Erməni ekspertlər bu qənaətdədirlər ki,
baş nazir Hayastanı siyasi və diplomatik məğlubiyyətə aparır
Hayastan və Rusiya arasında münasibətlər son bir il ərzində
kifayət qədər
pisləşib.
Bütün bunların
kökündə dayanan
başlıca amil isə baş nazir Nikol Paşinyanın
komandasında Moskva əleyhinə olan şəxslərin çoxluq
təşkil etməsidir.
Ötən il Hayastan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu
ratifikasiya etməsindən
sonra Paşinyan iqtidarı bütün istiqamətlərdə Rusiyanın
maraqlarına uyğun
gəlməyən addımlar
atmaqda davam edəcəyini göstərdi.
Daha çox narahatlıq doğuran məsələlərdən biri
də anti-Rusiya əhvali-ruhiyyəli kadrlara
yüksək vəzifələrin
verilməsi və paralel olaraq Hayastanda Rusiyanın dayaqlarının laxladılmasıdır.
Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib və N.Paşinyan hakimiyyətinə
xəbərdarlığını edib. Buna baxmayaraq,
N.Paşinyan Kremlə
qarşı siyasətini
davam etdirməkdədir.
Ancaq Paşinyanın Rusiyanı bölgədən
sıxışdırmaq cəhdi
Hayastan üçün
uğurlu heç nə vəd etmir.
İrəvanda nəşr
olunan "Droşak"
jurnalında yazılıb
ki, Paşinyan və onun komandası
siyasi cəhətdən
Qərb kosmopolitizmi ilə rusofobiya ideologiyası əsasında
formalaşıb və
öz elektoratına da bunu aşılaya
bilib: "Sələflərinə
qarşı nifrət
və Rusiyanı lənətləməklə siyasi
intihara doğru getdiklərini belə anlamırlar. Siyasət sevgi və nifrətlə
deyil, soyuq başla yürüdülür.
Ən azı, böyük geosiyasi alova odun olmamaq
üçün Gürcüstan
və Ukrayna nümunələri bizə
dərs olmalıdır.
Qərb və ya başqası bizdən ötrü döyüşmək üçün
öz qoşunlarını
gətirəcəkmi? Gürcüstan
və Ukraynanın nümunələri göstərdi
ki, Qərb öz oyununu ustalıqla oynayır və nəticə acınacaqlı olur".
Qeyd olunub ki, 44 günlük
müharibədən sonra
Nikol Paşinyan sələflərinin çoxdan
Qarabağı təslim
etdiyini bildirib. O, hələ də öz fikrində qalır və hər dəfə də eyni şeyləri
təkrar edir, daha əvvəl baş verən danışıqları xatırladır.
Sanki Paşinyanın rəhbərliyi altında
ölkənin dəhşətli
məğlubiyyəti və
ərazilərin böyük
hissəsini kağız
üzərində təslim
etməsi heç bir əhəmiyyət daşımır. Paşinyanın
danışıqlara sıfır
nöqtəsindən başlaması
və "Qarabağ Ermənistandır və nöqtə" deməsi
heç bir məna kəsb etmirdi. Həmçinin yüksəkrütbəli xarici
rəsmilərin və
mötəbər təşkilatların
nümayəndələrinin Nikol Paşinyanın Qarabağı Azərbaycanın
bir hissəsi kimi tanıyan ilk erməni lideri olması və bu rəsmi
tanımadan sonra heç nə edə bilməyəcəyi
barədə bəyanatları
da mənasızdır.
Məqalədə daha
sonra vurğulanır:
"Xalq elə vəziyyətə düşüb
ki, heç bir milli hökumət
heç vaxt Ermənistan dövlətinin
suverenliyini bərpa edə bilməyəcək.
Görünən odur
ki, Paşinyan erməni xalqının özünü müdafiə
etmək gücündə
olduğuna inanmır,
üstəlik, milli ruhda yeni yüksəlişin
qarşısını almağa
çalışır. Bu
mənada onun erməni xalqına ilk və ən
böyük xəyanəti
hərbi və dövlət idarəçiliyi
təcrübəsi olmadan
faktiki olaraq müharibə vəziyyətindən
çıxmamış bir
ölkənin rəhbəri
olmaq istəyi idi. Məğlubiyyətlə
üz-üzə qalan
Paşinyan indi Ermənistanı total tarixi, siyasi və diplomatik məğlubiyyətə aparır".
Bu arada erməni analitik Suren Tovmasyan deyib ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı atdığı
son addımlarla Moskvaya qara bir
"quş" qoydu,
digər tərəfdən
də Hayastanı Qərbə doğru çevirdiyini dünyaya göstərdi. Hayastan vasitəsilə regiona nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq
kimi geosiyasi məqsədlərini həyata
keçirir: "Bəs,
İrəvanın xarici
siyasətini Moskvadan Brüsselə dəyişməkdə
günahkar kimdir? 44 günlük müharibədə
və ondan sonrakı dövrdə Hayastana xəyanət edən yalnız Rusiyanın özüdür.
Kreml Azərbaycan və Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin
maraqlarını heçə
saydı. Doğrudanmı,
Moskva bu qədər sadəlövh
idi ki, İrəvanda
heç bir əks tədbir görülməyəcəyini düşünürdü? Hətta
küncə sıxışdırılmış
siçan vəhşi
heyvana çevrilir. Təbii ki, Rusiyanın hələ də Hayastana qarşı çoxlu təzyiq rıçaqları
var. Unutmayaq ki, ölkəmiz, sözün əsl mənasında, Rusiya hərbçiləri və
FTX-si ilə doludur. Düşünürəm
ki, yaxın günlərdə Rusiya İrəvana qarşı
bütün təzyiq
rıçaqlarından istifadə
edəcək".
Beləliklə, Hayastanda
hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli
iflasa aparır. Çünki İrəvan
xarici himayədarları
olmadan yaşaya bilmək iqtidarında deyil.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
10 yanvar, № 3.- S.12.