"Made in Azerbaijan" brendi ilə 14 ölkəyə
ixrac edilir
Bu dəfə Sumqayıt Kimya Sənaye Parkının rezidenti, ölkəmizdə
ilk dəfə termoformasiya metodu ilə vərəqə şüşə istehsal
edən müəssisə
- "AzerFloat"dayıq.
Obyektin və ya müəssisənin bütün avadanlıqlarının
idarə edilməsindən
istehsal planlaşdırılmasına, məhsulda
ən kiçik qüsurları müəyyənləşdirməyə,
bütün prosesləri
izləməyə imkan
verən "SCADA" sistemi
ilə idarə olunan "AzerFloat" 4 ildir ki, fəaliyyətdədir.
Prezident İlham
Əliyevin 2021-ci ildə
açılışını etdiyi müəssisənin
layihələndirilməsi və
qabaqcıl texnologiyalarla
təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində
böyük təcrübəyə
malik "HORN Glass Industries AG" şirkəti tərəfindən
təmin edilib. Müəssisədə İtaliya,
Finlandiya və Çin texnologiyalarından
da istifadə olunur. Avtomatlaşdırılmış
sistem yaradılması
nəticəsində mütəxəssislər
İdarəetmə mərkəzində
oturaraq istehsal prosesini idarə edə bilirlər. Nəticədə dünya
standartlarına uyğun,
keyfiyyətli, tam şəffaf "Karabakh
Glass" şüşə brendi 14 ölkəyə ixrac edilərək Azərbaycanın qeyri-neft
sənayesinin inkişafına
əvəzsiz xidmət
göstərir.
Azərbaycanda ilk
dəfə termoformasiya
üsulu ilə şüşə istehsalını
həyata keçirən
bu müəssisə üç ildir ki, davamlı olaraq, həftənin bütün günü 24
saat işləyir. Avtomatlaşdırılmış sistemdə istehsal prosesini dayandırmaq məqsədəuyğun hesab
olunmur, çünki avadanlıqların dayandırılması
itkilərə səbəb
olur ki, o da əlverişli deyil.
Bu barədə
bizə zavodun mütəxəssisləri məlumat
verdilər. Müəssisəyə
daxil olduqdan sonra ilk üz
tutduğumuz otaq da gənc mütəxəssislərin
yer aldığı istehsalın idarə edildiyi idarəetmə otağıdır.
Şüşə necə
istehsal edilir?
Kompüterlər üzərindən
istehsal prosesini izləyərkən baş
mühəndis Bəxtiyar
İsakov məlumat verdi ki, idarəetmə
prosesi soba və şüşə vərəqənin formalaşdırılması
olaraq iki hissədən ibarətdir:
"Ərimə, şüşənin
formalaşdırılması, bunun üçün ətraf mühitin qorunmasının təmin
edilməsi, bütün
kimyəvi proseslər,
şüşənin tərkibinin
müəyyən olunması
idarəetmə otağından
idarə edilir. Şüşənin istehsal
prosesi şüşənin
əridilməsi, formalaşdırılması
və kəsilib qablaşdırılması olmaqla
üç mərhələdə
həyata keçirilir.
İlkin olaraq şüşənin tərkibi
üçün metallar
lazımi normada qarışdırılaraq "şıxda" tərkibinə
gətirilir".
Mütəxəssis şüşənin tərkibinin
"şıxda" adlandırıldığını
qeyd edərək əlavə edir ki, o, ərinti halına gəldikdən sonra qalay vannasına
axıdılır. Burada
xüsusi termoformasiya üsulu ilə şüşənin qalay
ərintisi üzərinə
yayılaraq formalaşdırılması
prosesi gedir. Bu prosesdə sifarişə uyğun olaraq 2-12 mm qalınlıqda dünya standartlarına cavab verən, tam şəffaf şüşələr
istehsal edilir.
Kompüterdə istehsal
prosesinə diqqət çəkən B.İsakov
deyir ki, zavod gündəlik 250-300 ton olmaqla, illik
10 milyon kvadratmetrə
qədər şüşə
istehsal etmək gücünə malikdir.
Şüşələr formasını aldıqdan,
kəsildikdən sonra
isə robotlar vasitəsilə toplanılır.
Qeyd edək ki, avtomatlaşdırılmış
proqram sistemi, avadanlıqlar Almaniya şirkəti tərəfindən
quraşdırılıb və
şüşə istehsalında
ən son texnologiyadır.
Baş mühəndis
bildirdi ki, zavodda gələcəkdə "Karabakh Glass" adı altında rəngli şüşələrin də
istehsalı planlaşdırılır.
Hazırkı avadanlıqlar
buna imkan verir.
"Əsas məhsulun
keyfiyyətinin yüksək
olmasıdır" deyən
B.İsakov vurğulayır
ki, elə buna görə də zavodun istehsal etdiyi şüşəyə həm
yerli, həm də xarici bazarda tələbat var. Hazırda "Karabakh Glass" şüşələri
Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İrlandiya, Polşa, Hollandiya və digər ölkələrə
ixrac olunur.
