İcbari tibbi sığortadan vətəndaşlar necə bəhrələnirlər?

 

 

Prezidentin sosial islahatlarının tərkib hissəsi olan bu xidmətdən əhali razılıq edir

 

 

 

"Buradakı xidmət təkcə mənim yox, bütün ailə üzvlərimizin ürəyincədir. Əvvəllər buraya daha çox həyəcan hissi ilə, indi isə böyük inamla, heç nə ödəmədən üz tuturuq. Diqqət, qayğı, yüksək xidmət insana harada olduğunu unutdurur".

Abşeron Rayon Mərkəzi Xəstəxanasına daxil olan kimi eşitdiyimiz belə xoş sözlər, insanlarda hiss edilən nikbinlik bizdə böyük maraq doğurdu. Xəstələr və onların yaxınları ilə söhbətləşəndə bir daha aydın oldu ki, burada hər kəsə yüksəksəviyyəli xidmət göstərilir. Bu isə sağlamlıqlarını əmin əllərə etibar edənlərdə ruh yüksəkliyi yaradır.

Həmsöhbətimiz Abdulla Abdullayev kimi digər xəstələr və onların yaxınları da bu müəssisədə göstərilən tibbi xidmətdən, xüsusilə də icbari tibbi sığortanın tətbiqi ilə reallaşan yeniliklərdən məmnunluqla söz açırlar. Onlar deyirlər ki, artıq həm özlərinin, həm də yaxınlarının sağlamlığını Abşeron Rayon Mərkəzi Xəstəxanasının peşəkar heyətinə könül rahatlığı ilə etibar edə bilirlər.

 

 

 

Yüksəkkeyfiyyətli tibbi xidmət artıq əlçatandır

 

 

 

Xəstəxananın birinci mərtəbəsində vətəndaşların icbari tibbi sığortanın xidmətlərindən rahat şəkildə yararlanmaları üçün lazımi şərait yaradılıb. Vətəndaş içəri daxil olub elektron növbə sistemindən nömrə götürür. Növbəsi çatanda isə elektron lövhədə bunu görür və vətəndaş xidmət personalına yaxınlaşıb hansısa sahə üzrə həkimin qəbuluna düşmək üçün göndəriş alır.

Həkim vətəndaşı müayinə etdikdən sonra xəstəliyin əsl səbəblərini tam dəqiqləşdirmək üçün onu müxtəlif analizlər verməyə göndərir.

Müayinədən sonra həkim xəstənin əməliyyata ehtiyacı olduğunu müəyyən edirsə, bununla bağlı rəy yazır. Vətəndaş həmin rəyi "göndəriş bölməsi"nə təqdim edir. Əgər xəstəxanada həmin xəstənin əməliyyatı üçün müvafiq imkanlar mövcuddursa, gün təyin edilir və vətəndaş həmin gün əməliyyata alınır. Əgər xəstəxanada həmin əməliyyatın həyata keçirilməsi mümkün deyilsə, xəstənin əməliyyatı üçün digər dövlət və ya özəl xəstəxanalara göndəriş verilir. Yəni, bir sözlə, bütün bunlar çox asanlıqla və heç bir ödəniş edilmədən həyata keçirilir.

Ümumiyyətlə isə icbari tibbi sığortanın tətbiqi ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasında xidmətin keyfiyyəti yüksəlib, əhatəsi genişlənib. Keyfiyyətli tibbi xidmətin təşkili üçün xəstəxanada Qastroentroloji kabinet, Neonatologiya bölməsi, Neyrotravma, Üz-çənə, Sterilizasiya şöbələri kimi yeni kabinet, bölmə və şöbələr yaradılıb, vətəndaşların növbə problemini aradan qaldırmaq üçün elektron növbə sistemi formalaşdırılıb, əməliyyatxana sayı 3-dən 5-ə, çarpayı sayı 145-dən 200-ə çatdırılıb. Bundan başqa, xəstəxanada fəaliyyət göstərən doğum və ginekologiya, poliklinika, şüa diaqnostikası, fizioterapiya, cərrahiyyə, üz-çənə cərrahiyyəsi, neyrotravma, anesteziologiya, reanimasiya və intensiv terapiya, terapiya, uşaq, hemodializ, laboratoriya və stomatologiya şöbələrinin işi müasir standartlara uyğun qurulub. Burada ən müasir IV səviyyə laboratoriya quraşdırılıb. Tamamilə yeni müayinə üsullarının tətbiq edildiyi xəstəxana həm də yeni cihazlarla təchiz olunub. Son illərdə burada çalışan ixtisaslı, uzman həkimlərin də sayı artıb.

