu
istiqamətdə daha çox maarifləndirmə
işləri aparılsın...
-Bəli,
tamamilə haqlısınız,
bu cəhdlər əvvəllər də edilib. Onların məqsədləri siyasi proseslərə dini məzmun vermək və bununla da revanşist istəkləri
alovlandırmaq üçün
insanların hisslərinə
təsir etməkdir. Azərbaycanla Ermənistanın
sülh sazişi imzalamağa yaxın olduğu indiki vaxtda ABŞ hakimiyyət orqanlarının bu cür bəyanatlar verməsinin səbəbi hər kəsə aydındır. Vaşinqton
və Fransa vasitəçilik
missiyasına qayıtmaq
istəyirlər, lakin
onlar artıq özlərini gözdən
salıblar və bu gülünc ittihamlar çətin ki, etimadın yaranmasına kömək etsin. Dini möhtəkirlik halları,
Azərbaycanın daxili
işlərinə qarışmaq
cəhdləri var. Bir daha
qeyd edim ki, Azərbaycan tolerant, multikultural
ölkədir ki, burada
həm ümumilikdə
dövlət, həm də hər bir vətəndaş bütün dinlərə
hörmətlə yanaşırlar.
Azərbaycan.-2024.- 10 yanvar,
№ 3.- S.11.