15 il davamlı istehsala malik olan zavod
İdarəetmə otağından
istehsal prosesini izlədikdən sonra prosesi bir də
yaxından müşahidə
etmək üçün
istehsal otağına daxil oluruq. İdarəetmə
otağından digər
otağa açılan
qapını keçəndə
isti hava kütləsi ilə üzləşirik. Əraziyə
daxil olduğumuz an temperaturun 40 dərəcədən
yüksək olduğunu
hiss edirik. Burada bizi istehsalın sobadan başlayaraq formalaşdırılmasına qədərki
prosesinə cavabdeh olan baş mühəndis
Okan Altındağ müşayiət
edir. İçəridə
temperaturun neçə
dərəcə olduğunu
soruşduğumuz zaman isə
"İstilik 50-60 dərəcə
üzərindədir. Yay aylarında
daha yüksək olur", - deyə o, cavab verir.
Təbii ki, bu temperaturda qışda belə işləməyin
çətin olduğunu
düşünsək, əslində,
sistemin avtomatlaşdırılması
və bu baxımdan içəridə
əl əməyinə
o qədər də ehtiyac olmaması bizi qane etdi.
Amma mühəndis qeyd
etdi ki, bir neçə saatdan bir əraziyə nəzarət həyata keçirilir ki, hər hansı problem yaranmasın.
Metalların əridildiyi
sobaya çatanda Okan Altındağ sözünə
davam edir: "Şüşənin istehsalı
zamanı yalnız təbii qazdan istifadə olunur. Saatda 2200 kubmetr yanacaq yandırılır.
Mavi qazın fasiləsiz
verilməsi vacibdir. Əks halda dizeldən istifadə etmək lazım gələr". O bildirir
ki, şüşə istehsalında
istifadə olunan əhəngdaşı Azərbaycan
istehsalıdır, digər
xammallar isə Rusiyadan idxal olunur. "Bu, 15 il dayanmadan,
hər gün 24 saat işləyə bilən zavoddur" deyir baş mühəndis.
Daha sonra istini geridə
qoyub şüşənin
formalaşması və
kəsim prosesinin baş tutduğu otağa daxil oluruq. Bu zaman istehsalda baş verən itkilərlə bağlı
sualımızı cavablandıran
Okan Altındağ qeyd
edir ki, günlük istehsalın 280 tonu istismara verilsə də, 20 tona qədəri itki ola bilir. Yəni günlük tam istehsal
91-92 faizdir. Sözünə
davam edən türkiyəli mühəndis
bildirir ki, amma bu, itki sayılmır, çünki həmin şüşə parçaları
avtomatik sistemlə yenidən sobaya qaytarılır və əridilərək istifadə
olunur.
Robotların topladığı
şüşələr
Günümüzdə bütün
dünyada iqlim dəyişmələrinə təsir
edən, hər kəsi narahat edən problemlərdən
biri də müxtəlif sənaye zavodları tərəfindən
havaya normadan artıq buraxılan karbon emissiyalarıdır.
Son illərdə qlobal
istiləşmənin qarşısının
alınması istiqamətində
müxtəlif ölkələr
üzərlərinə müəyyən
öhdəliklər götürürlər.
Bu baxımdan bizi də müasir, tam avtomatlaşdırılmış, dünya standartlarına cavab verən zavodun ekologiyaya təsiri maraqlandırır.
Baş mühəndis deyir
ki, zavodda ekologiyaya ən az karbon
emissiyası buraxan təbii qazdan istifadə olunur ki, bu da müəyyənləşdirilmiş
ekoloji normalardan dəfələrlə azdır.
Bundan başqa, zavodda su soyutma
sistemlərindən istifadə
olunur. Bu zaman isə ağlımıza ilk gələn,
təbii ki, su israfı olur. Amma tam müasir müəssisədə
bunun da həllinin mümkün olduğuna inanıb, nəzərimizi
Okan Altındağa yönəldərək
məsələnin izahını
səbirlə gözləyirik.
"Bu zaman qapalı sistemdə eyni su dövr
edir. Ən az zərərlə işləyirik", - deyə
o, vurğulayır.
Daha sonra Okan Altındağın
da dediyi kimi, prosesin ən maraqlı mərhələsinə
keçirik. Burada bizi robotlar qarşılayır.
İstehsaldan çıxan
şüşələri gözləyən
robotlar həmin an şüşəni götürərək
kənarda toplayırlar.
Qablaşdırmadakı say da sistem üzərindən daxil edilir. Bu prosesi xeyli izlədikdən
sonra kənarda qablara qoyulmuş şüşələrin diqqətimizi
çəkdiyini görən
baş mühəndis
deyir ki, hazır məhsuldan bir neçə saatdan bir nümunələr götürülür.
Sistem kifayət
qədər "ağıllı"dır.
Yəni şüşədə
olan ən kiçik defektləri aşkarlayaraq standartlara uyğun olub-olmadığını
yoxlayıb şüşəni
toplayır, əks halda isə məhsulu qırıcıya,
oradan isə yenidən əritmə sobasına göndərir.
Robotların topladığı
şüşələr isə
digər tərəfdə
qablaşdırılaraq, üzərlərinə
tərkibləri, ölçüləri
ilə bağlı məlumatlar və barkodları vurulur.
"AzerFloat" bu gün Azərbaycanın əsas şüşə
istehsalçısı olmaqla
yanaşı, yüksəkkeyfiyyətli,
regional şüşə emalatçıları
üçün əvəzolunmaz
ünvana çevrilib.
Sumqayıt Kimya Sənaye
Parkının rezidenti
olan zavod modern sənayenin bütün tələblərinə cavab
verərək qeyri-neft
sənayesinin inkişafına
töhfə verən müəssisələrdəndir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.- 12 yanvar,
№ 5.- S.5.