Xəstəxananın direktoru Azər İsmayılovla söhbətimiz zamanı bəlli olur ki, məhz bu yeniliklərin nəticəsidir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasından Bakıya göndərilən xəstələrin sayı dəfələrlə azalıb.  2023-ci ilin 11 ayında xəstəxanaya 723 min 545 müraciət daxil olub. Müraciətlər üzrə 659 min 809 ambulator, 10 min 576 stasionar xidmət göstərilib. Bu müddətdə 8 min 632 cərrahi əməliyyat icra olunub. Hazırda gün ərzində ambulator şəraitdə 2500-3000 xəstəyə xidmət göstərilir. Gündəlik 15-20 arasında cərrahi əməliyyatlar aparılır.

Ölkədə icbari tibbi sığortanın tətbiqini inqilabi yenilik adlandıran Azər İsmayılov qeyd edir ki, "semoşka modeli" özünü doğrultmadığına görə tamam yeni model üzərində işləmək zərurəti yaranmışdı: "Bu baxımdan icbari tibbi sığortanın tətbiqi ciddi siyasi iradə tələb edirdi. Ümumiyyətlə, son 20 ildə 750-dən çox xəstəxana yenidən əsaslı təmir edilərək və ya tikilərək istifadəyə verilib. Bu, çox vacib idi, çünki infrastruktur və maddi-texniki baza olmadan icbari tibbi sığortanın tətbiqi mümkün deyildi. Bu gün bütün bu faktorlar  - yeni xəstəxanaların istifadəyə verilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi və on minlərlə gəncin dövlətin maliyyə imkanları hesabına xaricdə ixtisaslaşması icbari tibbi sığortanın tətbiqi üçün münbit şərait formalaşdırıb".

2021-ci ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Abşeron Rayon Mərkəzi Xəstəxanasında cəmi iki aydan sonra icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Direktorun sözlərinə görə, bundan sonra xəstəxanada müşahidə edilən ən vacib yeniliklərdən biri dəqiq və düzgün qeydiyyatın aparılması, daha sonra isə ambulator poliklinik xidmətin müasir standartlara uyğunlaşdırılmasıdır. Ambulatorla stasionar xidmətin bir-birindən tamamilə ayrılması nəticəsində vətəndaşların, eləcə də tibb işçilərinin işi əsaslı şəkildə asanlaşıb. Həmçinin icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemlərində mövcud olan təcili və təxirəsalınmaz yardım bölməsinin yaradılması ən vacib iş idi. Xəstələrin ağırlıq dərəcəsinə görə çeşidlənməsinin aparılması və laboratoriyanın təkmilləşdirilməsi də tibb ocağının işini xeyli asanlaşdırıb.

"Hazırda Abşeron rayonunda əhali sayı sürətlə artır. Ona görə xəstəxanaya müraciət edənlərin sayı da kəskin şəkildə çoxalıb. Keçən ilin eyni dövrü ilə müqayisədə ambulator müraciət sayı 650 mindən 750 minə yüksəlib, əməliyyat sayı isə iki dəfə çoxalıb. Lakin xəstəxananın hazırkı şəraiti əhalini təmin etməyə imkan verir. Əsas məqam xidmətin çeşidini artırmaqdır. Yeni müayinə, müalicə və diaqnostika metodlarının tətbiqi vətəndaşların inamını və etibarını artırdığına görə müəssisəmizə xəstə axını da sürətlənir. Belə olan halda sözsüz ki, maddi-texniki bazanın daha da təkmilləşdirilməsinə, hətta yeni xəstəxana binasının inşasına zərurət yarana bilər", - deyə baş həkim vurğulayır.

Azər İsmayılov onu da qeyd edir ki, ötən il xəstəxanadakı həkimlərin sayı 249 nəfər olduğu halda, bu il həmin göstərici 290-a çatdırılıb. Bu danılmaz faktdir ki, kadrlar tələblərə cavab verməzsə, icbari tibbi sığortanı effektiv tətbiq etmək olmaz: "Xaricdə təhsil alan həkim-mütəxəssislərin xəstəxanaya dəvət olunmasının, ümumilikdə kadr potensialının gücləndirilməsinin nəticəsidir ki, vətəndaş axını, müraciət sayı, eləcə də cərrahi əməliyyatların sayı xeyli artıb".

