Hayastanda iqtisadiyyat iflic olub

 

 

Ölkədə bahalaşma isə bütün sahələri əhatə edib

 

 

 

Hayastanda iqtisadiyyatdan tutmuş siyasət digər sahələrə qədər vəziyyətin daha sürətlə pisləşməsi özünü qabarıq göstərir.

Hakimiyyət əleyhinə yönələn etirazların sayının artması artıq Nikol Paşinyanın istefasının əsas tələb kimi qoyulması vəziyyəti xeyli ağırlaşdırır. Əsasən qeyd olunur ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının yubadılması fonunda Hayastanda ötən il iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər artıb. İqtisadi tənəzzülün davam etməsi isə hakimiyyətin reytinqini sıfıra yaxınlaşdırır.

Qeyd olunur ki, hazırda ölkədə adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlıq isə 9 dəfə aşağıdır. Hayastanın ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür, bu sahədə islahatlara başlamaq barədə təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, Hayastanda kənd təsərrüfatı sahəsində azalma 25-30  faiz təşkil edir.

Bu arada Hayastanda cari ilin ilk ayından etibarən inflyasiyaya görə əhalinin maaşlarından pul tutularaq, müxtəlif fondlara dövlətin xeyriyyə lahiyələri üçün nəzərdə tutulmuş büdcəsinə verilməsi planlaşdırılır. Dövlətin bir sıra qanunvericilik dəyişiklikləri səbəbindən ölkədə kəskin bahalaşma gözlənilir. Məcburi pensiyalar üçün maaşdan ödənilən aylıq məbləğ bu il əhəmiyyətli dərəcədə artacaq.

2024-cü ildə Hayastan sakinləri müxtəlif xidmət məhsullar üçün daha çox pul ödəməli olacaqlar. Xüsusilə paytaxt İrəvanda durumun çox acınacaqlı hal alacağı proqnozlaşdırılır. Belə ki, "News.am" nəşrinin yazdığına görə, İrəvan bələdiyyəsinin büdcəsinin gəlirləri "Qırmızı xətlər" sayəsində kəskin şəkildə artacaq. Nəşr bildirib ki, İrəvanın A B zonalarında "Qırmızı xətlər"də parkinq üçün illik ödəniş artıb.  Xüsusilə Kiçik Mərkəzin daxil olduğu A zonasında ödəniş artıb. Əvvəlki 12 min dram əvəzinə illik 160 min dram müəyyən edilib. B zonasında bu rəqəm 24 min dram təşkil edir. 2024-cü ildə Hayastan sakinləri həmçinin daşınmaz əmlaka görə daha çox pul ödəyəcəklər. 2021-ci ildən etibarən əmlak vergisi dərəcəsinin artırılması davam edir. Vergi yükünün insanları birdən yükləməməsi məqsədilə artım üçün 6 illik keçid dövrü müəyyən edilib. Bu il nəzərdə tutulan məbləğin 45 faizi toplanacaq. 2024-cü ilin əvvəlindən siqaret spirtli içkilərin aksiz vergisi on faiz artırılacaq. Bu, adıçəkilən məhsulların qiymətinin artmasına səbəb olacaq. 2024-cü ilin payızında taksi qiyməti artacaq, çünki sentyabr ayından onlayn taksilərə vergi tutulacaq. İllik ödəniş 1 milyon dram müəyyən edilib. Bu, onlayn taksi xidməti göstərən təşkilatlar tərəfindən ödəniləcək. Hər sifariş üçün alınan pulun bir hissəsi vergi ödəyicisinə köçürüləcək. Nağd ödəniş zamanı tarif 2 faiz, nağdsız ödənişdə isə 1,5 faiz təşkil edəcək. Tədricən faiz artacaq, 2026-cı ildə 5 4 faizə çatacaq.

Qeyd edilib ki, əgər indiyədək insanlar kirayə verilən mənzillərə görə gəlir vergisi ödəmirdilərsə, artıq  bundan yayınmaq mümkün olmayacaq. Kirayə gəlirinin on faizi ödənilməlidir. Əks halda onlar cərimə olunacaqlar. 2024-cü ildə kompleks tibbi sığorta sisteminin tətbiqinə başlanacaq, lakin bu, 2025-ci ildə həyata keçiriləcək. Əvvəlcə tibbi sığorta üçün maaşın 4-6 faizinin tutulacağı müzakirə olunub. Hazırda nazirlik ildə təxminən 200 min dram məbləğində sabit sığorta haqqı variantını müzakirə edir. Hərtərəfli tibbi sığorta haqqında qanunvericilik paketi hələ parlamentə təqdim edilməyib.

Göründüyü kimi, müharibədəki məğlubiyyətdən sonra Hayastan hələ özünə gələ bilmir. Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan ölkə sonu görünməyən tənəzzül dövrünü yaşayır. Əhalinin əvvəlki maaşla yaşaması mümkün olmayacaq. Siyasi ziddiyyətlər paralel şəkildə digər sferalardakı mövcud problemləri dərinləşdirib. Ermənistanda iqtisadiyyat faktiki olaraq iflic olub, əhalinin səfaləti artıb.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 11 yanvar, № 4.- S.1-10.