 

 

 

"İcbari tibbi sığortanın tətbiqi bizi maddi sıxıntıdan qurtardı"

 

 

 

Abşeron Rayon Mərkəzi Xəstəxanasında xəstələri həm isti münasibəti, həm də peşəkarlığı ilə razı salan həkimlərdən biri mama-ginekoloq Sahilə Səfərovadır. Türkiyənin Qazi Universitetinin Tibb fakültəsində uzmanlıq qazandıqdan sonra Vətənə dönən həkim 2023-cü ilin yanvar ayından bu xəstəxanada çalışır. Vətəninə, xalqına xidmət etməyi özünə borc bilən Sahilə Səfərova deyir ki, ötən bir il ərzində, xüsusən də icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada ciddi dəyişikliklər olub.

"Daha əvvəl dövlət xəstəxanalarında ambulator və cərrahi əməliyyatlar əlçatan deyildi. İndi isə hər sahədə keyfiyyətli xidmət göstərilir və bu hamı üçün əlçatandır. İcbari sığortanın tətbiqi bir çox xoşagəlməz tendensiyaları dəyişib. Həkim-xəstə münasibətləri yaxşılaşıb. Artıq həkimlərə hörmət və düzgün münasibət müşahidə edilir. Həkimlər də xəstələrdən pul gözləmir, yanız öz işləri ilə məşğul olurlar", - deyə S.Səfərova qeyd edir.

Yeri gəlmişkən, Sahilə Səfərovanın xəstələri də həkimlərindən çox razılıq edir, ona dərin təşəkkürlərini bildirdilər. Yaxın aylarda ana olmağa hazırlaşan pasiyent Vüsalə Kazımova ilə həmsöhbət olduq.  O bildirdi ki, Sahilə həkimin, eləcə də bu xəstəxanada göstərilən peşəkar tibbi xidmətin  sayəsində neçə illik arzusuna çatıb. Bir neçə ay sonra körpəsini qucağına alacaq Vüsalə xanım icbari sığortanın qazandırdığı üstünlüklərə görə   razılığını bildirdi: "İllər boyu xaricdə xəstəxanalara o qədər pullar tökmüşük. Amma şükürlər olsun ki, bu xəstəxanada Allah bizə bala payı verdi. Nə xərcimiz çıxdı, nə də yollarda qalmadıq. İcbari sığortanın tətbiqi bizi maddi sıxıntıdan qurtardı, vaxtımız da, pulumuz da özümüzə qaldı".

Həkim-mütəxəssis Sahilə Səfərovanın sözlərinə görə, gün ərzində müraciət edən 30-40 xəstə başqa klinikalara yollanmadan, elə Abşeron Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur: "Doğum üçün müraciətlər daha çox olur. Xəstələr razıdırlar, doğrudur, gəlmədən öncə şayiələrə qapıla bilərlər, amma gəlib xidməti görəndən sonra fikirlərini müsbət mənada dəyişirlər. Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqi dövlət xəstəxanalarına münasibəti dəyişib. İnsanlar keyfiyyətli xidmət gördükcə yaxşı mənada təəccüblənirlər". 

 

 

 

Maddi-texniki baza və kadr potensialı ən ağır əməliyyatların icrasına imkan verir

 

 

 

Xəstəxananın Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Vüqar Qurbanov da xaricdə təhsil almış həkimlərin işə cəlb olunması proqramı əsasında burada çalışır. Şöbədə təkcə Abşeron sakinlərinə deyil, respublikanın bütün şəhər və rayonlarından gələn xəstələrə də tibbi xidmət göstərilir. Həkimin sözlərinə görə, xüsusilə cənub bölgəsindən, eləcə də Gəncə, Quba və Qusar rayonlarından göndərilən xəstələr çox olur. İcbari tibbi sığortanın göndərişi əsasında şöbəyə yönləndirilən bütün xəstələrə yüksək səviyyədə diqqət və qayğı göstərilir.

"İcbari tibbi sığortanın xidmətlər zərfində olan bütün əməliyyatlar şöbəmizdə mütəxəssislərimiz tərəfindən uğurla icra olunur. Xüsusilə üz-çənə nahiyəsinin travmaları və anadangəlmə patologiyalardan əziyyət çəkən xəstələr sığorta xidməti nəticəsində yüksək səviyyədə əməliyyat olunub sağlamlıqlarına qovuşurlar", - deyə həkim bildirir. Vüqar Qurbanovun sözlərinə görə, ümumiyyətlə, üz-çənə cərrahiyyəsi sahəsində dünyada icra olunan ən son tibbi əməliyyatlar bu xəstəxanada tətbiq olunur. Xəstəxananın gündən-günə güclənən maddi-texniki bazası, kadr potensialı buna imkan verir.

Həkim-mütəxəssis deyir ki, şöbədə yerləşən xəstələrin 80 faizi yol-nəqliyyat hadisələri zamanı travma alanlardır: "Onlar daha çox bölgələrdən müştərək travmalarla göndərilən xəstələrdir. Müştərək travmalara həm beyində, həm də ətraflarda və üz-çənədə olan travmalar aid edilir. Deməli, belə travmaların müayinə və müalicəsi üçün xəstəxanada eyni anda travmatoloqlar, ümumi cərrahlar, LOR və üz-çənə cərrahları olmalıdır. Şükürlər olsun ki, tibbi personalımız ən ağır xəstəliklərin belə müalicəsinə imkan verir".

 

 

 

"İnanmazdım ki, pulsuz belə gözəl xidmət göstərərlər"

 

 

 

Birinci Qarabağ müharibəsi əlili, şəhid atası Rəhman Mehdiyev də sözügedən xəstəxanada əməliyyat olunub. O, buradakı tibbi personalın münasibətindən çox razıdır. Danışır ki, 1992-ci ildə Birinci Qarabağ müharibəsində snayper yarası alıb. Hələ o vaxtlar iki ağır əməliyyat keçirən hərbçi İkinci Qarabağ müharibəsində oğlu Rəşad Mehdiyev şəhid olan zaman insult keçirib. Rəşad Vətən müharibəsində könüllü kimi döyüşlərə qoşulub. Azərbaycan Texniki Universitetinin məzunu, informasiya texnologiyaları üzrə mütəxəssis olan 1997-ci il təvəllüdlü Rəşad Mehdiyev 2020-ci il oktyabrın 20-də Ərgünəş yüksəkliyində şəhid olub.

"Üç il idi ki, evdən çıxmırdım. Cəmi 3 aydır Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsində rəis müavini işləyirəm. O vaxtı keçirdiyim əməliyyatların tikiş yerində bir neçə hissədə yırtıq əmələ gəlmişdi. Bu xəstəxanada əməliyyat olundum, 2 saatdan çox çəkən əməliyyatım uğurlu keçdi. Azər həkimə və İlkin həkimə dərin təşəkkürlərimi bildirirəm. Özümü yaxşı hiss edirəm. Onu da deyim ki, böyük oğlum da hərbçi olub. Qarabağ müharibəsində hər birimiz torpaqlarımızın azadlığı uğrunda döyüşdüyümüz üçün qürur hissi keçirirəm", - deyə Rəhman Mehdiyev vurğulayır.

Xəstəxanaya müraciət edən 80 yaşlı Gülbəs Hüseynova isə artıq bir ilə yaxındır ki, dializ müalicəsi alır. Əvvəllər icbari tibbi sığorta barədə yalnız kimlərdənsə eşidib, amma buraya gələndən sonra deyilənlərin real olduğunun öz gözləri ilə şahidi olub: "İnanmazdım ki, tamam pulsuz-parasız belə gözəl xidmət göstərərlər. Allah bu xəstəxanadakı həkimlərdən, tibb bacılarından, bütün işçilərdən razı olsun. Bura gələnə qədər açığı nə vaxtsa hansısa dövlət xəstəxanasında belə yüksək, təmənnasız və gülərüz xidmət görəcəyəmi  düşünməzdim. Dövlətimizin yaratdığı bu şəraitə görə dərin təşəkkürümü bildirirəm".

Göründüyü kimi, həm həkimlər, həm də vətəndaşlar icbari tibbi sığortanın tətbiqindən razılıq edirlər. Vətəndaş ödəniş etmədən xidmətlər zərfinə daxil olan bütün xidmətlərdən yararlana bilirlər. Məsələn, icbari tibbi sığorta tətbiq edilmədən öncə vətəndaşdan açıq ürək əməliyyatı üçün on min manata yaxın ödəniş tələb edilirdi. Hazırda isə təkcə ürək deyil, digər əməliyyatlar da ödənişsiz şəkildə həyata keçirilir. Abşeron Rayon Mərkəzi Xəstəxanasında da şahidi olduğumuz mənzərə deyilənlərin əyani göstəricisi oldu.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 11 yanvar, ¹ 4.- S.1;8.